EN

Soruşduq bankdan, cavab gəldi robotdan – ABB-də nə baş verir?

Bir həftə əvvəl təqaüdçü vətəndaşın şikayəti ilə bağlı ABB bankın mətbuat katibinə sorğu göndərdim. Məsələ sadə idi: vətəndaş bankın pensionerlər üçün elan etdiyi faiz endirimləri ilə bağlı reklamları görüb və bundan yararlanmaq istəyib. Lakin bankdan çıxandan sonra evdə hesablayanda görüb ki, nə faiz gözlədiyi kimidir, nə də kredit “güzəştli”dir. Üstəlik, bank ona sadəcə ödəyəcəyi məbləği göstərən bircə vərəq kağız verib.

Bilirsiniz də, bankda heç kim bir saat oturub qaydaları sakitcə oxumaq şansı qazanmır. Növbə, tələskənlik, prosedur… nəticədə vətəndaş imzalayır və sonra evdə hesablayanda anlayır ki, məsələ bir az fərqlidir. Şikayətçi həm ödədiyi rüsumu geri almaq, həm də götürdüyü pulu xərcləmədən geri qaytarmaq istəyirdi. Yəqin ki, belə vəziyyətə düşən tək o deyil.

Bu məsələ ilə bağlı bankdan cavab gözləməyə başladım. Günlər keçdi. İnanın, həyat yoldaşımın işdən gəlməsini bu qədər dörd gözlə gözləməmişəm. ABB bankdan cavab gözləmək insanın səbrini Zen səviyyəsinə çatdırır.

Əslində bu ilk dəfə deyil. Bir müddət əvvəl ABB bankın “gov.az” portalında, hətta gecə saatlarında bir çox vətəndaşın şəxsi məlumatlarını sorğuladığı ortaya çıxmışdı.

Mənim də başıma gəlmişdi. Halbuki şəxsi məlumat sorğusu funksiyasını bağlamışdım. O zaman da saatlarla cavab gözlədim. Axşam saatlarında nəhayət cavab gəldi: məlum olub ki, bunu robot edib.

Robot.

Xatırladım ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsində şəxsi toxunulmazlıq barədə qanun var.

Yəni məsələ bağlandı. Günahkar texnologiya oldu. Robot yazıqdır, amma məsuliyyət məsələsində çox rahat “işçi”dir. O heç etiraz da etmir, maaş da almır.

İndi təsəvvür edin: sabah imkanlı bir şəxsin hesabında qəfil kiberhücum baş verə, vəsaiti yoxa çıxa… Vətəndaş əvvəl hüquqşünas rəyini gözləyəcək, sonra bank daxilində müdiriyyətin təsdiqini…

Sonda isə böyük ehtimalla məlum olacaq ki, bunu da robot edib. Yazıq robot, bank sektorunun görünməyən günah keçisi.

Əlbəttə, ədalətli olmaq lazımdır. ABB bankın komissiyasız ödəniş siyasəti həqiqətən yaxşı addımdır. Əyri oturaq, düz danışaq. Amma bir məsələ də var: vətəndaş dinlənilmirsə, media sorğularına laqeyd yanaşılırsa, o zaman bankın müasir xidmətləri bir qədər robotlaşmış ünsiyyətlə kölgədə qalır.

Düzünü desəm, cavabı bu qədər həsrətlə gözləməkdənsə, çoxdan “qlobala çıxardım”. Axı qlobala çıxan müğənnimizdən nəyim əskikdir? Sadəcə fərq ondadır ki, onlar səhnəyə çıxır, biz isə bəzən bir cavab almaq üçün səhnə arxasında, komputer qabağında günlərlə gözləyirik.

Belə getsə, bank sektorunda yeni vəzifə yaranacaq: “Günahkar Robot”. Nə soruşsan, – “o edib”, nə baş versə, – “o günahkardır”.

Görünür bankın ən çalışqan əməkdaşı da elə robotdur.

Dəniz Pənahova
KONKRET.az

Chosen
118
1
konkret.az

2Sources