İranın region siyasəti son illərdə getdikcə daha çox mübahisələr və gərginliklərlə müşayiət olunur. Tehran rəsmiləri tez-tez özlərini bölgədə sabitliyin tərəfdarı kimi təqdim etməyə çalışsalar da, faktiki proseslər bunun əksini göstərir. İranın müxtəlif regional məsələlərdə sərgilədiyi sərt və qarşıdurma yönümlü siyasət təkcə qonşu ölkələrlə münasibətləri gərginləşdirmir, həm də nəticə etibarilə elə İranın özünün siyasi və diplomatik mövqeyinə zərbə vurur.
Başqa sözlə, Tehran tərəfindən aparılan bu siyasət loru dillə desək, sonda yenə İranın öz başında “çatlayır”.
Son günlər baş verən hadisələr də bunu bir daha nümayiş etdirdi. Martın 5-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumları regionda ciddi narahatlıq doğurdu. Hücum nəticəsində mülki infrastruktura ziyan dəydiyi və mülki şəxslərin xəsarət aldığı bildirildi. Bu hadisə təkcə Azərbaycan cəmiyyətində deyil, regionda və beynəlxalq səviyyədə də diqqətlə izlənildi. Bir çox dövlətlər baş verənləri ciddi təhlükə kimi qiymətləndirərək Azərbaycanla həmrəylik nümayiş etdirdilər. Müxtəlif ölkələrin rəhbərləri və rəsmiləri Azərbaycan Prezidenti ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlıqlarını və dəstəklərini ifadə etdilər.
Baş verənlər regionda formalaşan yeni siyasi reallığın da göstəricisi kimi dəyərləndirilir. Uzun illər davam edən münaqişədən sonra Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və regionda yeni əməkdaşlıq mərhələsinin başlanmasına çalışır. Maraqlı məqamlardan biri isə odur ki, vaxtilə Azərbaycanın əsas rəqibi sayılan Ermənistan belə hazırda sülh gündəliyinin irəli aparılmasının vacibliyini vurğulayan mövqe nümayiş etdirir. Bu, regionda dəyişən siyasi balansın və yeni reallıqların ən diqqətçəkən göstəricilərindən biridir.
Məhz bu kontekstdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında baş tutan telefon danışığı xüsusi diqqət çəkir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı zamanı regionda baş verən son hadisələr müzakirə olunub. Tərəflər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb və sabitliyin qorunmasının əhəmiyyətini qeyd ediblər. Ceyhun Bayramov erməni həmkarını Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb, hücumların mülki infrastruktura ziyan vurduğunu və mülki şəxslərin xəsarət alması ilə nəticələndiyini diqqətə çatdırıb.
Telefon danışığı zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini də qeyd ediblər. Bu məqam xüsusilə diqqətəlayiqdir. Çünki illər boyu müharibə və qarşıdurma şəraitində olan iki ölkənin diplomatik kanallar vasitəsilə regionda sabitliyin qorunmasını müzakirə etməsi yeni siyasi mərhələnin formalaşdığını göstərir. Bu vəziyyət bir tərəfdən regionda sülh və əməkdaşlıq imkanlarının artdığını göstərirsə, digər tərəfdən də bəzi aktorların apardığı gərginlik siyasətinin getdikcə daha çox təcrid olunmasına səbəb olur.
İranın son addımları isə bu mənzərədə xüsusilə ziddiyyətli görünür. Tehran uzun müddətdir ki, regionda öz maraqlarını qorumaq adı ilə müxtəlif sərt bəyanatlar və təzyiq elementləri ilə çıxış edir. Lakin bu siyasət faktiki olaraq İranın region ölkələri ilə münasibətlərini daha da mürəkkəbləşdirir. Azərbaycanla münasibətlərdə tez-tez gərgin ritorika istifadə olunması, müxtəlif ittihamların səsləndirilməsi və son hadisələr fonunda baş verən insidentlər İranın diplomatik mövqeyinə mənfi təsir göstərir.
Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, Tehran tərəfindən aparılan bu qarşıdurma siyasəti regionda gözlənilən nəticəni vermir. Əksinə, Azərbaycan beynəlxalq müstəvidə daha geniş dəstək qazanır, region dövlətləri isə sabitlik və əməkdaşlıq gündəliyini ön plana çıxarmağa çalışırlar. Ermənistanın belə bu prosesdə sülh sazişi məsələsini gündəmdə saxlaması və diplomatik kanallar vasitəsilə əlaqələri davam etdirməsi göstərir ki, regionda yeni yanaşma formalaşır.
Bu kontekstdə İranın sərgilədiyi siyasət getdikcə daha çox təcrid olunmuş mövqe kimi görünür. Tehran regionda gərginlik yaratmaq əvəzinə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə versəydi, həm öz maraqlarını daha effektiv şəkildə qoruya bilərdi, həm də bölgədə sabitliyə real töhfə verə bilərdi. Lakin mövcud yanaşma bunun əksini göstərir və nəticədə Tehran özü üçün əlavə diplomatik problemlər yaradır.
Regionda formalaşan yeni siyasi mənzərə isə fərqli istiqamətdə inkişaf edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra regionda sabitlik və əməkdaşlıq gündəliyini irəli sürür. Ermənistan da bu reallığı nəzərə alaraq sülh prosesinə daha çox diqqət yetirməyə çalışır. Beynəlxalq ictimaiyyət isə regionda gərginliyin artmasını deyil, məhz sabitliyin qorunmasını və dialoqun davam etdirilməsini dəstəkləyir.
Bütün bunların fonunda İranın sərt və qarşıdurma yönümlü siyasəti daha da paradoksal görünür. Çünki bu siyasət nə region ölkələrinin maraqlarına xidmət edir, nə də İranın öz mövqeyini gücləndirir. Əksinə, baş verən hadisələr göstərir ki, bu yanaşma getdikcə daha çox İranın öz diplomatik mövqeyini zəiflədir və regionda formalaşan yeni əməkdaşlıq mühitindən onu kənarda qoyur.
Nəticə etibarilə, bölgədə yaranan yeni siyasi reallıq bir həqiqəti açıq şəkildə göstərir: region ölkələri getdikcə daha çox sabitlik, sülh və əməkdaşlıq istiqamətində addımlar atır. Bu prosesə qarşı çıxan və ya gərginliyi artıran siyasətlər isə uzunmüddətli perspektivdə həmin siyasəti yürüdən dövlətlərin özlərinə qarşı işləyir. İranın son addımları da məhz belə bir vəziyyətin formalaşdığını göstərir.
Əli SƏFƏRLİ