Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir.
Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.
Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.
Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.
Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.
Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.