EN

Pezeşkianın Prezident Əliyevə zəngi – Bakıdan mühüm GÖZLƏNTİ

“Məsud Pezeşkianın Azərbaycan Prezidentinə zəngini müsbət qiymətləndirdirəm”. Bunu Musavat.com-a professor Qabil Hüseynli martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngi ilə bağlı deyib. Onun sözlərinə görə, bu addım göstərir ki, Pezeşkian Azərbaycanla münasibətlərin qorunmasına və mümkün gərginliklərin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çalışır.

“Onun telefon əlaqəsi yaratması təsadüfi addım deyil və bu, müəyyən mənada rəsmi Tehranın ən azı diplomatik səviyyədə Bakı ilə münasibətlərin daha da pisləşməsinin qarşısını almaq istədiyini göstərir. Bu zəng həm də onu deməyə əsas verir ki, Pezeşkian Azərbaycanla münasibətlərdə yaranan həssas məqamların fərqindədir və Azərbaycanı incidə biləcək hər hansı addımların qarşısını almağa çalışır. Yəni o, münasibətlərin daha da gərginləşməsinə səbəb ola biləcək addımların baş verməsini istəmir və müəyyən mənada iki ölkə arasında dialoqu qorumağa çalışır",_ professor vurğulayıb.

Hərbi

Onun sözlərinə görə, İranın siyasi sistemində prezident institutunun real səlahiyyətləri məhduddur: "Ölkədə əsas güc mərkəzlərindən biri olan İslam İnqilabı Keşikçiləri Korpusu – yəni SEPAH siyasi və hərbi qərarların qəbulunda çox böyük rol oynayır. Faktiki olaraq bir çox strateji məsələlərdə real təsir imkanları məhz bu strukturların əlində cəmləşib. Məhz buna görə də Pezeşkian prezident olsa da, bütün səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilmir. İranın daxili siyasi sistemində qərarvermə mexanizmi daha mürəkkəbdir və prezident çox vaxt müxtəlif güc mərkəzlərinin təsiri altında fəaliyyət göstərməyə məcbur qalır. Bu səbəbdən də Pezeşkianın müəyyən məsələlərdə açıq və sərt mövqe ortaya qoymaq imkanları məhdud görünür. Onun telefon zəngi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu zəng Azərbaycanla İran arasında yaranmış gərginliyi azaltmaq, münasibətləri müəyyən qədər yumşaltmaq və diplomatik kanalları açıq saxlamaq məqsədi daşıyır. Yəni Pezeşkian bu addımla iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinin qarşısını almağa çalışır".

Q.Hüseynlinin fikrincə, Pezeşkian Naxçıvan hadisəsini açıq şəkildə pisləmək və ya İranın məsuliyyətini etiraf etmək imkanına malik görünmür: “Çünki belə addımlar İranın daxilindəki güc balansına birbaşa təsir göstərə bilər. Buna baxmayaraq, onun Azərbaycan Prezidentinə etdiyi bu zəngin özündə müsbət çalarların olduğu aydın şəkildə hiss olunur. Eyni zamanda, Pezeşkianın region ölkələrinə qarşı həyata keçirilmiş raket zərbələri ilə bağlı da açıq mövqe nümayiş etdirmədiyi diqqət çəkir. İranın Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı istiqamətində həyata keçirdiyi bəzi hərbi addımların da İran daxilində müxtəlif güc mərkəzləri tərəfindən planlaşdırıldığı barədə fikirlər mövcuddur və bu məsələlərdə də prezidentin rolunun məhdud olduğu məlumdur. Bütün bunlar göstərir ki, Pezeşkian hələlik məhdud səlahiyyətlər çərçivəsində öz funksiyalarını yerinə yetirməyə çalışır. O, diplomatik kanallar vasitəsilə münasibətləri sabit saxlamaq və mümkün gərginlikləri yumşaltmaq üçün addımlar atır. Lakin İranın siyasi sistemində real güc balansı nəzərə alındıqda, ölkədə bir sıra mühüm qərarların bir neçə SEPAH rəhbərinin və digər təsirli strukturların əlində cəmləşdiyi də açıq şəkildə görünür. Məhz buna görə də Pezeşkianın hər hansı daha sərt və ya köklü addımlar atmaq imkanları hazırda məhdud görünür. Buna baxmayaraq, onun Azərbaycan Prezidentinə etdiyi bu zəngin özündə müsbət çalarların olduğu aydın şəkildə hiss olunur".

Yada salaq ki, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngi edib. Söhbət zamanı iki ölkə arasında baş verən son hadisələr, xüsusilə də regionda yaranmış həssas vəziyyət və Naxçıvan istiqamətində baş vermiş insident ətrafında fikir mübadiləsi aparılıb. İran prezidenti söhbət zamanı dövlətimizin başçısının Seyid Əli Xameneinin və hadisələr zamanı həyatını itirmiş digər mülki şəxslərin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsini yüksək qiymətləndirdiyini bildirib. Pezeşkian Azərbaycan tərəfinin humanitar dəstək göstərmək niyyətini də xüsusi vurğulayaraq buna görə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, belə addımlar iki ölkə arasında humanitar və diplomatik münasibətlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır və regionda sabitliyin təmin olunmasına xidmət edir. Telefon danışığı zamanı ən çox diqqət çəkən məqamlardan biri isə Naxçıvan istiqamətində baş vermiş insidentlə bağlı müzakirə olub. Pezeşkian bildirib ki, Naxçıvanın havadan atəşə tutulması ilə bağlı yayılan məlumatların İran tərəfi ilə əlaqəsi yoxdur və rəsmi Tehran bu hadisədə iştirak etməyib. O qeyd edib ki, hadisənin bütün detalları araşdırılacaq və məsələ ilə bağlı obyektiv nəticələrin əldə olunması üçün müvafiq qurumlara göstəriş veriləcək. Prezident İlham Əliyev isə söhbət zamanı Naxçıvanda baş vermiş hadisənin hərtərəfli və şəffaf şəkildə araşdırılmasının vacibliyini xüsusi vurğulayıb.

Xalidə Gəray
Musavat.com

Chosen
93
musavat.com

1Sources