EN

Məftun Səfərli: “Muğam nəinki Azərbaycanın, həm də dünya musiqisinin vizit kartıdır”

 

Azərbaycanın musiqi yaddaşı olan muğam, əsrlər keçsə də, gənc səslərin nəfəsində yenidən canlanır. Bu gün muğam sənətimiz özünün intibah dövrünü yaşayır və bu estafeti gələcəyə daşıyan istedadlı gənclərimiz onun hüdudlarını ölkə sərhədlərindən çox-çox uzaqlara, okeanların o tayına qədər genişləndirirlər. Bu günkü müsahibim, səsi ilə ruhlara sığal çəkən, sənətdə öz dəst-xəttini axtaran və ustadlarının etimadını layiqincə doğruldan gənc xanəndə Məftun Səfərlidir.

O, Azərbaycan və Beynəlxalq Muğam Televiziya müsabiqələrinin qalibi, Azərbaycanın və Özbəkistanın xalq artisti, qüdrətli sənətkar Gülyanaq Məmmədovanın yetirməsidir.

Bu məqamda unudulmaz ustadımız, Xalq artisti Hacıbaba Hüseynovun misraları yada düşür:

“Arzumdur vətənimdə yaşayan hər bir kəs
Qəzələ, musiqiyə, şeirə həvəskar olsun.
Ey cavanlar, siz Tanrı, sizə canım qurban,
Qoymayın siz bu muğamatımızı xar olsun.”


Ruhunuz şad olsun, ustad! Məftun Səfərli kimi istedadlı gənclər sizin bu arzunuzu yalnız vətənimizdə deyil, okeanın o tayında da yaşadır, muğamın başını uca edirlər. Estafet etibarlı əllərdədir.
Beləliklə, bu dəfəki müsahiimiz Məftun Səfərlidir.

– Məftun bəy, müsahibəmizə başlamazdan əvvəl oxucularımıza özünüz və keçdiyiniz musiqi yolu haqqında qısa məlumat verərdiniz.

– Mən, Məftun Səfərli, 1997-ci ildə Şirvan şəhərində dünyaya göz açmışam. Orta təhsilimi yeddinci sinfə qədər Şirvanın Nəriman Nərimanov adına 2 saylı məktəbində almışam. Sonradan musiqi eşqi məni Bakı şəhərinə gətirdi və təhsilimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirdim.
Ümumilikdə sənət yolunda on beş ilə yaxındır addımlayıram, peşəkar səhnə fəaliyyətim isə on ili əhatə edir. Bülbül adına məktəbdə müəllimlərim Sahib İbrahimov və Nuriyyə Hüseynova olmuşdur. Lakin sənətimdə ən çox bəhrələndiyim, dəst-xəttini mənimsədiyim və yolunu özümə örnək bildiyim ustadım Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovadır. Gülyanaq xanım mənə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də dərs deyib, müəllimlik etmişdir.

– Bəs nə vaxtsa özünüzü pedaqoq kimi sınamaq, tələbə yetişdirmək istərdinizmi?


– Düzünü desəm, özümü pedaqoq kimi görmürəm. Mən hər zaman solist olmağa, səhnədə tək ifa etməyə üstünlük vermişəm. Sənətdə daim yeniliyi axtarıram, amma klassik çərçivədən, köklərdən kənarlaşmamağa çalışıram. Əgər klassikadan qopsaydım, bəlkə də müəllim kimi tanınmazdım. Xanəndə kimi tanınmasam belə, solo ifaçı və ya mahnı janrında çıxış edən bir sənətçi olardım. Əgər məndən musiqiçi olmasaydınız, hansı peşəni seçərdiniz deyə soruşsaydınız, deyərdim ki, həkimliyə, xüsusən də cərrahlığa həmişə böyük marağım olub.

– Məftun bəy, mahnı janrından bəhs etdiniz. Lakin biz sizi daha çox milli muğamlarımızın və xalq mahnılarının mahir ifaçısı kimi tanıyırıq. Estrada mahnılarına marağınız varmı?

