EN

Pirallahı rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

06 Mart 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində “08 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, idarə, müəssisə və təşkilatların qadın rəhbərləri iştirak etdilər.

"Unikal" xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və mövzu ilə əlaqədar video-çarx nümayiş olundu.

Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qadınların cəmiyyətdəki mühüm rolunu xüsusi vurğulayaraq onların həm ailə, həm də iş həyatında göstərdikləri fədakarlığı yüksək qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə qadınların cəmiyyətin ictimai-siyasi həyatında fəallığının artdığını, onların dövlət idarəçiliyində təmsilçiliyinin genişləndiyini bildirərək qadınların bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd etdi. Dövlət qadın siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir. Ölkəmizdə hər kəsin hörmət və sevgisini qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında qadınlarımız ictimai-siyasi, sosial-mədəni sahələrdə dövlətimizin inkişafına böyük töhfələr verməkdə davam edir.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova və Pirallahı Rayon Ağsaqqqalar Şurasının sədri Əli Kərimov qeyd etdilər ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamaqdadır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşayıb.

Daha sonra çıxış edən Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli bildirdi ki, Azərbaycan qadını gənc nəslin vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, əsl ana kimi əməyini əsirgəməyib.

Tədbirdə iştirak edən qadınlara Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı Rayon Təşkilatı tərəfindən hədiyyələr təqdim olundu.

Daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət etdilər, onların bayramını təbrik etdilər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
 

Chosen
40
50
unikal.az

10Sources