EN

Molla rejiminin dəyişməyən xisləti: Tehran regionu xaosa sürükləyir

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Analitik: “Ölüm-qalım mübarizəsi aparan rejim total müharibə məntiqi ilə bütün regionu xaosa sürükləməyə çalışır”

Ötən gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

İranın bu təxribat-terror əməlinə rəsmi Bakıdan sərt reaksiya verilib. İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim olunub. Bununla yanaşı, Prezident İlham Əliyev təcili şəkildə Təhlükəsizlik Şurasının iclasını keçirib. Ölkə başçısı çıxışında Tehranın ünvanına kəskin ifadələr işlədib və hücumlara görə İran qarşısında tələblər qoyub.

Naxçıvana dron hücumları beynəlxalq aləmdə də kəskin reaksiyalara səbəb olub. Əksər ölkə Azərbaycana hücumu pisləyib, bunun regionda gərginliyə xidmət etdiyini bildirib.

ABŞ və İsraillə müharibə aparan İranın Azərbaycana hücumu hadisəsi, bunun səbəbləri və nəticələri ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, İran rejiminin PUA-larla Naxçıvan hava limanına hücumunun iki hədəfi var:

- Birincisi, İran müharibəni regional müstəviyə yayırlar. Region ölkələrində mülki obyektlərə - hava limanları, enerji infrastrukturu və otellərə hücum edən İran rejimi müharibə arealını genişləndirməklə ABŞ və İsrailin hücumlarına qarşı müxalif mövqeyi gücləndirəcəyini hesab edir. Əsasən Körfəz ölkələrini hədəfə alan İranın bir gün əvvəl Türkiyəyə, dünən isə Azərbaycana hücum etməsi müharibəni Yaxın Şərqdən sonra bizim regionumuza da köçürmək planının tərkib hissəsidir.

İkinci hədəfə gəlincə, Naxçıvan Hava Limanına – strateji nöqtəyə hücum Azərbaycana qarşı birbaşa təhdid xarakteri daşıyır. Bu hücumun Prezident İlham Əliyevin Bakıdakı İran səfirliyini ziyarət etməsi və Ali Lider Xameneyinin ölümünə görə başsağlığı verməsindən bir gün sonra baş verməsi molla rejiminin mahiyyətini ortaya qoyur. Və bir daha əminlik yarandı ki, molla rejimi təkcə İran xalqı üçün yox, həm də bgütün region üçün təhlükə mənbəyidir.

- Prezidentin Təhlükəsizlik Şurasının iclasında verdiyi mesajlar və xəbərdarlıqları necə qiymətləndirmək olar?

- Prezident İlham Əliyev Naxçıvana hücumla bağlı İran qarşısında açıq tələblər qoydu: İran Azərbaycana izahat verməli və üzr istəməlidir, bgu hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir. Bakı ilk addım kimi diplomatik yollarla lazımi addımlar atacaq. Lakin hər şey bununla yekunlaşmır. İran rejimi qarşısında iki seçim var: ya hücuma görə Azərbaycanın tələblərini qəbul etməlidir, ya da adekvat addımla üzləşəcək.

Ali Baş Komandan Silahlı Qüvvələrimizə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı təlimat verib. Ordu bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr istənilən əməliyyata hazır olmalıdır.

İranın Naxçıvana hücumuna Bakının reaksiyası, xüsusilə ordunun bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi “Azərbaycanı İran avantürasına cəlb edəcəklər” iddialarına yol açıb. Bundan təbliğat məqsədilə istifadə edənlər də var.

Təbii ki, Azərbaycanı İran müharibəsinə qoşmaq istəyənlər ola bilər, lakin Əliyevi belə avantüraya çəkə bilməzlər. Təcrübə ilə təsdiqlənib: Bakı nə milli və strateji marağı olmayan prosesə qoşulur, bəzən qoşulmuş kimi görünsə belə, praktiki müstəvidə gedişlər etmir, nə də Azərbaycan əsgərini başqa maraqlara qurban verir. Bunun son nümunəsini Qəzza məsələsində gördük.

İranın Naxçıvana hücumuna – Azərbaycanın suveren ərazisinə müdaxiləsinə diplomatik müstəvidə lazımi cavab verildi. Ordunun bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi isə mövcud vəziyyətdə “strateji çəkindirmə” məqsədi daşıyır. Çünki İran rejimi “güc dili”ndən anlayır. Ermənistanın müdafiəsi məqsədilə sərhədimizə “ləşkər” toplayanda da Azərbaycanın adekvat reaksiyası qarşısında irəliləyə bilmədilər.

İran rejiminin Naxçıvandan sonra yenidən hücum etməyəcəyinə zəmanət yoxdur, əskinə belə ehtimal daha çoxdur. Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirməklə İrana Əliyevin dediyi kimi, “istənilən cavab əməliyyatına hazırıq” mesajı verir. Gələcək addımlar isə yaxın dövrdə İranda baş verənlərə uyğun ola bilər.

- Yəni ki, İranın bundan sonra da Azərbaycana qarşı addımları istisna edilmir...

- Əlbəttə, istisna deyil. İranın Naxçıvan hücumu rejimin Azərbaycana qarşı təhdidlərin praktiki müstəvidə icrasının başlanğıcı kimi qəbul oluna bilər və təxribatların müxtəlif istiqamətlərdə davam edəcəyi də istisna edilməməlidir.

