ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşəbbüsü ilə Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Təlim Mərkəzinin nümayəndələri ilə onlayn görüş keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək müfəttişliyi sahəsində yeni təlim üsullarının öyrənilməsi məqsədilə VR texnologiyaları və süni intellektə əsaslanan avatar məhsullarının tətbiqi imkanları barədə təqdimat edilib, bu sahədə mövcud həllər nümayiş etdirilib. Həmçinin həmin texnologiyaların əmək müfəttişlərinin peşə hazırlığında tətbiqi və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Bildirilib ki, İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzi əmək müfəttişliyi, əməyin mühafizəsi, sosial müdafiə, layiqli əmək, risk əsaslı nəzarət və rəqəmsallaşma sahələrində müxtəlif təlim proqramları həyata keçirir.
Qeyd olunub ki, VR texnologiyaları və süni intellektə əsaslanan avatar məhsulları əmək müfəttişlərinin real iş mühitinə yaxın şəraitdə praktiki bacarıqlarını inkişaf etdirməsinə və qərarvermə bacarıqlarının güclənməsinə kömək edir. Həmin texnologiyaların tətbiqinin əmək müfəttişlərinin peşə hazırlığının və ümumilikdə müfəttişlik fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verə biləcəyi vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.