EN

BƏƏ: Dialoq vasitəsilə sabitliyin təmin olunmasını vacib hesab edirik

Bakı, 5 mart, AZƏRTAC

BƏƏ hökuməti Yaxın Şərqdə artan hərbi gərginlik fonunda ölkədə təhlükəsizlik, diplomatik fəaliyyət və iqtisadi sabitliklə bağlı vəziyyətə dair media brifinqi keçirib.

Azərbaycanın BƏƏ-dəki Səfirliyindən AZƏRTAC-a bildirilib ki, brifinqdə Müdafiə Nazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq, İqtisadiyyat və Turizm, Daxili İşlər Nazirliyi, eləcə də Milli Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarə Edilməsi qurumunun nümayəndələri çıxış edərək görülən tədbirlər barədə məlumat veriblər.

Müdafiə Nazirliyinin rəsmi sözçüsü briqada generalı pilot Abdul Nasser Al Humaidi bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətindədir və müxtəlif hava təhdidlərinin qarşısının alınması üçün tədbirlər görülür. Onun sözlərinə görə, son günlər baş verən hadisələr fonunda müdafiə qüvvələri hava məkanının qorunması istiqamətində əməliyyat fəaliyyətini davam etdirir.

Beynəlxalq Əməkdaşlıq üzrə dövlət naziri Reem bint İbrahim Al Haşimi isə çıxışında BƏƏ-nin regionda gərginliyin azaldılmasının və münaqişələrin diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğulayıb. Nazir qeyd edib ki, mövcud böhran fonunda BƏƏ beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirir və dialoq vasitəsilə sabitliyin təmin olunmasını vacib hesab edir.

İqtisadiyyat və Turizm naziri Abdulla bin Tuq Al Marri bildirib ki, ölkədə iqtisadi fəaliyyət sabit şəkildə davam edir. Onun sözlərinə görə, bazarlarda əsas məhsullar üzrə kifayət qədər strateji ehtiyat mövcuddur, təchizat zəncirləri normal fəaliyyət göstərir və qiymət sabitliyi nəzarətdə saxlanılır. Ölkə üzrə strateji ərzaq ehtiyatları bazarın tələbatını bir neçə ay müddətində təmin etməyə imkan verir və bazarların gündəlik monitorinqi aparılır.

Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü briqada generalı Abduləziz Al Əhməd ölkə üzrə təhlükəsizlik vəziyyətinin sabit olduğunu və hüquq-mühafizə orqanlarının yüksək hazırlıq rejimində fəaliyyət göstərdiyini qeyd edib.

Milli Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarə Edilməsi qurumunun rəsmi sözçüsü Dr.Saif Al Zahiri isə bildirib ki, bütün dövlət qurumları arasında koordinasiya gücləndirilib, əsas xidmətlər – enerji, su, nəqliyyat, səhiyyə və telekommunikasiya sistemləri fasiləsiz fəaliyyət göstərir.

Brifinqdə, həmçinin vurğulanıb ki, ölkədə gündəlik həyat normal şəkildə davam edir və bütün həyati əhəmiyyətli sektorların fəaliyyətinin davamlılığını təmin etmək üçün qabaqlayıcı planlar aktivləşdirilib.

Rəsmi şəxslər vətəndaşları və ölkədə yaşayanları məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə və təhlükəsizlik təlimatlarına riayət etməyə çağırıblar.

Chosen
6
2
azertag.az

3Sources