– Həvəsim var, əlbəttə. Lakin mahnıya ürək qoymaq muğama ürək qoymaqdan daha çətindir. Muğamda zəngulə və avazlar müəyyən bir xətt üzrə inkişaf edir. Amma mahnı janrı elədir ki, orada sən ilk növbədə sözün xarakterini oxucuya ötürməlisən, sonra isə mahnının ladını və melodik xəttini göstərməlisən. Bunların ikisini bir araya gətirmək kifayət qədər mürəkkəbdir. Şairin qəlbindən keçən duyğuları musiqiçi öz səsi ilə dinləyiciyə çatdırmalıdır. Ona görə də mənim aləmimdə estrada mahnılarını ifa etmək çox çətindir. Xalq mahnılarını oxumaq isə mənə daha doğmadır, bəlkə də daha asandır. Klassik bəstəkarların əsərlərinə ürək qoyub oxumaq da ehtiyat tələb edir, onlara istədiyin kimi yanaşa bilmirsən. Cahangir Cahangirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Şəfiqə Axundova, Üzeyir Hacıbəyli kimi sanballı bəstəkarlarımızın yaradıcılığına müraciət edəndə artıq rahat olursan ki, onlardan istədiyin musiqi ağırlığını və sanbalını götürə bilərsən.

– Muğam insan ruhunun ən dərin qatlarına necə toxunur və siz bunu öz ifanızda necə hiss edirsiniz?

– Muğamı dinləyən müəyyən bir kütlə var. Muğamı hər kəs eşidə bilər, amma hər kəs dərk edib başa düşə bilməz. Onu mütləq ruhən duymaq lazımdır. Muğam ağır musiqidir, çətin bir sənətdir. O, nəinki Azərbaycan musiqisinin, həm də dünya musiqisinin vizit kartıdır. Çünki bütün dünya musiqiləri müəyyən ladlara istinad edir, lad da bizimdir, muğam da... Muğama yanaşmaq böyük hazırlıq tələb edir. Hər muğamın özünəməxsus xarakteri var. İfanda o xarakteri vermək üçün xanəndə gərək ruhən, cismən və beynən həmin havanın içində olsun. İşi yola vermək xatirinə yox, həqiqətən xanəndə kimi yanaşmalısan. Bunun da ən böyük şərti sevgidir.
Keçən dəfə İctimai Radioda məndən muğamın mənim üçün nə olduğunu soruşdular. Cavab verdim ki, muğam mənim həyat tərzimdir. Yemek yeyəndə, yatanda, gəzəndə, ağlayanda, hətta güləndə belə mən muğamı hiss edirəm. Hər bir duyğumu ona bağlayıram. Yaşamadığın, hiss etmədiyin bir şeyi başqasına çatdıra bilməzsən. Gərək sənətin üçün yanasan, hətta kül olasan ki, o tüstünü və alovu dinləyiciyə ötürə biləsən. Mənim düşüncəm belədir.

– Muğam ifaçısı kimi sizin üçün melodiyadan daha önəmli olan nədir: söz, yoxsa duyğu?

– Mənim üçün əlbəttə ki, birinci yerdə söz dayanır. Sözün qüdrəti olmasa, musiqi yarımçıq qalar. Baxın, dünya klassikləri – Bethoven, Motsart, Şubert, Şuman öz duyğularını musiqi dili ilə çatdırıblar. Yaxud fars musiqisinə nəzər salsaq, orada daha çox zəngulə və avazın hakim olduğunu görərik.



Amma bizim muğamımızın gözəlliyi ondadır ki, o, qəzəllərlə, dərin mənalı şeirlərlə vəhdət təşkil edir. Allah Üzeyir Hacıbəyliyə rəhmət eləsin, Şərqdə ilk operanı yaratmaqla o, sözü və dastan mühitini musiqi vasitəsilə tamaşaçıya çatdırdı. Ona görə də əsas yük sözün üzərinə düşür. Məhəmməd Füzulinin dediyi kimi:

“Məndən Məcnundan füzun, aşiqlik istedadı var;
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var”.

Biz bu sözləri dərk etməsək, çıxışımız sadəcə “yola vermək” olacaq. Şairin nə demək istədiyini anlasaq, ifanın təsiri ikiqat olar. Səs bəzən texniki cəhətdən axsaya bilər, amma söz düzgün və ürəkdən çatdırılarsa, tamaşaçı o səhvi görməz və səni alqışlayar.

– Xalq artisti Gülyanaq Məmmədovanın tələbəsi olmusunuz. Onun hansı dərsi sizin sənət həyatınızda əsaslı dönüş yaratdı?

