BAKI, 10 mart. TELEQRAF
ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem Vaşinqtonun Bəsrə körfəzindəki müttəfiqlərini, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Amerika və İsrailin İranla müharibəsində fəal iştirak etmədiklərinə görə tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.
Siyasətçi BƏƏ-nin öz ərazisindən İrana hücum üçün istifadə olunmasına icazə verməyəcəyi barədə açıqlamasına belə reaksiya verib:
“Bu, həqiqətən də məyusedicidir. Bizə elə tərəfdaşlar lazımdır ki, məğlub olmayacağımız bu mübarizədə önə çıxsınlar. ABŞ Səudiyyə Ərəbistanı və digər ölkələrdəki dostlarının irəli çıxıb “Bu müharibə bizim də müharibəmizdir” deməsini gözləyir.
Ərəb dostlarımıza deyirəm: mən sizə Yaxın Şərqdə yeni nizam qurmaqda kömək etmişəm. İndi isə sizin burada daha fəal rol oynamağınız lazımdır”.
Lindsi Qrem ABŞ-nin öz ərazisindəki hərbi bazalardan İrana qarşı istifadə etməsinə icazə verməyən İspaniyanı da tənqid edib:
“Müttəfiqlərimizə deyirəm: hərəkətə keçin. Hava bazalarınızı İspaniyadan çıxarın. Onlara etibar etmək olmaz. Bütün təyyarələri elə ölkəyə köçürün ki, İran kimi bir rejim tərəfindən təhdid olunanda onların istifadəsinə icazə versin”.