Azərbaycan rəssamlıq sənətində qadın obrazı zəngin mənəvi, estetik və ideya yükü daşıyan əsas mövzulardan olmuşdur. Müxtəlif tarixi mərhələlərdə rəssamlarımızın əsərlərində Azərbaycan qadını ana, həyat yoldaşı, əməkçi, ziyalı və ictimai fəal kimi təqdim olunmuşdur. Xüsusilə XX əsrdən etibarən milli rəssamlıq sənətimizdə qadın obrazının bədii həllində yeni ideya və estetik yanaşmalar müşahidə edilmişdir. Bu dövrdə rəssamlar qadını təkcə məişət mühitində deyil, həm də sosial və mədəni proseslərin fəal iştirakçısı kimi təsvir etmiş, onun ictimai mövqeyini ön plana çıxarmışlar.
Mikayıl Abdullayevin portret yaradıcılığı Azərbaycan qadınının həm estetik, həm də mənəvi simasını əks etdirən zəngin sənət salnaməsidir. Rəssam fərqli peşə və həyat tərzinə malik qadın obrazlarını böyük sənətkarlıqla təsvir etmişdir.
Mikayıl Abdullayevin qadın qəhrəmanları arasında yer alan ana fiquru həm sevgi və qayğının, həm də milli ailə dəyərlərimizin simvolu kimi təqdim olunmuşdur. Rəssamın anasına həsr etdiyi portretlərdə ana obrazı sadə, təmkinli və eyni zamanda, dərin mənəvi aləmi ilə təsvir olunmuşdur. Rəssam “Sevinc” tablosunda qızmar günəş şüaları altında bərq vuran, allı-güllü cənub təbiəti qoynunda çəmənlikdə doğma balası ilə təsvir edilən ana obrazını canlandırmışdır. “Uşaq dalınca” əsərində də gündəlik həyatın sadə, lakin mənəvi baxımdan dərin məna daşıyan bir anı təsvir olunmuşdur. Balaca uşağını bağçadan götürmək üçün gələn və pəncərənin şüşəsini barmaqları ilə yüngülcə taqqıldadan ananın simasında təsirli bir səhnəni seyr etmiş oluruq.
Mikayıl Abdullayevin əməkçi qadınları təsvir etdiyi bütün əsərlərinin kompozisiyasında kollektiv qadın əməyinin ritmi və bu qadınların həmin atmosferə qatdığı canlılıq öz əksini tapmışdır. Rəssamın “41-ci ilin iyunu” triptixində də qadın obrazları kompozisiyanın əsas ideya yükünü daşıyır. Rəssam burada müharibə illərinin çətin şəraitində əmək cəbhəsində çalışan qadınların gücünü, dözümünü və mənəvi möhkəmliyini həssas sənətkarlıqla ifadə etmişdir. Kompozisiyanın mərkəzində dayanan qadın fiquru öz qaməti və duruşu ilə diqqəti cəlb edir. Onun belinə qoyduğu əli bədəninin möhkəm plastikasını vurğulayır və obrazda qətiyyət, iradə və əmək əzmini ön plana çıxarır. Bu fiqur müharibə dövründə cəbhə arxasında çalışan Azərbaycan qadınlarının ümumiləşdirilmiş simvolu kimi təsvir olunub.
Mikayıl Abdullayevin “Çəltikçi qızlar”, “Pambıq”, “Azərbaycanın çay mütəxəssisləri”, “Qış qayğıları” kimi bir çox əsəri onun əmək mövzusuna həsr etdiyi xarakterik əsərlərdən hesab olunur. Bu əsərlərdə çəltik dəstələrini daşıyan, əmək alətləri ilə işləyən qadınların gündəlik zəhməti, əməksevərliyi poetik və ümumiləşdirilmiş dildə təqdim edilmişdir. Rəssam “Tarla qəhrəmanı Şamama Həsənova” tablosunda “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüş Azərbaycan qadınının peşəsini vurğulamaqla bərabər, həm də onun daxili dünyasını, hiss və duyğularını ifadə etmişdir. Rəssam “Manqa başçısı Rəxşəndənin portreti” əsərində də qadın qəhrəmanını qətiyyətli, zəhmətsevər, ən əsası isə, nüfuzlu obraz kimi təqdim etmişdir.
Nağılvari, emosional üslubu ilə seçilən Toğrul Nərimanbəyovun qrafik janrda yaratdığı “Xanəndə Yavər Kələntərli” portreti həm milli musiqi ənənəsini, həm də qadın zərifliyini özündə birləşdirən təsviri sənət nümunəsi kimi yadda qalır.
Tahir Salahovun sərt üslubu ilə yaratdığı əsərlərinin təməlində işıq, xətt, eləcə də ritmin dayandığını görürük. Bu üslub xüsusiyyətləri onun “Abşeron qadınları” əsərində də aydın şəkildə duyulur. Rəssamın ağ at üzərində, ağ libasda təsvir etdiyi “Aydanın portreti” əsərində atanın qızına olan sonsuz sevgisini hiss ediriksə, onun illər sonra yaratdığı “Şərq ulduzu Aydan” portretində atasının sənətini davam etdirən rəssam qadın obrazını görürük.
