AZ

Misirdə azərbaycanlı tədqiqatçı-alim məşhur proqramın qonağı olub



Hər il Ramazan ayında Misirin Vəqflər Nazirliyi tərəfindən “Alimlərlə Görüş” proqramı təşkil olunur. Böyük maraqla qarşılanan proqramın bu dəfəki qonağı Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov olmuşdur.

Newscenter.az xəbər verir ki, bir saatdan artıq davam edən görüşdə əsrlər boyu xalqlarımız arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmışdır.

S. Nəsirov ərəb mənbələrinə istinad edərək qeyd etmişdir ki, VII əsrin əvvəllərində misirlilərin Azərbaycana köçü baş vermişdir.

Misirin inkişafında azərbaycanlı alimlərin müstəsna xidmətlərindən bəhs edən alim, Misirin baş həkimi Fəthullah İbn Nəfis, baş hakimi Əfzələddin əl-Xunəci, ərəb dili və islam hüququ üzrə alim İbn Hacib əd-Duvini və islamşünas alim Əbdülhəmid əş-Şirvaninin adlarını xüsusi qeyd etmişdir.

S. Nəsirov bildirmişdir ki, sovet hakimiyyətinin Azərbaycan xalqına göstərdiyi ciddi təzyiqlərə baxmayaraq, xalqımız heç zaman öz dini dəyərlərindən uzaqlaşmamışdır.
Görüşün aparıcısı, tanınmış jurnalist Həsən Şazuli qeyd etmişdir ki, Seymur Nəsirov Misirdə həyata keçirdiyi ictimai və elmi fəaliyyətinə, eləcə də xalqlar arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunmuşdur.

Həmçinin vurğulanmışdır ki, S. Nəsirovun 23 il ərzində təsis etdiyi müəssisələrdə yetişdirdiyi minlərlə tələbə bu gün dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.
Qeyd edək ki, “Alimlərlə Görüş” proqramına Misirin ən nüfuzlu alim və mütəfəkkirləri dəvət olunur və proqram kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılır.

Süleyman
Seçilən
2
5
newscenter.az

6Mənbələr