– Gülyanaq xanım təkcə yaxşı ustad deyil, o, həm də çox qayğıkeş ana, gözəl dost və mərhəmətli müəllimdir. Bizim aramızda həm ustad-şagird, həm də ana-bala münasibəti var. Mən özümü və sənətimi onsuz təsəvvür edə bilmirəm. Onun sənətinin ən böyük özəlliyi tələbəyə sərbəstlik verməsidir. Heç vaxt məcbur etmir ki, muğamı mütləq filan qaydada, şablon şəkildə oxumalısan. Mən “Ustad, gəlin bunu dəyişək” deyəndə mənə təkan verir, icazə verir. Amma elə ustadlar var ki, “özündən Amerika kəşf eləmə” deyib tələbənin yolunu kəsirlər.

Gülyanaq xanım çox sadə insandır. Bir dəfə Avstriyada Azərbaycan mədəniyyət günlərində idik. Qayıdanda hava limanında əlini çiynimə qoyub mənə bir söz dedi. Açığı, o vaxtlar mən böyük sənətkarımız Alim Qasımovun səsinə səcdə edirdim, onu yamsılamağa çalışırdım. Gülyanaq xanım dedi: “Sənin çox gözəl səsin var. Ancaq çalış öz yolunu tap”. Bu sözlər mənim qulağımda sırğa oldu. O andan tərzimi dəyişdim. Klassikləri, dünya musiqilərini, Nüsrət Fateh Əli, Hayda, Umerya kimi ifaçıları dinlədim və onlardan nəsə götürüb Azərbaycan musiqisinə gətirməyə çalışdım. Bu gün fərqli bir ifa tərzi ortaya qoyuram və Allaha şükür ki, bu, alınır. Gülyanaq xanımla ünsiyyət özü bir həyat fəlsəfəsidir.

– Səhnəyə çıxmazdan əvvəl hansısa xüsusi vərdişləriniz və ya ritulallarınız varmı?

– Bəli, hələ də səhnəyə çıxmazdan əvvəl ilk olaraq Gülyanaq xanımla danışıram. Onun məsləhətləri mənə böyük stimul verir. Hətta elə olub ki, səsim yerində olmayıb, amma Gülyanaq xanımı konsert zalında görən kimi səsim möcüzəvi şəkildə düzəlib. Bu, ruhsal bir bağlılıqdır. Dualar edirəm, anamla danışıram. Allah bütün valideynləri qorusun, dünyasını dəyişənlərə rəhmət eləsin. Qadın böyük qüvvədir. Yeri gəlmişkən, bu müsahibəni də məhz 8 Mart günü veririk.

– Muğam ifaçılığı sizə həyatın hansı tərəflərini daha dərindən anlamağa imkan verdi?

– Muğam mənim həyatımdır. Əhvalım olmayanda qəmli musiqiyə köklənirəm, şən olanda şən musiqiyə. Muğam xanəndənin xarakterini formalaşdırır, insanı ağır təbiətli edir. Bu sənətin sayəsində lazımsız musiqilərdən, dəyərsiz filmlərdən və faydasız yazılardan uzaq durursan. Muğam insanı kamilliyə doğru aparır.

– Sizcə, gələcək nəsil muğam ifaçıları üçün ən böyük çətinlik nə olacaq?

– Səs dəyişmə dövrü, yəni mutasiya.

– Siz özünüz bu çətinliyi necə keçdiniz?


– Mutasiya dövrü adətən 16 yaşda olur, amma məndə 12 yaşımda başladı və 17 yaşımda bitdi. Düz beş il çəkdi. Bu, bir növ kişilik dövrüdür, səs dəyişir. Həmin vaxt səsi qorumaq şərtdir. Mən vokal məşğələlərinə getdim, qəzəllər öyrəndim. Oxumasaydım, səsim paslanıb itə bilərdi.

– Gülyanaq xanım digər müəllimlərdən fərqli olaraq sizə hansı unikal yanaşmanı öyrətdi?

– O, mənim musiqi sərhədlərimi aradan qaldırdı. Beynimdəki və ürəyimdəki yenilikləri görməyə icazə verdi. Onun sayəsində yeni təsniflər yaratdıq, mahnılar bəstələdik. Hətta bəzi fars musiqilərini birlikdə işləyib fərqli ladda ifa etdik. Beynəlxalq Muğam Mərkəzində verdiyim iki solo konsertdə onun məsləhətləri həlledici oldu.

– Əgər muğamı bir rənglə ifadə etməli olsaydınız, hansı rəngi seçərdiniz?

