Qəbələ - Karvan-Yevlax 1:1 (1:1)
1. Səlahət Ağayev – 5,0
7. Turan Manafov – 5,5
(66. Nuğay Rəşidov, 89) – qiymətsiz
33. Seydina Keyta – 5,0
16. İsaak Amoah – 5,0
28. Murad Musayev (k) – 5,0
27. Eşqin Əhmədov – 5,0
(13. Nicat Əliyev, 89) – qiymətsiz
6. Xayme Syerra – 5,0
8. Sambu Sissoko – 5,0
(24. İsmael Akinade, 34) – 6,0
50. Adriel Ba Loua – 5,5
(10. Şahin Şahniyarov, 67) – 5,0
14. Domi Massumo – 5,0
(12. İbrahim Sanqare, 89) – qiymətsiz
30. Prins Ovusu – 5,5
Ehtiyat oyunçular
93. Rza Cəfərov
3. Eduardo Kunde
74. Süleyman Damadayev
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
70. Paulo Quimbila
21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Sxadadze
Komandanın ən yaxşısı: İsmael Akinade
99. Pedro Mateuş – 6,0
37. Mois Nqvisani – 5,0
5. Emin Rüstəmov – 5,0
21. İmani Barker – 5,5
2. Şakil Sno – 4,5
(13. Vüsal Məsimov, 90+2) – qiymətsiz
32. Elvin Yunuszadə (k) – 5,0
6. Vadim Abdullayev – 5,0
16. Rauf Rüstəmli – 4,6
(42. İbrahim Qədirzadə, 90+2) – qiymətsiz
20. Coy-Sleyd Mikels – 5,0
(17. Samir Abdullayev, 90+2) – qiymətsiz
11. Kayl Spens – 5,5
(8. Peter Kinqs, 86) – qiymətsiz
19. Tompson Qavi – 5,0
(14. Uğur Cahangirov, 75) – 5,0
Ehtiyat oyunçular
1. Kamran İbrahimov
25. Əmrah Bulud
4. Olavale Doyeni
33. Eltun Turabov
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Pedro Mateuş
Qollar: İ.Barker, 26 (0:1, K.Spens). S.Keyta, 36-p. (1:1).
Vərəqələr: P.Mateuş, 35 (qeyri-idman hərəkəti). T.Qavi, 45 (qeyri-idman hərəkəti). E.Rüstəmov, 45+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Mirnihad Seyidov, Rövşən Rəcəbov (hamısı Bakı).
VAR hakimi: Vüqar Həsənli (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
28 fevral. Qəbələ. Şəhər stadionu. 150 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti:
Bu komandaların turnir hədəfləri ilə bağlı hər şey aydındı. “Qəbələ” son 3 oyunda qələbəyə həsrətdi, “Karvan-Yevlax” isə 1-ci və sonuncu dəfə 2-ci turda sevinib. Yevlaxlılar hələ də elitada qalacağına ümid edir, amma bu ümidin arxasında xal ehtiyatı dayanmalıdı. “Qırmızı-qaralar” isə “Kəpəz”in bir gün əvvəlki qələbəsindən xəbərdar idi, xal itkisinin onlara 10-cu pilləni əldən vermək bahasına başa gələcəyini anlayırdılar.
Fevralın 27-dən 28-nə keçən gecə Qəbələyə yağan və start fitindən 10-15 dəqiqə əvvəl dayanan qar oyunun təşkili ilə bağlı hansısa problemlər yaranacağını aktuallaşdırsa da, bölgə klubu bütün çətinliklərin öhdəsindən gəldi və Kamal Umudlu komandaları meydana səslədi.
“Qəbələ” oyuna fəal başlasa da, qonaqlar da boş dayanmır, imkan tapan kimi əks-hücuma keçirdi. Amma real qol vəziyyətləri yox idi. Məzmunlu kombinasiyaların, hücumların yoxluğunda hesabın standart vəziyyət zamanı açılması təəccüb doğurmadı. Murad Spenslə mübarizədə topu meydandan çıxardı və yevlaxlılar künc zərbəsi qazandı. Spens topu penalti nöqtəsi üzərinə göndərdi, hamını qabaqlayan Barker dəqiq baş zərbəsi ilə hesabı açdı.
Bu qol “qırmızı-qaralar”ın bir qədər fəallaşmasına səbəb oldu. Üstəlik Sxadadze Sissokonu Akinade ilə əvəzləməklə hücum əməliyyatlarını gücləndirməyə qərar verdi. Gürcü çalışdırıcının addımı tezliklə bəhrə verdi. Ancaq Sxadadzenin qərarından daha çox Rauf Rüstəmlinin qapıçıya ötürmə zamanı yol verdiyi kobud səhvi vurğulamaq lazımdı. Topu ələ keçirən Akinade qapıçı ilə təkbətək çıxdı, belədə Mateuşun ona qarşı kobud oynamaqdan başqa yolu qalmadı. Keytina 36-cı dəqiqədə tablodakı rəqəmləri eyniləşdirdi. “Qəbələ”nin hissənin sonuna qədər irəli çıxmaq niyyəti çin olmadı.
Məntiqlə qələbə can atan məşqçi 2-ci hissəyə dəyişikliklə başlamalıydı. Ancaq mütəxəssislərdən heç biri meydanaya yeni futbolçu buraxmağı lazım bilmədi. 2-ci hissəni meydanda nələr baş verdi? Hissənin əvvəlində Ba Loua uzaqdan bəxtini sınadı, qapıçı yerində idi. 53-cü dəqiqədə Rza Cəfərovu “çərçivə”də əvəz edən Səlahət Spensin zərbəsinin qarşısını aldı. Ümumilikdə topa daha çox nəzarət edən “qırmızı-qaralar” ara-sıra təhlükəli vəziyyətlər də yaradırdı. Yevlaxlılar isə müxtəlif vasitələrlə tempin və dinamikanın yüksəlməsinə mane olurdu.
Saatın tamamında yenə künc zərbəsindən sonra hesab dəyişə bilərdi. Amma Mateuş Musayevin baş zərbəsinə gözəl reaksiya verdi. Yevlaxlıların portuqaliyalı qapıçısı 2 dəqiqə sonra Ba Louanın zərbəsi zamanı da xilaskar rolunu oynadı. Ümumiyyətlə, Mateuş komandasının ən fəallarından idi. “Qırmızı-qaralar” sona qədər çox çalışsalar da, hesabı dəyişmək mümkün olmadı. Bu isə o deməkdi ki, “Qəbələ” 6-cı pilləni tərk etdi. “Karvan-Yevlax” ardıcıl 6 məğlubiyyətdən sonra xal qazandı.
Gözdən qaçmadı
* "Misli" ilə PFL-in birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində yanvarın ən yaxşı qolunun müəllifi olan Domi Massumo oyundan əvvəl mükafatlandırıldı. Ona mükafatı "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim etdi.
* 12-ci dəqiqədə Mikels cərimə meydançasında Keyta ilə mübarizə zamanı yerdə qalanda referi əvvəlcə “Qəbələ”nin qapısına penalti təyin etsə də, VAR-la məsləhətləşəndən sonra qərarını dəyişdi. Yenə VAR yoxlaması uzun-uzadı çəkdi.
* Ba Loua “Sumqayıt”la oyunda penaltini boşa verdiyindən bu dəfə “nöqtə”yə Keyta yaxınlaşdı və dəqiq oldu.
* Stadionda azarkeş o qədər az idi ki, baş məşqçilərin futbolçulara göstərişləri açıq-aydın eşidilirdi.