EN

Salome Samadaşvili: “Yeni qanunlar siyasi fəaliyyətə qarşı istifadə oluna bilər” – ÖZƏL

"Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Salome Samadaşvili hakim "Gürcü Arzusu" partiyasının qəbul etdiyi yeni qanunları sərt tənqid edib. O bildirib ki, bu qanunlar məzmun etibarilə absurddur və onların tam şəkildə icrası faktiki olaraq mümkün deyil.

Olaylar.az xəbər verir ki, Samadaşvili sosial şəbəkədə yazdığı paylaşımda qeyd edib ki, qəbul olunan qanunların praktikada seçici şəkildə tətbiq olunacağı ehtimalı böyükdür. Onun sözlərinə görə, bu qanunlar müəyyən şəxslərin siyasi fəaliyyətinin qadağan edilməsi, eləcə də ayrı-ayrı şəxslər və ya təşkilatlara qarşı cinayət təqibinin aparılması üçün əsas kimi istifadə edilə bilər.

"'Gürcü Arzusu' tərəfindən qəbul edilən yeni qanunlar məzmun baxımından absurddur və onların icrası tam mümkün deyil. Aydındır ki, bu yarıtmaz qanunlar seçici şəkildə tətbiq olunacaq - konkret insanların siyasi fəaliyyətini qadağan etmək, müəyyən şəxsləri və ya təşkilatları cinayət məsuliyyətinə cəlb etmək üçün istifadə ediləcək", - deyə o bildirib.

Samadaşvili həmçinin vurğulayıb ki, qəbul edilən bütün bu qanunlar Gürcüstan Konstitusiyasını pozur. Onun fikrincə, gec-tez Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələ ilə bağlı qərar vermək imkanı əldə edəcək.

Müxalif siyasətçi əlavə edib ki, bu qanunların qəbulu siyasi baxımdan ölkədə mövcud hakimiyyətin avtoritar mahiyyətini daha da gücləndirir və beynəlxalq müstəvidə Gürcüstanın təcrid olunmasına səbəb ola bilər.

"'Gürcü Arzusu' bataqlığa düşmüş və hər yeni hərəkəti ilə daha da dərinliyə batmaqda olan insana bənzəyir", - deyə Samadaşvili qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
121
olaylar.az

1Sources