– Muğam tək rəng deyil, o, rəngarəngdir. Məsələn, Segah muğamı kədər və ah-nalə olduğu üçün qara rəngdir. Mahur muğamı toy-bayram əhvalı yaratdığı üçün ağ rəngdir. Çahargah isə özündə qanı və döyüşü ehtiva etdiyinə görə qırmızı rəngdir.

– Muğamın tərbiyəvi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

– Muğam tərbiyəvi musiqidir. Bir çox elm adamlarımız, cərrahlarımız uşaqlıqda hər həftəsonu radioda səslənən muğamlarla böyüyüblər. Mən özümdən nümunə çəkim: Şirvandan gəlmiş bir gənc kimi Motsartla, Baxla, Alim Qasımovla, Canəli Əkbərovla tanış oldum. Həmyaşıdlarım bayağı mahnılara qulaq asanda, mən Fikrət Əmirovun "Bayati-Şiraz"ını dinləyirdim. Hansı musiqini dinləyirsənsə, mənəviyyatın da ona uyğun formalaşır.

– Uğur və məmnunluğu harada daha çox hiss edirsiniz: səhnədə, yoxsa kənarda?

– Mən məmnunluq hissini çox yaşamamağa çalışıram, çünki bu, təkəbbürə yol aça bilər. İnsan həmişə özünə tənqidi yanaşmalıdır ki, daha yaxşısını nümayiş etdirsin. Uğuru isə səhnədə, tamaşaçının alqışında hiss edirsən. Hətta səsin yerində olmayanda belə xalq səni alqışlayıb qəbul edirsə, bu, ən böyük uğurdur.

– Qarşıda hansı planlarınız və yenilikləriniz var?

– Planlarım çoxdur. Aprel ayında beynəlxalq “WOMEX” festivalında Azərbaycanı təmsil edəcəyəm. Bu yaxınlarda Dubayda keçirilən “Nehr” festivalında 90 ölkə arasında birinci oldum. Farsların ustad kamança ifaçısı Əleyəxsər Qəmçəri mənim ifamı eşidib çox təəccübləndi, elə bildi farsam. Çünki o aksenti vermək çox çətindir.

Həmçinin 9-cu Muğam Müsabiqəsinin Qran-pri mükafatçısıyam. Buradan ustadlarım Gülyanaq Məmmədovaya və Qoçaq Əsgərova təşəkkür edirəm. İndi isə üçüncü solo konsertimə hazırlaşıram, adını “Ustadların izi” qoyacağam. Ən böyük arzum milli musiqimizi dünyada tanıtmaqdır.

Təəssüf ki, bəzi ifaçılar muğamı kölgədə qoymağa çalışırlar. Deyirlər ki, "camaat bunu istəyir". Xeyr, sən camaata nəyi yaxşı təqdim etsən, onu da qəbul edəcəklər. Çürük almanı kimsə yeməz, hamı saf alma istəyər. Yaxşı şeyin alıcısı az olar, çünki baha olar. Xəzinə adətən viranəliklərdə gizlənir, onu tapmaq üçün zəhmət çəkmək lazımdır.

Bəzi sənətkarlarımız var ki, özlərini hegemon aparırlar, amma içləri boşdur. Onlar gənclərin yolunu kəsməməlidirlər. Biz niyə yerimizdə saymalıyıq? Vaxtilə Alim müəllimi də yenilik etdiyi üçün tənqid edirdilər, amma belə də olmalı idi. Xanəndələrin çoxu not bilmir, musiqi savadı yoxdur. Halbuki hər kəs harmoniyanı, alətləri bilməlidir. Mən Bülbül adına məktəbdə fortepiano, ud və qaval çalmağı öyrənmişəm.

Bir də musiqi təhsilindəki bəzi problemlərə toxunmaq istəyirəm. Mutasiya dövründə olan uşaqları imtahanlarda kəsmək olmaz. Onlara bəzi lazımsız fənlər əvəzinə əruz və qəzəl dərsləri dərindən keçilməlidir. İstedadlı, amma imkansız uşaqlar kənarda qalır. Bu, gələcək üçün böyük itkidir.
Son olaraq, muğamda yerlibazlığın əleyhinəyəm. Muğam ümumbəşəridir. Qarabağ muğamın beşiyidir, bəli, amma muğam bütöv Azərbaycanındır. Şəhid verən hər qarış torpaq vətəndir və harada segah oxunursa, ora mənim vətənimdir.


Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: aia.az

 

Chosen
5
1
sabahinfo.az

2Sources