EN

Baş katib: Əsas hədəfimiz Dohada Los-Anceles Olimpiadasına ilk lisenziyaları qazanmaqdır

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan atıcıları üçün beynəlxalq mövsüm yaxın günlərdə start götürəcək. Milli komandalar müxtəlif yaş kateqoriyaları və növlər üzrə Dünya və Avropa çempionatlarında iştirak edəcəklər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

O bildirib ki, Mərakeşdə keçiriləcək stend atıcılığı üzrə Dünya Kuboku federasiyanın əvvəlcədən təsdiq olunmuş təqvim planına daxil edilməyib: “Bu səbəbdən komandamız həmin turnirdə iştirak etməyəcək. Güllə atıcılığı üzrə beynəlxalq mövsüm isə aprel ayının əvvəlində başlayır. Böyüklərdən ibarət yığmamız İspaniyanın Qranada şəhərində keçiriləcək Dünya Kuboku mərhələsində çıxış edəcək. Aprelin sonunda isə gənclərdən ibarət komandamız Misirdə təşkil olunacaq Dünya Kuboku yarışında qüvvəsini sınayacaq”.

Baş katib qeyd edib ki, stend atıcılarımız üçün növbəti beynəlxalq start may ayında Qazaxıstanda təşkil olunacaq Dünya Kuboku olacaq: “Hazırda milli komanda planlaşdırılmış hazırlıq proqramına uyğun olaraq məşqlərini davam etdirir. Mövsüm ərzində nəzərdə tutulan beynəlxalq yarışlarda müntəzəm iştirak planlaşdırılır”.

Emin Cəfərov ilin əsas hədəf yarışının noyabr ayında Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatı olduğunu diqqətə çatdırıb: “Dünya çempionatı böyük əhəmiyyət daşıyır. Çünki həmin yarışda “Los-Angeles-2028” Yay Olimpiya Oyunlarına ilk lisenziyalar uğrunda mübarizə aparılacaq. Bundan əlavə, komandamız il ərzində müxtəlif atıcılıq növləri və yaş kateqoriyaları üzrə keçiriləcək Avropa çempionatlarında da iştirak edəcək. Xüsusilə may ayında Osijek şəhərində 25/50 metr məsafə üzrə, oktyabrda isə Afinada stend atıcılığı üzrə gerçəkləşəcək Avropa çempionatlarında Avropa Oyunlarına vəsiqələr uğrunda mübarizə aparılacaq. Hazırlıq prosesi məhz bu əsas startlara yönəldilib”.

 

Chosen
125
1
azertag.az

2Sources