EN

Ədalət mühakiməsi ilə bağlı dərslik vəsaitinin təqdimatı keçirildi - FOTO

BAKI, 10 mart. TELEQRAF

"Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Məhkəmə Hüquq Şurasından Teleqraf-a verilən xəbərə görə. Bakı Apellyasiya Məhkəməsində “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin təqdimat mərasimi təşkil olunub. Vəsait Azərbaycanda ədalət mühakiməsinin müxtəlif nəzəri və praktik aspektlərinin araşdırılmasına həsr edilib.

Kitabda ədalət mühakiməsinin mahiyyəti, son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə informasiya texnologiyaları, rəqəmsallaşma və süni intellekt sistemlərinin tətbiqi perspektivləri kimi mövzular əhatə olunur. Bundan başqa, ədalətli məhkəmə araşdırması hüququnun ümumi və xüsusi institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və məhkəmə prosesinin digər iştirakçılarının hüquqi statusu, eləcə də Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyət istiqamətləri izah edilir. Kitabdan yalnız tələbələr deyil, həm də hakimlər, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, tədqiqatçılar və bu sahə ilə maraqlanan digər şəxslər faydalana bilərlər.

Təqdimat mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov “Ədalət mühakiməsi hüququ” vəsaitinin həm elmi-akademik, həm də praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırıb: “Təqdim olunan dərs vəsaitinin üstün cəhətlərindən biri də odur ki, burada ədalət mühakiməsinin nəzəri əsasları ilə yanaşı, müasir məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və yeni texnologiyaların məhkəmə sistemində tətbiqi kimi aktual məsələlər də geniş şəkildə təhlil olunmuşdur. Bu isə kitabın həm akademik, həm də praktik baxımdan əhəmiyyətini artırır”.

Dərs vəsaitinin həmmüəllifi, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova bildirib ki, kitab yeddi fəsildən ibarətdir. O, çıxışında hakimiyyət qollarının bir-biri ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərdiyini və bütün hallarda qanunun aliliyinə əməl edilməsinin vacibliyini qeyd edib.

Digər müəllif Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə çıxışında elm və praktik fəaliyyət sahələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin nəşri də məhz bu əməkdaşlığın nəticəsidir. Bildirilib ki, kitab Milli Aviasiya Akademiyası ilə Məhkəmə-Hüquq Şurası arasında imzalanmış memorandum çərçivəsində nəşr olunub. O diqqətə çatdırıb ki, əməkdaşlıq çərçivəsində elm adamları ilə hakimlər arasında silsilə görüşlərin keçirilməsi də qarşıya məqsəd kimi qoyulub. Bu cür görüşlər nəzəri biliklərlə məhkəmə təcrübəsi arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Çıxışında Məhkəmə-Hüquq Şurasının bu istiqamətdə göstərdiyi dəstəyi xüsusi vurğulayan müəllif bildirib ki, qurum daim elmi təşəbbüslərə kömək edir və hakimlərin tədris prosesinə cəlb olunmasına şərait yaradır.

Kitabın müəlliflərindən olan hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov isə vəsaitdə müzakirəyə açıq bəzi məsələlərin də yer aldığını bildirib. Onun sözlərinə görə, kitabda Məhkəmə-Hüquq Şurasının statusunun Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion səviyyədə təsbit olunması ilə bağlı təkliflər irəli sürülüb.

Daha sonra çıxış edən Yasamal Rayon Məhkəməsinin sədri Anar Tanrıverdiyev və Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev keçirilən görüşü yüksək qiymətləndiriblər. Onlar qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması istiqamətində təkliflərin hazırlanmasının vacibliyini qeyd edərək, bu sahədə alimlər və hakimlər arasında əməkdaşlığın daha da gücləndirilməsinin zəruri olduğunu bildiriblər.

Tədbir kitabın məzmunu və əhəmiyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Chosen
45
1
teleqraf.com

2Sources