EN

Misirdə azərbaycanlı tədqiqatçı alim məşhur proqramın qonağı olub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qahirə, 4 mart, AZƏRTAC

Hər il Ramazan ayında Misirin Vəqflər Nazirliyi tərəfindən “Alimlərlə görüş” proqramı təşkil olunur. Böyük maraqla qarşılanan proqramın budəfəki qonağı Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov olub.

AZƏRTAC xəbər verir ki, bir saatdan artıq davam edən görüşdə əsrlər boyu Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixindən danışılıb.

Misirin inkişafında azərbaycanlı alimlərin müstəsna xidmətlərindən bəhs edən alim, Misirin baş həkimi Fəthullah İbn Nəfis, baş hakimi Əfzələddin əl-Xunəci, ərəb dili və islam hüququ üzrə alim İbn Hacib əd-Duvini və islamşünas-alim Əbdülhəmid əş-Şirvaninin adlarını xüsusi qeyd edib.

Seymur Nəsirov diqqətə çatdırıb ki, sovet hakimiyyətinin Azərbaycan xalqına göstərdiyi ciddi təzyiqlərə baxmayaraq, xalqımız heç zaman öz dini dəyərlərindən uzaqlaşmayıb.

Görüşün aparıcısı, tanınmış jurnalist Həsən Şazuli Seymur Nəsirovun Misirdə həyata keçirdiyi ictimai və elmi fəaliyyətinə, eləcə də xalqlar arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən birinci dərəcəli “Elm və fənlər” ordeni ilə təltif olunduğunu xatırladıb.

Eyni zamanda vurğulanıb ki, Seymur Nəsirovun təsis etdiyi müəssisələrdə 23 il ərzində yetişdirdiyi minlərlə tələbə bu gün dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.

Qeyd edək ki, “Alimlərlə görüş” proqramına Misirin nüfuzlu alim və şəxsiyyətləri dəvət olunurlar və proqram mediada geniş işıqlandırılır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
5
azertag.az

6Sources