
Şotlandiyanın Qlazqo şəhərindəki "Central" dəmiryolu stansiyasında baş verən yanğın nəticəsində tarixi bir binanın uçduğu bildirilib.
AFN.az xəbər verir ki, Şotlandiyanın ən işlək nəqliyyat qovşaqlarından biri olan Qlazqo mərkəzi vağzalındakı yanğın səbəbindən bina dağılıb, stansiyanın fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.
Şotlandiya Yanğın və Xilasetmə Xidmətinin yaydığı məlumata görə, hadisə ötən gün saat 16:00 radələrində stansiya daxilindəki dördmərtəbəli kommersiya binasında yerləşən iş yerlərindən birində başlayıb. Rəsmilər yanğının səhər saatlarında nəzarət altına alındığını, hadisə zamanı ölən və ya yaralananların olmadığını açıqlayıblar.
Yanğın zamanı stansiyanın küncündə yerləşən və dövlət tərəfindən mühafizə olunan tarixi binanın tamamilə uçduğu qeyd edilib. Gündəlik təxminən 70 min sərnişinin istifadə etdiyi Qlazqo mərkəzi vağzalının ən azı iki gün müddətinə bağlı qalacağı elan olunub.