EN

Amasiya İcmasında iki bayram bir arada: Milli ruhun və zərifliyin təntənəsi



Martın 9-da yurd həsrətini vətən sevgisi ilə birləşdirən Amasiyalı xanımlar baharın gəlişini və 8 Mart Beynəlxalq Qadınlar Gününü qürurla qeyd etdilər. Baharın nəfəsi təbiəti oyatdığı, qəlblərə yeni ümidlər toxumu səpdiyi bir vaxtda, Qərbi Azərbaycanın qədim və bərəkətli torpağı olan Amasiya rayonunun icmasında möhtəşəm bir bayram tədbiri keçirildi. Bu tədbir sadəcə təqvim bayramlarının qeyd olunması deyil, həm də sarsılmaz bir el-oba birliyinin, unudulmayan adət-ənənələrin və dəmir iradəli qadınlarımızın ehtiram məclisi idi. 8 Mart Beynəlxalq Qadınlar Günü və milli mənəviyyatımızın tacı olan Novruz bayramı münasibətilə təşkil edilən mərasim hər bir iştirakçının yaddaşında silinməz izlər qoydu.

Bayram süfrələri Novruzun rəmzi olan səmənilər, şəkərburalar, paxlavalar və Amasiya mətbəxinin əvəzsiz təamları ilə milli ruhda bəzədilmişdi. Lakin məclisin ən böyük bəzəyi və qürur mənbəyi orada əyləşən fəal xanımlar, ziyalılar və hamımızın baş tacı olan şəhid anaları idi. Qərbi Azərbaycan TV-nin rəhbəri, tanınmış publisist Telli Pənahqızının və şəhidlərimizin əziz analarının iştirakı tədbirə xüsusi bir mənəvi ucalıq bəxş edirdi.


Tədbiri giriş sözü ilə açan Amasiya rayon İcmasının sədr müavini Elmar Hüseynov qonaqları salamladı. İlk olaraq müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu sükut, qazanılan zəfərin və qayıdış ümidinin mənəvi auditoriyada əks-səda verdi. Daha sonra Amasiya rayon İcmasının sədri, görkəmli elm xadimi, akademik Abel Məhərrəmovun Amasiyalı xanımlara ünvanladığı səmimi bayram təbriki oxundu. Akademikin təbriki hər bir xanımın qəlbinə fərəh toxumu səpdi. Bu xoş sözlərin davamı olaraq, hər bir xanıma Abel müəllimin bayram hədiyyəsi olan ətirli çiçəklər təqdim edildi. Bu diqqət və qayğı məclisdəki bahar təravətini daha da artırdı.


Tədbirin bədii hissəsi Qəşəm Ağbabalının ifasında səslənən möhtəşəm "Ağbaba yallısı" ilə start götürdü. Yallı sədaları altında Amasiyalı xanımlar əl-ələ verib halay tutdular. Bu rəqs sadəcə bir musiqi nömrəsi deyil, ulu babalarımızdan miras qalan birliyin, bərabərliyin və sarsılmazlığın nümayişi idi. Bayram tonqalı ətrafında edilən rəqslər, sönməyən ocağımızın və qəlblərdə yaşayan yurd sevdasının rəmzi kimi alovlanırdı. Məşhur tar ifaçısı Qurban Pirimovun yadigarı Asim Pirimovun təqdim etdiyi rəngarəng musiqi proqramı, Qəşəm Ağbabalının qara zurnada ifa etdiyi Ağbaba-Şörəyel havaları, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə İsmayılovanın mahnıları tədbirə xüsusi bir rəng qatdı. Tarın sehrli tellərindən süzülən musiqi hər kəsi xəyalən o uca dağlara, Ağbaba yaylaqlarına apardı.

Tədbirin ən duyğulu anları çıxışlar zamanı yaşandı. Telli Pənahqızı qadınlarımızın cəmiyyətdəki və milli mübarizədəki rolundan danışdı. Şəhid Murad Məmmədovun anası Mürvət xanım, şəhid Muxtar Qasımlının anası Almaz xanım, şəhid Orxan Hüseynovun anası Xalidə xanım və şəhid Oqtay Şabanovun bacısı Rəna xanım çıxış edərək, vətən sevgisinin hər şeydən uca olduğunu bir daha xatırlatdılar. Eyni zamanda, ADPU-nun professoru Həcər Hüseynova, cüdo üzrə Azərbaycanın ilk qadın çempionu Arzu Hüseynova, Dürrə Vəliyeva və Bahar Qasımova çıxış edərək Amasiyalı xanımların həm elmdə, həm idmanda, həm də ictimai həyatda qazandığı uğurlardan bəhs etdilər. Onların metanəti və qüruru bütün zalda böyük ehtiramla qarşılandı.

Amasiya rayonu Qadınlar Şurasının sədri Teyfə Zilfiqarova öz çıxışında şəhid anaları başda olmaqla bütün Amasiyalı xanımları ürəkdən təbrik edərək bildirdi ki, Amasiyanın gəlinləri və qızları hər zaman öz ləyaqəti, zəhmətkeşliyi və vətənpərvərliyi ilə seçiliblər. Bu bayram tədbiri bir daha sübut etdi ki, Amasiya İcması öz kökünə, adət-ənənəsinə və insanına sahib çıxan böyük bir ailədir. Milli bayramımız olan Novruzun müjdəsi ilə birləşən bu zəriflik bayramı hər bir iştirakçıda böyük bir inam yaratdı: bir gün bu tonqallar elə Amasiyanın özündə, Ağbabanın ətəklərində alovlanacaq!




Chosen
28
aia.az

1Sources