Ermənistanda iyunun 7-nə planlaşdırılan parlament seçkiləri ərəfəsində siyasi mübarizə getdikcə sərtləşir.
Musavat.com xəbər verir ki, siyasi ekspert Vigen Akopyan Ermənistanda seçki öncəsi vəziyyətin gərgin olduğunu ifadə edib.
Onun iddiasına görə, hazırda əsas inzibati resurs tam şəkildə hakim “Vətəndaş müqaviləsi” partiyasının əlində cəmləşib. Lakin Akopyan hesab edir ki, hakimiyyət seçkilərə məhz bu ad altında qatılmaya da bilər. Onun fikrincə, partiya mənfi imicdən yayınmaq üçün başqa brend – məsələn, “Real Ermənistan” kimi yeni adla seçkilərə getməyə cəhd edə bilər.
Akopyan qeyd edib ki, hakimiyyətə yaxın siyasi düşərgədə bir neçə siyasi qüvvə də fəaliyyət göstərəcək və bəziləri özünü müxalifət kimi təqdim etməyə çalışacaq. Onun fikrincə, bu düşərgədə real şansı olan qüvvələr əsasən hakim partiya və qərbyönlü elektorata yönəlmiş “Respublika” partiyasıdır. Akopyan həmin qüvvənin formal müxalifət görüntüsü yaratmaqla əslində hakimiyyət üçün “spoyler” rolunu oynaya biləcəyini də istisna etməyib.
Vigen Akopyan müxalifət düşərgəsində isə artıq dörd əsas siyasi mərkəzin formalaşdığını bildirib. Bunlardan biri Samvel Karapetyanın ətrafında formalaşan “Güclü Ermənistan” hərəkatı, digəri Robert Köçəryanın rəhbərlik edəcəyi gözlənilən “Ermənistan” bloku, üçüncüsü Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası, dördüncüsü isə keçmiş ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi siyasi hərəkatdır.
Akopyan hesab edir ki, seçkilərin nəticəsində heç bir siyasi qüvvənin təkbaşına 50+1 faiz səs toplaması real görünmür. Bu səbəbdən Ermənistanda seçkilərdən sonra koalisiya hökumətinin formalaşması ehtimalı yüksəkdir.
Erməni ekspertin fikrincə, müxalifətin real uğur qazanması yalnız bir şərtlə mümkün ola bilər: mübarizə hakimiyyət üçün necə həyati əhəmiyyət daşıyırsa, müxalifət üçün də eyni səviyyədə “ölüm-dirim məsələsinə” çevrilməlidir.
Akopyan həmçinin hakimiyyətin seçki öncəsi yeni PR taktikasına əl atdığını da iddia edib. Onun sözlərinə görə, Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı yayılan boşanma xəbərləri də siyasi imicin dəyişdirilməsi məqsədi daşıya bilər.
Musavat.com