EN

Naxçıvan hadisəsi: İran niyə “uşaq qatili rejim” adlandırılır?

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikası istiqamətində hücum həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digərləri isə ətraf ərazilərə düşüb. Məlumata görə, dronlardan biri Şəkərabad kəndində yerləşən məktəbin yaxınlığına düşüb. Hücum nəticəsində terminal binasına ciddi ziyan dəyib, dağıntılar qeydə alınıb, iki nəfər isə xəsarət alıb.

Hadisə təkcə hərbi və təhlükəsizlik kontekstində deyil, həm də siyasi və ideoloji baxımdan ciddi suallar doğurur. Çünki söhbət yalnız bir dron zərbəsindən getmir. Bu, uzun illərdir davam edən siyasətin növbəti təzahürüdür. Dərs vaxtı, uşaqlar məktəbdə olarkən tədris müəssisəsinin vurulması İranın əsl simasını açıq şəkildə nümayiş etdirir. ABŞ və Avropa İttifaqının hərbi missiyası və müşahidə strukturları isə Azərbaycanda deyil, məhz Ermənistanda yerləşir. Buna baxmayaraq, İran öz ittihamlarının hədəfini yenə Azərbaycana yönəldir və mülki infrastrukturu, məktəbləri, uşaqları hədəf alır. Bu fakt bir daha göstərir ki, molla rejimi regionda real təhlükəsizlik arqumentləri ilə deyil, siyasi və ideoloji motivlərlə hərəkət edir. Nəticədə isə ortaya çıxan mənzərə molla rejiminin iç üzünü,mülki insanlara və uşaqlara qarşı yönəlmiş qəddar simasını açıq şəkildə nümayiş etdirir.

Sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı məsələ ilə bağlı sərt mövqe ortaya qoyaraq Musavat.com-a bildirib ki, İranda molla rejimi hakimiyyətə gəldiyi gündən bu günə qədər Azərbaycana qarşı müxtəlif formalarda hücum siyasəti aparıb. Onun sözlərinə görə, bu hücumlar təkcə hərbi zərbələrlə məhdudlaşmır:

“İranda molla rejimi hakimiyyətə gələndən bu günə qədər Azərbaycanın məktəblərinə, mədəniyyət ocaqlarına, tarixinə və heysiyyətinə zərbələr endirib. Dilimizi qadağan edib, məktəbləri bağlayıb, ana dilində danışmağa məhdudiyyət qoyub, tariximizi unutdurmağa çalışıb. Azərbaycana qarşı assimilyasiya siyasəti yürüdüb. Bunların hamısı əslində məktəbə atılan bomba kimidir”.

Rüstəmxanlının fikrincə, bu gün baş verən hadisələrə yalnız cari siyasi gərginlik kimi baxmaq yanlış olardı. O hesab edir ki, bu proseslərin kökü onilliklər əvvələ gedib çıxır:

“Biz bu gün baş verən hadisələrdən danışarkən düşünməməliyik ki, bu məsələlər yeni yaranıb və ya İran bunu indi təşkil edir. Bu mövzu üzərində biz gələcək haqqında on illərlə düşünmüşük. Mən hələ 1998-ci ildə Əli Xameneiyə məktub yazmışdım. Həmin məktubda qeyd etmişdim ki, sizdə İslam Cümhuriyyəti adlanan bir dövlət var, amma əslində orada İslamın prinsipləri yoxdur. Orada fars şovinist rejimi hökm sürür”.

Onun sözlərinə görə, həmin məktub geniş şəkildə yayılıb, müxtəlif əlifbalarda çap olunub və fars dilinə də tərcümə edilib. Təxminən on ildən sonra bu məktuba cavab gəlsə də, mövqenin mahiyyəti dəyişməyib:

“Mən cavabımda da bildirdim ki, biz bunu düşmənçilik niyyəti ilə yazmırıq. Düşmənçilik heç kimə fayda gətirmir. Sadəcə deyirik ki, din belə olmaz, Allah anlayışı belə təqdim edilə bilməz”.

Rüstəmxanlı qeyd edir ki, bu gün regionda yaranan gərginliklər fonunda İranın davranışı qonşu dövlətləri də risk altında qoyur: “Türkiyənin xarici işlər naziri Hakan Fidanın da son açıqlamalarında İranın mümkün qarşıdurmalara digər ölkələri cəlb etməyə çalışdığına diqqət çəkdiyini xatırladan sabiq deputat bildirir ki, rəsmi Tehran tez-tez Azərbaycanda guya ABŞ və ya İsrail hərbi bazalarının yerləşdiyini iddia edir. Halbuki bu iddiaların heç bir faktiki əsası yoxdur.

Naxçıvana dron zərbəsi təkcə taktiki addım deyil, həm də siyasi mesajdır. Lakin bu mesajın hədəfi hərbi obyekt yox, mülki infrastruktur olduqda, məsələ artıq beynəlxalq hüquq müstəvisinə keçir.

Məsələn, dronlardan birinin məktəb yaxınlığına düşməsi təsadüfi epizod kimi təqdim olunsa da, bu cür hadisələr regionda ciddi narahatlıq yaradır. Çünki məktəblər, hava limanları və digər mülki obyektlər beynəlxalq humanitar hüquqa görə hücumdan qorunan obyektlər sayılır”.

Sabir Rüstəmxanlının fikrincə, əgər bir rejim valideynləri öldürür, uşaqları həbs edir və onların ana dilində danışmaq hüququnu əlindən alırsa, bu artıq təkcə siyasi problem deyil, humanitar faciədir.

“Uşaqların gözü qarşısında valideynlərini öldürmək onların gələcəyini məhv etmək deməkdir. Bu, mənəvi baxımdan uşaq qatilliyidir. Uşaqların ana dilində danışmaq haqqını əlindən almaq da onların mənəvi həyatını məhv etməkdir. Belə bir rejimi insanlıq və mədəniyyət düşməni adlandırmaq təəccüblü deyil”.

Onun sözlərinə görə, İranın daxilində böyük və qədim mədəniyyətə sahib xalq yaşayır və həmin xalqın ləyaqəti də bu siyasətin girovuna çevrilib.

“İranın böyük mədəni irsi var, İran xalqının öz ləyaqəti var. Əgər vaxtında islahatlar aparılsaydı, bu qədər gərginlik və zülm yaranmazdı”.

Şahanə Rəhimli
Musavat.com

Chosen
100
50
musavat.com

10Sources