EN

Yel çərşənbəsi gəldi: qədim inanclar, maraqlı fallar və unudulan adətlər

Bu gün Azərbaycanda ilaxır çərşəmbələrdən üçüncüsü - Yel çərşənbəsi qeyd olunur. Xatırladaq ki, bu il Yel çərşənbəsi –10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir.

Xalq arasında bu günə bəzən “Küləkli çərşənbə” də deyilir. Bu ad təsadüfi deyil. Qədim inanclara görə, yel təbiətin nəfəsi, həyatın hərəkətverici qüvvəsidir. Hava ünsürünün canlanması ilə həyat da oyanır, baharın nəfəsi hiss olunur.

Fərqli bölgələrdə fərqli adlar

Novruzun çərşənbələri haqqında müxtəlif bölgələrdə fərqli adətlər və inanclar mövcuddur. Məsələn, Yel çərşənbəsi ölkənin əksər bölgələrində bu gün qeyd olunsa da, Naxçıvan bölgəsində bu günə Torpaq çərşənbəsi deyildiyi hallara da rast gəlinir. Bu müxtəlifliyin kökləri qədim türk dünyagörüşü və zərdüşti inanclarına gedib çıxır.

Folklorşünasların fikrincə, bu dörd çərşənbənin sıralaması ilə bağlı tam razılıq yoxdur. Qədim zərdüşti mənbələrdən olan Avestaya görə, yaradılışın ilkin mərhələlərində Ahura Məzda xaos içərisindən əvvəlcə suyu, sonra odu, daha sonra torpağı və sonda yeli yaratmışdır. Bu baxımdan bəzi tədqiqatçılar hesab edirlər ki, üçüncü çərşənbə torpağın oyandığı gün, sonuncu isə küləyin hərəkətə gəldiyi gündür.

Yel çərşənbəsinin adət-ənənələri

Yel çərşənbəsi ilə bağlı xalq arasında maraqlı və bəziləri artıq unudulmağa başlayan bir sıra adətlər mövcuddur.

Yüyət günü

Bu günün əsas adətlərindən biri hesab olunur. İnsanlar həm mənəvi, həm də fiziki təmizliyə xüsusi diqqət yetirərdilər. Ev-eşik, həyət-baca süpürülər, geniş təmizlik işləri görülərdi. İnanca görə, yel yalnız təmiz olan evlərə uğur və bərəkət gətirər.

Cıdır falı

Kəndin gəncləri cıdır meydanına toplaşar, hər kəs ürəyində bir niyyət tutaraq bir atı seçərdi. Hansı gəncin seçdiyi at yarışı birinci bitirərdisə, onun niyyətinin həyata keçəcəyinə inanılardı. Bu adət qədim türklərin at kultu ilə bağlıdır. Çünki at sürəti və gücü təmsil edir, yel kimi azad və coşğun sayılırdı.

Başmaq falı

Subay qızlar axşam evin qapısına arxaları həyətə dönərək sağ çiyinləri üzərindən başmaqlarını həyətə atardılar. Başmağın burun hissəsi qapıya tərəf düşərdisə, bu, qızın həmin evdə qalacağına işarə sayılardı. Əksinə düşərdisə, yaxın zamanda ailə quracağına inanılardı.

Unudulan şirniyyat - “çökə

Yel çərşənbəsi ilə bağlı zamanla unudulan şirniyyatlar da var. Onlardan biri çökə adlanan şirniyyatdır. Görünüşcə şəkərburaya bənzəsə də, üzərindəki naxışlar qədim mifoloji simvolları əks etdirirdi. Çökə əsasən evə gələn qonaqlara təqdim olunardı və bu, bolluqla qonaqpərvərliyin rəmzi sayılardı.

Yel çərşənbəniz mübarək!
 
Xalidə Gəray
Musavat.com

Chosen
77
31
musavat.com

10Sources