EN

ABŞ və İsrailə qarşı İrana açıq dəstək verən "Zeynəbiyyə" ilə ortaq iftar: Dövlət Komitəsi Bakının strateji xəttinə qarşıdır?

ABŞ və İsrailə qarşı İrana açıq dəstək verən "Zeynəbiyyə" ilə ortaq iftar: Dövlət Komitəsi Bakının strateji xəttinə qarşıdır?

Azərbaycan uzun illərdir bölgədə balanslı və praqmatik xarici siyasət yürüdən nadir ölkələrdən biri kimi çıxış edir. Rəsmi Bakı həm İranla, həm Türkiyə ilə, həm də digər qonşu dövlətlərlə münasibətlərini qoruyub saxlayır. Bununla yanaşı, İsraillə əlaqələri yüksək səviyyədə davam etdirir və ABŞ ilə strateji tərəfdaşlığını gücləndirir. Xüsusilə son illər Vaşinqtonla münasibətlər yeni mərhələyə qədəm qoyub və Azərbaycan Cənubi Qafqazda Amerikanın əsas tərəfdaşlarından biri kimi dəyərləndirilir.

Bu siyasətin əsas xətti aydındır: Azərbaycan müstəqil kursu davam etdirir, eyni zamanda, öz ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına imkan vermir və bütün tərəflərlə münasibətləri balansda saxlayır. Bu yanaşma həm də diaspor və lobbi fəaliyyətində öz nəticəsini göstərir. Məsələn, İsraillə strateji əməkdaşlıq və yəhudi lobbisinin dəstəyi Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini gücləndirən amillərdən biri kimi qiymətləndirilir.

Lakin Türkiyədə baş verən bir hadisə müəyyən suallar yaradıb. İstanbulda keçirilən iftar proqramı çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zeynəbiyyə” Məscid və Mədəniyyət Mərkəzi ilə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə tədbir təşkil edib. Tədbirin təşkilatçıları sırasında hər iki qurumun adının açıq şəkildə göstərilməsi diqqət çəkib.

Məsələ burasındadır ki, “Zeynəbiyyə” təkcə Türkiyə cəfərilərinin mərkəzi kimi deyil, eləcə də Türkiyədə İran xəttinə yaxın mövqeyi ilə tanınır. Bu qrupun müntəzəm olaraq ABŞ və İsrail əleyhinə aksiyalar təşkil etməsi, İran rəhbərliyinə açıq dəstək nümayiş etdirməsi sirr deyil. Xüsusilə son dövrlərdə açıq adı ilə “İrana dəstək” mitinqləri keçirirlər. İllərdən bəri eyni mövqedə olan və bunu gizlətməyən Səlahəddin Özgündüzün mövqeyi bəllidir. Türkiyədə Özgündüz camaatı məhz belə tanınır və müstəqil ekspertlərin şərhlərində bu camaat Türkiyədəki iranyönümlü qrup olaraq təqdim edilir.

İllərlə Azərbaycanın Türkiyədəki lobbisi rolunda çıxış edən milliyyətçi çevrələrdə təəccüb doğuran məqam da budur ki, Azərbaycanın rəsmi dini qurumlarının Türkiyədə tərəf müqabili bəlli ikən fəaliyyəti məzhəbçilik üzərində qurulan və İrana münasibətində ziqzaq olmayan camaatla ortaq iş ərsəyə gətirir. Üstəlik, Azərbaycanın İsraillə bağlı mövqeyi də açıq ortadaykən bu dövlətin rəsmi dövlət qurumunun açıq İsrail düşməni, İran dostu bir təşkilatla ortaq tədbir keçirməsi müəyyən ziddiyyət təsiri bağışlayır.

Çünki rəsmi Bakı, eyni zamanda, həm İsraillə, həm də ABŞ ilə strateji əməkdaşlığı prioritet sayır. Belə olan halda, həmin dövlətləri açıq şəkildə tənqid edən və İranı dəstəkləyən bir qrupla birgə görüntü verilməsi suallar doğurur. Bu addım koordinasiya olunmuş siyasətin tərkib hissəsidir, yoxsa sırf dini çərçivədə qiymətləndirilən bir görüşdür?

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlu daxili dini siyasəti nəticəsində bu gün ölkədə siyasi dini cərəyan sıfıra bərabərdir. Müstəqilliyimizin ilk illərində Qumdan gələn tapşırıqla ölkədə siyasi islamın toxumları səpilsə də, dövlət gücləndikcə bu yöndə təxribat fəaliyyəti ilə məşğul olanlar zərərsizləşdirildi. Belə olan məqamda fəaliyyətində siyasi islamın izləri açıq ortada olan “Zeynəbiyyə”nin dövlət qurumu ilə ortaq fəaliyyəti ölkə içinə də mənfi impulslar göndərməyə son dərəcə açıqdır.

Digər məqam isə ondan ibarətdir ki, “Zeynəbiyyə” daha əvvəl də müxtəlif siyasi proseslərdə aktiv mövqe nümayiş etdirib. Səlahəddin Özgündüzün qardaşı Əli Özgündüz Cümhuriyyət Xalq Partiyasından millət vəkili olub. Eləcə də “Zeynəbiyyə” vaxtilə Azərbaycanın İstanbul Baş Konsulluğu önündəki aksiyaların mərkəzində yer almışdı. Bir gün öncə İrana dəstək üçün İsrail və ABŞ konsulluqları önündə aksiyalar keçirən bir camaatla bir gün sonra bərabər iftar süfrəsi açmağın izahı naməlumdur.

Şübhəsiz ki, Azərbaycanın xarici siyasət kursu prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilir. İnanılır ki, Komitə sədri Ramin Məmmədov bu məsələ ilə bağlı mövqeyini açıqlayacaq. Sonda onu da qeyd etməliyik ki, Səlahəddin Özgündüzü Azərbaycana ilk dəfə dəvət edən Hacı Allahşükür Paşazadə olub. Ancaq şeyx hər zamankı kimi, diplomatik davranaraq, Özgündüzlə olan əlaqəsində məsafəni qoruyub.

“Yeni Çağ” Təhlil Qrupu

Chosen
33
afn.az

1Sources