EN

Canına yazığı gəlməyən müğənnimiz Orxan Saffari yazır…

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kim deyir ki, sənət sahəsində hər şey ədalətsizdir? Əlbəttə, doğrudur, ədalətsiz olan məsələlər var. Ancaq məhz ədalətli məqamlar da az deyil.

Məsələn, heç kim Niyam Salamiyə böyük sənətkar demir, onu ifaçı, sənət adamı kimi də çox sevmirlər. Buna görə, əslində, bütün dinləyicilərə təşəkkür düşür. Görünür, xalqın gözündəki tərəzi arada bir düzgün göstərir.

Maraqlı olan odur ki, elə adamlar var, onlar məhz elə adama çatmır. Yəni belə fiziki olaraq mövcuddurlar. Özü də, mövcudluqlarını sübut belə edirlər. Məsələn, oxuyurlar. Ancaq yenə də adama çatmır. Sözü uzatmağa ehtiyac yoxdur. Adama çatmayan sənət adamlardan biri də Niyam Salamidir.

Onu deyim, Niyam Salami səsi tanınan müğənnilərdəndir. Yəni müğənni var ki, səsi adama heç nə demir, adını deməsən, oxuyanın kim olduğunu heç kim bilməz. Ancaq Niyamın səsini dərhal tanıyırsan. Onun səsini eşidən kimi bilirsən ki, bu, Niyamın səsidir. Çünki ikinci bu cür pis səs başqa adamda yoxdur. Səsi pis olan adamlar var, o heç. Ancaq Niyama çatanı yoxdur.

Bu mənada, Niyam Salami ilkə imza atmış adamdır. O, səsi olmamağın simvoludur, ən pis səsə sahib olan insanların bayraqdarıdır.

Niyam Salamı öz tərzi ilə də səhnədə seçilən adamdır. Ancaq təkcə görüntüyə görə. Məsələn, heç bir müğənninin əlinin üstündə tatoo yoxdur, demək olar, ən fərqli saç stilləri də onda olur və fərqli geyimlər geyinir. Vəssəlam. Səsi olmadığı üçün, onu ancaq bu cür məsələlər fərqləndirir.

Ümumiyyətlə, Niyam oxumaqla özünə zülm verir. Azərbaycanda səs tellərinə qarşı ikinci bu cür sərt mövqedə olan adam yoxdur. Sanasan, çiməndən sonra soyuq su içib, hələ bir çölə də çıxıb deyə soyqdəyməsi keçmir. Konkret canına yazığı gəlmir.

Məncə, Niyam Salami həm də sənət adamları arasında ən uğurlu adamlardan biridir. Çünki oxumaqdan çox bizneslə məşğul olur. Yenə yaxşıdır, az da olsa başa düşür ki, oxumaq ona heç nə verməyəcək, oxumağına qəti ehtiyac yoxdur, ona görə də çörəyini biznesdən qazanmağa çalışır. Əslində, fərqli-fərqli biznesləri olan müğənilər var. Ancaq Niyam yeganə adamdır ki, vikipediysında da biznesmen olduğu yazılıb. Ona görə ki, müğənni olmağı ilə razılaşmayanlar heç olmasa, bunu görsünlər. Yəni bu adam boş deyil, bir işlə məşğuldur.

Niyam Salamini dindirsən, əlbəttə, sənət haqqında onun da mütləq yüksək fikirləri var. Ancaq sənətdən anlayan adam nəyin bahasına olursa olsun, “Aşqım” adlı mahnı oxuyursa, demək, məsələ aydındır.

Bəzi adamların, bəzi sənət nümunələrinin bayağılığına belə izah var. Ancaq bu mahnıyla tanınan ifaçının, bu mahnını bəh-bəhlə oxuyan müğənninin heç nəyinə izah ola bilməz.

Üstəlik, Niyam Salami təkcə Azərbaycan dilində yox, eyni zamanda Türk dilində də musiqilər oxuyaraq sənətə ardıcıl zərbələr endirir. Hərdən mənə elə gəlir ki, Niyam Salami qardaş Türkiyə ilə münasibətlərimizi pisləşdirmək üçün belə edir. Azərbaycan dilində yarıdıb oxuya bilməyən adam Türk dilində niyə oxusun ki?

O da yaxşıdır ki, şey var ki, Niyam Salami oxuduğu mahnılara görə qəti şəkildə mükafatlandırılmayıb. Ona heç Allahın əməkdar artist adını da verməyiblər. Görünür, bu adların təqdimatlarını hazırlayanların da ədalət hissi tam ölməyib.

Yəni belə də, Niyam Salamiyə bu adı nə deyib versinlər? Sənətə hansı xidmətləri olub? Nə cür, necə seçilib?

Qəribədir ki, belə adamların həmişə böyük iddiası da olur.

Nə vaxt mikrafon uzadırsan ki, al, sən də danış, o dəqiqə deyirlər, bəs mənim xidmətim var.

Daha bilmirsən ki, hansı xidmətdən söhbət gedir?

Odur ki, Niyam Salamiya uğurlar arzu edirik.

Ancaq sənətdə yox, biznes fəaliyyətində.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
icma.az

1Sources