EN

Birinci Türkoloji Qurultay türk xalqları irsinin öyrənilməsində yeni mərhələnin başlanğıcı olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultayda türk dillərinin tarixi və inkişafı məsələləri” mövzusunda elmi seminar keçirilib. Seminar 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Seminarda BDU-nun Türkologiya kafedrasının professoru Elbrus Əzizov məruzə ilə çıxış edib. Məruzədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və ictimai fikir tarixində tutduğu mövqedən ətraflı bəhs olunub. Qeyd edilib ki, Qurultay yalnız elmi hadisə deyil, türk xalqlarının ortaq mədəni və dil irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində yeni mərhələnin başlanğıcı olub. Qurultayda türk dillərinin tarixi inkişaf mərhələləri, genetik və tipoloji xüsusiyyətləri, qarşılıqlı qohumluq əlaqələri, qədim türk yazılı abidələrinin – xüsusilə Orxon-Yenisey kitabələrinin dilçilik baxımından təhlili əsas müzakirə mövzuları sırasında yer alıb. Bu müzakirələr türkologiyanın metodoloji əsaslarının formalaşmasına mühüm təsir göstərib.

Məruzədə qurultay çərçivəsində əlifba, orfoqrafiya və terminologiya məsələlərinin də geniş şəkildə müzakirə edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, həmin dövrdə türk xalqları üçün vahid və ya uyğunlaşdırılmış əlifba sisteminin yaradılması ideyası elmi baxımdan ciddi əsaslandırılmağa çalışılıb və bu istiqamətdə irəli sürülən fikirlər sonrakı onilliklərdə aparılan islahatlara zəmin yaradıb.

Professor vurğulayıb ki, Birinci Türkoloji Qurultayda müzakirə olunan problemlər və irəli sürülən elmi qənaətlər bu gün də türk dillərinin tarixi və inkişafının öyrənilməsi baxımından əhəmiyyət daşıyır və müasir türkoloji araşdırmalar üçün zəngin elmi mənbə rolunu oynayır.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru İlhamə Hacıyeva və baş müəllimi Ramil Bayramov çıxışlarında Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni həyatında mühüm rola malik olduğunu vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
147
azertag.az

1Sources