EN

İranla bağlı bu qadağa ləğv edildi – Quru sərhədlər isə…

Azərbaycan hökumətinin İran istiqamətində yük daşımaları ilə bağlı məhdudiyyətləri aradan qaldırması regionda diqqətlə izlənən qərarlardan biri kimi qiymətləndirilir. Nazirlər Kabinetinin yaydığı məlumata görə, Azərbaycan və İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yük daşımaları yenidən bərpa olunub. Qərara əsasən, martın 9-u saat 10:00-dan etibarən həm ikitərəfli ticarət, həm də tranzit məqsədilə yüklərin daşınmasına icazə verilib.

Rəsmi açıqlamada qeyd olunur ki, sərhəddən yük avtomobillərinin və digər nəqliyyat vasitələrinin giriş-çıxışı artıq bərpa edilib. Bu qərar bir müddətdir regionda baş verən siyasi və hərbi gərginlik fonunda tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması kimi qiymətləndirilir. Eyni zamanda, qərar Azərbaycanla İran arasında iqtisadi əlaqələrin qorunması və regional logistika marşrutlarının işlək vəziyyətdə saxlanılması baxımından mühüm addım hesab olunur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, yük daşımalarının bərpası Azərbaycan hökumətinin praqmatik yanaşmasının göstəricisidir.

Onun sözlərinə görə, regionda baş verən hərbi-siyasi proseslərə baxmayaraq, iqtisadi və logistika əlaqələrinin tam dayandırılması həm Azərbaycan, həm də region üçün ciddi problemlər yarada bilər:

“Azərbaycan uzun illərdir regionda tranzit ölkə kimi formalaşıb və Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm rol oynayır. Bu baxımdan İranla sərhəddə yük daşımalarının bərpası həm də beynəlxalq layihələrin davamlılığı üçün vacibdir. Bu qərar təkcə ikitərəfli münasibətlər deyil, həm də regional iqtisadi sistem baxımından əhəmiyyət daşıyır”.

Heydər Oğuz

Şərhçi hesab edir ki, bu addımın atılması avtomatik olaraq quru sərhədlərin tam açılması anlamına gəlmir. Onun fikrincə, yük daşımaları ilə sərnişin hərəkətinin bərpası fərqli məsələlərdir və hökumət bu məsələyə daha ehtiyatlı yanaşır:

“Hazırda yük daşımalarının bərpası iqtisadi zərurətdən irəli gələn addımdır. Lakin sərnişinlərin sərbəst gediş-gəlişi, yəni quru sərhədlərin açılması daha geniş təhlükəsizlik və siyasi faktorlarla bağlıdır. Azərbaycan hökuməti bu məsələdə tələsmir və qərar qəbul edilərkən həm regiondakı vəziyyət, həm də daxili təhlükəsizlik məsələləri nəzərə alınır”.

Onun sözlərinə görə, quru sərhədlərin açılması məsələsi bir neçə amildən asılıdır:

“Bunlar arasında regiondakı hərbi-siyasi gərginliyin səviyyəsi, qonşu ölkələrlə münasibətlərin vəziyyəti və ümumi təhlükəsizlik mühiti xüsusi rol oynayır. Əgər regionda sabitlik müəyyən qədər bərpa olunarsa və təhlükəsizlik riskləri azalarsa, o zaman mərhələli şəkildə quru sərhədlərin açılması gündəmə gələ bilər. Azərbaycan hökuməti son illərdə sərhəd siyasətində balanslı və mərhələli yanaşma tətbiq edir. Əvvəlcə iqtisadi fəaliyyətin bərpası, daha sonra isə digər sahələr üzrə məhdudiyyətlərin aradan qaldırılması ehtimalı daha real ssenari kimi görünür”.

Tunar
NOCOMMENT.az

Chosen
115
nocomment.az

1Sources