Keçmiş müstəntiq Müşfiq Abbasovun həbsi ilə bağlı yeni iddia gündəmə gəlib.
Lent.az-ın məlumatına görə, Abbasov məhkəmədə yazıçılıq etdiyini, bir neçə kitabın müəllifi olduğunu söyləyib. O deyib ki, ittiham olunduğu faktlardan biri Azərbaycan Yazıçılar Birliyi və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı yazdığı statusdur.
Sitat: “Statuslarımda konkret ad çəkməmişəm. Lakin bu gün burada ad çəkəcəyəm. Məsələn, keçmiş vəkil Adəm Məmmədovun cəmi bir kitabı çıxmışdı və Yazıçılar Birliyinin üzvü idi. Əgər Yazıçılar Birliyi nizamnamə ilə idarə olunursa, niyə başqasının iki-üç kitabı çıxdığı halda Yazıçılar Birliyi onu üzvlüyə qəbul etmir. Ancaq bir kitabı çıxmış şəxsi qəbul edir. Bununla bağlı mən öz müstəqil fikrimi və iradımı yazmışam.
Demişəm ki, Çingiz Abdullayev hüquq elmləri doktorudur. Detektiv yazardır. Mən hüquqşünas yazıçı kimi yüzlərlə insanın hüquqi sualını təmənnasız cavablandırmışam, kömək etmişəm, yol göstərmişəm. Amma hüquq elmləri doktoru olan Çingiz Abdullayev bir nəfərə hüquqi məsləhət veribmi?”
Doğrudanmı Müşfiq Abbasovun həbs səbəblərindən biri AYB və xalq yazıçısı Çingiz Abdullayev haqda yazdığı statusdur?
AYB-dən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, deyilənlər əsassızdır:
“Azərbaycan Yazıçılar Birliyi sözügedən şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib. Bu günə qədər Yazıçılar Birliyində bir neçə nəfər məhkəməyə verilib və bunu açıq şəkildə media vasitəsilə ictimailəşdirmişik. Məhkəmə çəkişmələrində isə, təbii ki, Yazıçılar Birliyi haqlı olub və məhkəməni qazanıb. Müşfiq Abbasovun həbsinin bizə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, orda ittiham maddəsi qeyd olunur. Qanunla yayılması qadağan edilən informasiya ilə bağlı maddə AYB və digər ictimai təşkilatlarla heç bir əlaqəsi olmadığını göstərir. Yəni bu məsələdə biz heç bir ittiham altında deyilik”.
Çingiz Abdullayev məsələsinə gəlincə, qurum qeyd edib ki, həmin statusdan Ç.Abdullayevin xəbəri olmayıb:
“Sonuncu məsələ nizamnamə ilə bağlıdır. Yazıçılar Birliyinin nizamnaməsinə əməl olunub-olunmaması qəbul komissiyasının müəyyən etdiyi qaydalara uyğun müəyyən edilir. Bir şəxsin Yazıçılar Birliyinə üzvlüyə qəbul olunması üçün müəyyən şərtlər mövcuddur. İstisnalar isə hər zaman mümkündür. Məsələn, bir kitabı, iki kitabı və ya üç kitabı olan şəxs üzvlüyə qəbul oluna bilər. Bəzən isə mətbuatda tanınmış əsərləri olan şəxslər də üzv ola bilir”.