Çoxsaylı boru kəmərləri vasitəsilə qaz tədarükünə görə dünyada birinci yerdəyik
Bu gün Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunun möhkəmlənməsinə şərait yaradıb. Məhz bu uğurun davamı kimi martın 3-də paytaxtımızda növbəti beynəlxalq tədbir keçirilib. Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları beynəlxalq aləmin diqqət mərkəzində olub. Tədbirdə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə investisiya dəyirmi masası da təşkil edilib.
Prezident sözügedən tədbirdə çıxış edərək bildirib ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik: «Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi».
Son bir neçə ildə Azərbaycan dövləti yaşıl enerji sahəsində ciddi hədəflərə çatmaq üçün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər irəli sürməklə bərabər, həm də önəmli layihələr həyata keçirib. Məhz belə mühüm işlərin nəticəsi olaraq yaşıl enerji mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı ölkəmizin enerji strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə respublikamızda bərpaolunan enerji mənbələrinin miqyasının genişləndirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Məhz buna görə də 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas vəzifə kimi irəli sürülüb.
Aydın görünür ki, Azərbaycanın yaşıl enerji imkanlarının maksimum səviyyədə genişləndrilməsi ölkəmizə əhəmiyyətli dərəcədə iqtisadi dividendlər qazandıracaqdır. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub : « Layihə «ACWA Power» tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə «Masdar» şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik».
Beynəlxalq tədbirdə vurğulanıb ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. Prezident İlham Əliyev bu barədə deyib : «Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.»
Xatırladaq ki, Azərbaycanın bərpaolunan enerji strategiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2021-ci ilin fevralında qəbul edilmiş «Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri»nə əsaslanır. Məhz 5 əsas milli prioritetdən biri olan «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi» tendensiyası «yaşıl enerji»nin inkişafına yeni imkanlar yaradır.
Hazırda Azərbaycan beynəlxalq aləmdə enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim borular vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Yəni, Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Ümumiyyətlə, bu gün ölkəmiz 12 dövlətə qaz tədarük edir. Lakin Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı isə 16-ya çatıb. Məhz respublikamız boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir.
Elçin Zaman, «İki sahil»