“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 23-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Şamaxı”nın uzun ötürmələrə üstünlük verdiyini bilirdik, buna hazır idik. Oyun çox sərt keçdi. Son 30 dəqiqədə daha çox hücuma keçdik ki, qol vuraq. Şanslarımız var idi, amma dəyərləndirə bilmədik. “Şamaxı” çoxlu qayda pozuntusuna yol verirdi. Baş hakim də buna imkan verirdi, əksər hallarda onların çox sərt oynamasına imkan yaradırdı. Biz isə oyunun tempini yüksək tutmağa çalışırdıq. Qayda pozuntuları öz təsirini göstərirdi, rəqib sürəti aşağı salırdı. Hakimlərin bunun qarşısını daha effektiv alacağını gözləsək də, bu, baş vermədi. Biz isə sonlara yaxın daha yaxşı oynadıq, epizodlarımız var idi. Heç-heçə oynadıq, pis nəticə deyil. Amma bu nəticə ilə razı deyilik. Şamaxıya qələbə üçün gəlmişdik.
Digər komandalardan fərqli olaraq, bizdə hücumameyilli oyunçuların keyfiyyəti hardasa çatışmır. Son nöqtəni qoymaq baxımından belədir. Üstəlik, biz aşağı liqadan gəlmişik və 22 xal yığa bilmişik. Bu da yaxşı nəticədir. Sonuncu pillədən 2 pillə yuxarıdayıq. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Güclü komanda oyunu göstərərək, bu cür nəticələr qazanırıq. Hər oyunda komandamdan razıyam. Çünki bütün futbolçular 100 faiz güclərini verir, mübarizə aparırlar. Başa düşürəm, qalib gələ, qol vura bilmirik. Amma mövqeyimiz pis deyil. Komandamız sona qədər mübarizə aparır. Qalib gələ bilməsək də, uduzmuruq da. Hər bir komanda “İmişli” ilə görüşdə problem yaşayır. Başa düşürük ki, qarşımızda çətin rəqiblər var. Amma biz rəqiblərə əvvəllər də layiqli müqavimət göstərmişik”.