Nadir Əbdürrəhmanov həyatı boyu dəfələrlə qeyd edirdi ki, yalnız öz vətənində, Qarabağ dağlarında rahat və xoşbəxt çalışıb. “Dağ kəndlərində bulaqların yanında toplaşan qadın və qızlara daim rast gəlmək mümkündür. Bu rayonun qızları gözəl paltarları xoşlayır və hər gün bu cür geyinirlər”. Beləliklə, rəssam ecazkar fırçası ilə “Dağlarda bahar”, “Dağlarda alaqaranlıq”, “Dağlı qadın”, “Səhər” və s. kimi əsərlərini yaradır və qadın gözəlliyini yüksək sənətkarlıqla vəsf edir. O, “Dağlarda bahar” və “Səhər” əsərlərində baharın təravətini, torpağın oyanışını parlaq rəng çalarları ilə təqdim edərək qadın gözəlliyini bu mənzərə daxilində təqdim edib. “Dağlarda alaqaranlıq” əsərində isə rəssam öz qəhrəmanlarını sadəcə axşam istirahəti zamanı göstərir. Burada təbiət sadəcə fon deyil, personajların doğma evi, yaşayış mühitidir.
Nadir Əbdürrəhmanov “Sevinc” əsərində qadın obrazını həm gözəllik simvolu, həm də həyatverici, qoruyucu və şəfqətli ana kimi təsvir edib. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyini bəzəyən “Sevimli naxışlar” əsərindəki ağgeyimli üç qadın obrazı isə milli xalça toxuma ənənəmizin zərif bədii ifadəsi kimi göz oxşayır.
Böyükağa Mirzəzadənin “Bizim kəndin adamları”, “Günorta”, “Bizim Lənkəranda”, “Pambıq yığımı”, “Çay yığan qızlar” və s. kimi əsərlərində kompozisiyanın əsasını əməkçi qadın obrazlarının təsviri təşkil edir. Bilavasitə naturadan işlənmiş əsərlərin hər birində yüksək dinamika və ekspressiya duyulur. Rəssamın Azərbaycanın mədəniyyət və incəsənətinin tanınmış simalarının portretləri arasında rəssam Maral Rəhmanzadə, xanəndə Sara Qədimova, opera ifaçısı Sona Aslanovanın təsvirlərinə də rast gəlirik. Tağı Tağıyevin məğlubedilməz, qətiyyətli qəhrəmanları təsvir etdiyi əsərlərindən biri “Koroğlu” monumental triptixidir. Xalq eposunun mühüm məqamlarını əks etdirən əsərdə Nigar obrazı özünəməxsus Şərq gözəlliyi ilə seçilir. Maral Rəhmanzadənin ayaqüstə çəkilən gözəl və qamətli portreti isə rəssam tərəfindən böyük zövqlə işlənmişdir. Azərbaycan realist rəssamlıq sənətinin ən uğurlu nümunələrindən olan əsər iki böyük rəssamın sənət bağını əks etdirir. Rəssamın dik duruşu onun sənət dünyasındakı sarsılmaz mövqeyini göstərir.
Milli rəssamlıq sənətimizdə Azərbaycan qadını məsələsinə toxunarkən, bu mövzunun konseptual baxımdan zənginləşməsində rolu olan Maral Rəhmanzadə, Vəcihə Səmədova, Xalidə Səfərova, Elmira Şahtaxtinskaya kimi qadın fırça ustalarının da fəaliyyəti xüsusi qeyd edilməlidir.
Hələ tələbəlik illərində “Azərbaycan qadını keçmişdə və bu gün” adlı, on bir rəsmdən ibarət diplom işi üzərində işləyən Maral Rəhmanzadə “İstirahət vaxtı”, “Pambıqçı qızlar”, “Sağıcı qadın. Xınalıq” və s. kimi əsərlərində qadınları məğrur, ruhən yenilməz əks etdirmişdir. Yaradıcılığının bütün dövrlərində qadın mövzusuna yüksək sənətkarlıqla yanaşan rəssam, eyni zamanda, öz avtoportretlərini də yaratmağa maraq göstərmişdir. Həmin avtoportretlərdən birində rəssam öz surətini kağız üzərində avtolitoqrafiya üsulu ilə ayaq üstə, şlyapada təsvir etmişdir.
Vəcihə Səmədovanın yaradıcılığında əsaslı mərhələ kimi xarakterizə olunan “Aktrisa Leyla Bədirbəylinin portreti” əsəri ifadəli kompozisiyası və rəng quruluşuna görə rəssamın digər portret əsərləri arasında fərqlənir. Müasir Azərbaycan incəsənətinin qızıl fonduna daxil olan bu portret milli təsviri sənətimizin ən uğurlu nümunələrindəndir.
XX əsrdə Tahir Salahovun məğrur, Mikayıl Abdullayevin xalq ruhlu qadınları ilə başlayan sənət yolu bu gün daha müasir, fəlsəfi bir müstəviyə keçmişdir. Belə ki, artıq Azərbaycan rəssamlığında qadın mövzusu zamanın nəbzini tutan, daim yenilənən və yaşayan bir ənənə olmuşdur. Bu gün rəssamlıq sənətimizdə qadın obrazının təkamülü sadəcə vizual dəyişiklik deyil, həm də ictimai şüurun inkişaf xətti olmuş, çağdaş rəssamlara miras qalan milli qadın idealı yeni bir mərhələyə qədəm qoymuşdur. Müasir rəssamlıq sənətimizdə Azərbaycan qadını həm milli ornamentlərin, kəlağayının və milli geyimin poetikasını qoruyub saxlayır, həm də qlobal dünyanın aktiv və dinamik siması kimi çıxış edir. Bu varislik zənciri sübut edir ki, Azərbaycan qadını hər bir tarixi kəsikdə öz bədii təcəssümünü tapmağa qadirdir.
Şəmsiyyə ZALOVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Rəssamlar İttifaqının üzvü