EN

Putin: Yaxın Şərq neftinin Hörmüz boğazı olmadan daşınmasını dəyişmək mümkün deyil » AzadMedia.az

Putin:


Vladimir Putin bildirib ki, Yaxın Şərqdə hasil olunan və daşınması Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft hasilatı yaxın bir ay ərzində tamamilə dayanmaq riski ilə üz-üzədir.

Rusiya prezidenti dünya neft və qaz bazarındakı vəziyyətə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd edib ki, artıq bəzi hasilat həcmlərində azalma müşahidə olunur.

Onun sözlərinə görə, Yaxın Şərq neftinin daşınmasını Hörmüz boğazından istifadə etmədən tam şəkildə başqa marşrutlara yönəltmək hazırda mümkün deyil.

Putin bildirib ki, logistikanın dəyişdirilməsi uzun zaman tələb edəcək və bunun üçün böyük infrastruktur xərcləri, dəniz terminallarının genişləndirilməsi və digər investisiyalar lazım olacaq. Bundan əlavə, bu proses yüksək siyasi risklərlə də müşayiət olunur.

Rusiya prezidenti vurğulayıb ki, enerji resurslarına tələbat hazırda yüksəkdir və son bir həftə ərzində dünya neft qiymətləri 30 faizdən çox artıb.

Putin əlavə edib ki, oxşar vəziyyət qlobal qaz bazarında da müşahidə olunur. Yaxın Şərqdən mayeləşdirilmiş təbii qaz tədarükləri kəskin şəkildə azalıb, regionda istehsal gücləri zəifləyib və onların bərpası həftələr, hətta aylar çəkə bilər.

Onun sözlərinə görə, yaranmış şəraitdə enerji resurslarının tədarükü uğrunda alıcılar arasında rəqabət daha da güclənir.

Putin həmçinin qeyd edib ki, Rusiya enerji şirkətləri uzun illərdir sabit və etibarlı tədarükləri ilə seçilir.

Prezident vurğulayıb ki, Yaxın Şərqdə davam edən münaqişə şəraitində qlobal enerji logistikasının daha sərfəli və perspektivli bazarlar istiqamətində dəyişməsi gözlənilir. Bununla belə, hazırda müşahidə olunan yüksək enerji qiymətlərinin müvəqqəti xarakter daşıdığı da qeyd olunub.

Chosen
48
1
azadmedia.az

2Sources