EN

İnternetdə tanış olduğunuz qız sizi kinoya dəvət edərsə… — Tələdir!

Rəqəmsal ödənişlərin və bank kartlarından istifadənin sürətlə artması maliyyə əməliyyatlarını asanlaşdırsa da, eyni zamanda dələduzluq və fişinq halları ilə bağlı riskləri də gündəmə gətirir. Xüsusilə yaşlı və texnologiyadan az istifadə edən vətəndaşlar bu cür kibertəhlükələr qarşısında daha həssas hesab olunur. 

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, bank kartları, onların nömrələri, PİN kodu, CVV kodu kimi məlumatlar tam məxfi saxlanılmalıdır.

“Həmçinin e-mail və ya telefon vasitəsilə gələn gözlənilməz sorğulara cavab verilməməlidir. Ümumiyyətlə, internet bankçılıq parolları və bu kimi məlumatlar heç bir halda başqa şəxslərə verilməməlidir. Digər vacib məsələ şübhəli linklərdir. Bəzən dələduzlar məşhur saytların eyni görünüşünü yaradırlar. Məsələn, tanışlıq platformalarında kiminsə sizə bilet linki göndərməsi və “buradan alaq, sabah kinoya gedək” kimi təkliflər etməsi mümkündür. Sayt dizayn baxımından tam eyni görünə bilər, lakin linkdə bir hərf fərqi və ya yazılış səhvi olur. Bu cür saxta saytlar vasitəsilə şəxsi məlumatlar oğurlana bilər. Buna görə də şübhəli linklərə daxil olmamaq lazımdır”.

Ekspert bildirib ki, eyni zamanda, bank hesabı üzrə əməliyyatları mütəmadi olaraq yoxlamaq vacibdir. 

“Şübhəli əməliyyat aşkar edilərsə, dərhal banka məlumat verilməlidir. Hesab hərəkətlərini daim izləmək risklərin qarşısını almağa kömək edir. Güclü parollardan istifadə etmək, iki faktorlu doğrulama aktivləşdirmək və yalnız təhlükəsiz cihaz və internet şəbəkələrindən istifadə etmək də vacib təhlükəsizlik tədbirlərindəndir. Digər tərəfdən, bankların özləri də şübhəli əməliyyatları real vaxt rejimində bloklamaq imkanına malikdir. Bunun üçün süni intellekt əsaslı monitorinq modelləri, təhlükəsizlik bildirişləri və əməliyyat xəbərdarlıqları tətbiq olunur ki, bu da dələduzluq hallarının daha tez aşkarlanmasına kömək edir”.

Onun sözlərinə görə, nəticə etibarilə, vətəndaşlar şəxsi məlumatlarını qorumaq, şübhəli linklərdən uzaq durmaq və hesablarını mütəmadi izləməklə riskləri azalda bilərlər.

“Banklar isə süni intellekt əsaslı monitorinq sistemləri, çoxfaktorlu identifikasiya və maarifləndirmə proqramları tətbiq etməklə maliyyə təhlükəsizliyini daha da gücləndirə bilərlər”.

Chosen
69
1
konkret.az

2Sources