- Məlumdur ki, Azərbaycan daxilində İranpərəstlər mövcuddur. Bu hücrələrin təxribatları mümkündürmü?

- Əsas istiqamətlərdən biri də İran rejiminin Azərbaycan daxilindəki hücrələridir. SEPAH tərəfindən yaradılmış “Hüseyniyyun” qruplaşmasının koordinasiya etdiyi bu hücrələr 2015-ci il Nardaran, 2018-ci il Gəncə hadisələrindən sonra böyük ölçüdə sıradan çıxarıldı. Rejim Azərbaycanda əvvəlki gücünü bərpa edə bilməsə də, hələ də müəyyən hücrələr qalır, həlledici məqamlarda informasiya müstəvisində aktivləşmələri də bunu deməyə əsas verir. Söhbət inanclı şiələrdən yox, Xomeyniçiliyə biət edənlərdən gedir. İranda ilin əvvəlində başlanan etirazlarda, hazırda davam edən müharibədə və rejimin Naxçıvana hücumuna reaksiyalarda bunu aydın görmək mümkündür.

İrana xidmət edənlər indi heç olmadıqları qədər təhlükə mənbəyinə çevrilib, çünki ölüm-qalım mübarizəsi aparan rejim total müharibə məntiqi ilə bütün regionu xaosa sürükləməyə çalışır. Bunu hava hücumları ilə edirlərsə, qarşıdakı günlərdə hücrələri hərəkətə gətirərək, müxtəlif təxribat planları da həyata keçirə bilərlər. Naxçıvana hücumdan öncə İran rejiminə bağlı olanların “Vatsap” üzərindən yaydıqları “xəbərdarlıq” mesajları – “Azərbaycanın ABŞ-İsrail hücumlarında iştirak edəcəyi, xalqımızı qırğına verəcəyi” iddiaları da bu kontekstdə diqqət çəkir. Cəmiyyət olaraq, daha ayıq olmalıyıq.

- Azərbaycanda bəzi şəxslər İranı “təmizə” çıxarmaq üçün sosial şəbəkələrdə fikirlər bildirirlər. Bu təbliğatda məqsəd nədir?

- İranın Naxçıvana hücumu ilə bağlı Azərbaycan ictimai rəyini yönləndirməyə hesablanmış manipulyativ cəhdlər müşahidə edilir. Əsas iddialar belədir ki, “ABŞ və İsraillə müharibə apardığı vaxt Azərbaycana hücum etmək İranın nəyinə lazımdır”, “Bu hücum Azərbaycanı İranla üz-üzə qoymaq istəyən tərəflərin planıdır” və s. Təbii ki, məqsəd bəllidir, dediyiniz kimi İranı “təmizə” çıxarmaq. Eyni zamanda, bu təbliğatın İrandan göstərişlə həyata keçirilməsi ehtimalı çoxdur.

Amma dörd amil təliğatın reallığı əks etdirmədiyinə əminlik yaradır.

Birincisi, İran rejiminin müharibə məntiqidir. Bütün regionu hədəf seçən İrandakı mövcud rejim daha çox ölkəni müharibəyə qoşmaq, bölgədə xaos yaratmaq prinsipi ilə hərəkət edir və göstərir ki, “ABŞ-ın hücumundan hər kəs əziyyət çəkir”. Bu, həm digər ölkələri də müharibənin hədəfinə çevirmək, həm də ABŞ-ın hücumlarına qarşı etirazları körükləmək məqsədi daşıyır. Hazırda İrana faktiki rəhbrəlik edən SEPAH üçün hədəflərin fərqi yoxdur.

İkincisi, İran müharibədən öncə bu ssenari haqda xəbərdarlıq etmişdi; rejim rəsmiləri “müharibə bütün regiona yayılacaq” açıqlamaları verirdi. Bakıya səfər edən İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə də “İrana qarşı hücum olarsa, müharibə sərhədləri aşacaq” təhdidini səsləndirmişdi.

Üçüncüsü, İranın mümkün hədəf siyahısına Azərbaycanın adının olduğu haqda məlumatlar vardı. Məlumatlara görə, Xameneyinin ölümündən öncə müharibədə hücum ediləcək ölkələr və hədəflərlə bağlı planlar hazırlanıb. Bu siyahıda region ölkələri – ABŞ-ın hərbi bazalarının olduğu, eləcə də tərəfdaş hesab etdiyi ölkələr yer alıb. Azərbaycanın adı daha çox Qərblə enerji əməkdaşlığı edən ölkə kimi çəkilirdi. 12 günlük müharibədən sonra Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazeminin dilindən “İsrailə “neft satan” Azərbaycanın enerji strukturları qanuni hədəfdir”, “Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir” kimi təhdidlərlə hədəflər gündəmə gətirilirdi.

Dördüncüsü, İranın mövcud rejimi Azərbaycana düşmən mövqeyindədir. İranın 44 günlük müharibədə Ermənistana verdiyi dəstək, Azərbaycana qarşı törədilən təxribatlar, müharibədən sonra da bunun davam etməsi uzaq tarixdə baş verməyib. Rəsmi Bakı ilə Tehran arasında münasibətlər normallaşma mərhələsinə keçsə də, mühafizəkarlar, xüsusilə SEPAH Azərbaycanla bağlı siyasətini dəyişdirməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
ayna.az

1Sources