
Akademik İbrahim Cəfərov,
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü
8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da böyük hörmət və ehtiramla qeyd olunur. Bu əlamətdar gün qadınların cəmiyyətdəki rolunun, onların zəhmətinin, fədakarlığının və həyatımızdakı əvəzsiz yerinin bir daha xatırlandığı xüsusi bir gündür. Azərbaycan qadını tarix boyu yüksək mənəvi keyfiyyətləri, sədaqəti, müdrikliyi və vətənpərvərliyi ilə seçilib.
Azərbaycan qadınları hər zaman ailənin dayağı, cəmiyyətin mənəvi sütunu olublar. Onlar həm ana kimi övlad yetişdirir, həm də cəmiyyətin müxtəlif sahələrində fəal iştirak edərək ölkənin inkişafına töhfə verirlər. Xüsusilə çətin dövrlərdə Azərbaycan qadınının göstərdiyi fədakarlıq xalqımızın yaddaşında xüsusi yer tutur. Vətənə bağlılıq, ailəyə sədaqət və yüksək məsuliyyət hissi Azərbaycan qadınının ən səciyyəvi xüsusiyyətlərindəndir.
Azərbaycan dövləti qadınların hüquqlarının qorunmasına, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına böyük önəm verir. Bu gün ölkəmizdə qadınlar dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, eləcə də müxtəlif dövlət qurumlarında layiqincə təmsil olunurlar. Qadınların dövlət strukturlarında məsul vəzifələrdə çalışması onların yüksək intellektual potensialının və idarəçilik qabiliyyətinin göstəricisidir. Bu, eyni zamanda dövlətin qadınlara göstərdiyi böyük etimadın bariz nümunəsidir.
Təhsil, səhiyyə, elm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə minlərlə Azərbaycan qadını öz zəhməti və bacarığı ilə uğur qazanır, ölkəmizin inkişafına mühüm töhfələr verir. Bu gün Azərbaycan qadını həm ailədə qayğıkeş ana, həm də cəmiyyətin fəal üzvü kimi böyük məsuliyyət daşıyır və bu vəzifənin öhdəsindən layiqincə gəlir.
Ölkəmizdə qadın siyasətinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı sosial, humanitar və mədəni layihələr cəmiyyətin rifahına, xüsusilə qadınların və uşaqların müdafiəsinə yönəlib. Mehriban xanımın fəaliyyəti humanizm, mərhəmət və sosial məsuliyyət prinsiplərinə əsaslanır və bu istiqamətdə görülən işlər Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunu daha da yüksəldir.
Azərbaycan qadınları tarixən maarifçiliyin, mədəniyyətin və milli dəyərlərin qorunmasında da mühüm rol oynayıblar. Onların əzmkarlığı, zəhmətkeşliyi və vətənə bağlılığı ölkəmizin güclənməsinə və gələcək nəsillərin sağlam, savadlı və vətənpərvər ruhda yetişməsinə xidmət edir.
8 Mart – qadınlara sevgi, hörmət və ehtiramın ifadə olunduğu xüsusi gündür. Bu münasibətlə bütün xanımları ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Bayramınız mübarək olsun, əziz və dəyərli xanımlar!