EN

Özəlləşdirmə çekləri: alimlərdən hökumətə çağırış

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ya çek sahiblərinin özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalı, ya da onlara kompensasiya ödənilməlidir”

Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Nəticədə Azərbaycan Respublikasında olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. Çünki SSRİ-dəki əmlak xalqın mülkiyyəti idi.

1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib.

Gəlin QANUNla olan normalara baxaq:

İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.

Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.

Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi - məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.

Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.

Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.

Bu fakt birmənalıdır ki, FƏRMAN QANUNU ləğv edə bilməz!

(HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLARA DİQQƏT)

Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.

Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.

Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı - onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.

Ümumiyyətlə, çek sahiblərinin tələblərinin tam qanuni olması və haqlarının bərpasının vacibliyi barədə illər boyu müxtəlif sahələr üzrə tanınmış şəxslər, elm və mədəniyyət xadimləri, mütəxəssislər tərəfindən fikirlər səsləndirilib, müvafiq qurumlara çağırışlar edilib. Son illər ərzində mövzuya dair mövqelərini AYNA.AZ-a açıqlayan bir sıra ziyalıların fikirlərindən xülasələri təkrar oxucuların diqqətinə çatdırır.

1992-ci ildə Prezidentin səlahiyyətlərini icra etmiş, Milli Məclisin sabiq sədri, akademik Yaqub Məmmədov

“Bilirsiniz ki, bir müddət yüksək dövlət vəzifələrində çalışmışam, qısa müddət isə ölkəyə rəhbərlik etmişəm. Bu səbəbdən özəlləşdirmə çeklərinin mahiyyəti barədə xəbərdar idim. Əslində bu çeklər keçid dövründə vətəndaşların ölkənin gələcək iqtisadi taleyində iştirakını təmin etməli idi. Lakin göründüyü kimi, bu, baş vermədi. Çeklər çox aşağı qiymətə “qara bazar”da toplandı və bundan yalnız bir qrup işbaz qazandı.

Bu proses faktiki olaraq unutduruldu. İlk növbədə müvafiq dövlət qurumları bununla bağlı maarifləndirmə, təbliğat işləri aparmalı idi, amma olmadı. Vauçerlər üçün tədavül müddəti nəzərdə tutulmamalı idi. Bu da olmadı. Nəticədə yüzminlərlə vətəndaşın birbaşa, milyonlarla vətəndaşın isə faktiki olaraq mülkiyyət hüquqları pozuldu. Özəlləşdirməyə çıxarılan müəssisələrin pay sahibləri kimlər idi və onlar bu prosesi necə həyata keçirdilər, bu barədə də ictimaiyyətə heç bir məlumat verilmədi. Təbii ki, baş verənlərin fonunda mən və ailə üzvlərim vauçerlərimizi saxladıq. Onlar bu gün də bizdə durur. Düşünürəm ki, məsələyə yenidən baxıla bilər və baxılmalıdır da”.

Keçmiş təhsil naziri, tanınmış türkoloq alim, profesor Firudin Cəlilov:

“Əhaliyə özəlləşdirmə çeklərinin paylanması olduqca mütərəqqi addım idi, lakin sonradan proses tamamilə gözdən düşdü. Ona görə ki, özəlləşdirmə prosesinin özü düzgün aparılmadı. Məncə, bu məsələdə tələsdilər. Çünki biz yenicə müstəqil olmuşduq. Əhalinin maariflənmə səviyyəsi yüksək deyildi. Çox adam heç bilmirdi ki, bu vauçerləri onlara nəyə görə veriblər.

Burada əsas məqsəd sovetlər dövründə qurulmuş müəssisələrdə onların özlərinin, valideynlərinin, dədə-babalarının xidmətlərini qarşılamaq idi. O zavodları, fabrikləri onlar qurmuş, ərsəyə gətirmişdilər. Çox təəssüf ki, əksəriyyət müəyyən işbazların təsirinə düşərək çekləri dəyər-dəyməzinə satdı. Ümumilikdə bu proses olduqca qüsurlu aparıldı.

Bu gün kimlərin əlində vauçerləri qalıbsa, heç olmasa, onların hüquqları bərpa edilməlidir. Bu, hər bir vətəndaşın hüququdur. Bu haqq pozuldu, imkan vermədilər ki, vətəndaşlar öz mülkiyyət hüququndan istifadə etsinlər. Heç olmasa, indi əllərində vauçerləri qalan vətəndaşların haqlarını bərpa etsinlər”.

1995-ci ildə özəlləşdirmə proqramını parlamentə təqdim edən Milli Məclisin sabiq üzvü, professor Cümşüd Nuriyev:

“O zaman özəllədirmə proqramını hazırlayarkən dünya təcrübəsinə istinad etdik. Mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə parlament nümayəndə heyətləri bir çox ölkələrə səfər etdi. Milli Məclisin Büdcə komissiyasının sədri olaraq birinci özəlləşdirmə proqramını parlamentə təqdim etdim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim rəhbərliyim altında aqrar sahənin özəlləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi məqsədilə Fransaya parlament nümayəndə heyətinin səfəri baş tutdu... Xaricə səfərlərimiz zamanı özəlləşdirmə prosesi ilə bağlı onların təcrübəsi ilə tanış olduq. Birinci özəlləşdirmə proqramı da məhz buna müvafiq olaraq hazırlandı. Yekunda qərara gəlindi ki, hər bir vətəndaş üçün dörd özəlləşdirmə çeki nəzərdə tutulsun.

Bu gün özəlləşdirmə çekləri əllərində qalan payçıların taleyinə aydınlıq gətirilməlidir. Təklif edərdim ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlələri Dövlət Xidməti Dövlət Əmlak Komitəsinin hüququ varisi olaraq çekləri əllərində qalan payçıların siyahısını hazırlasın. Bundan sonra növbəti addımlar müəyyən edilərək proses mərhələli şəkildə davam etdirilsin. Nəzərə almaq lazımdır ki, artıq bunun üzərindən uzun illər keçib və yeni situasiya yaranıb. Mövcud şəraitdə bunun necə həyata keçiriləcəyi, payçılara kompensasiyanın hansı şəkildə geri qaytarılması ilə bağlı müzakirələr İqtisadiyyat və Maliyyə nazirliklərinin, Milli Məclisin müvafiq komitələrinin, ekspertlərin iştirakı ilə birgə aparılmalıdır.

Eyni zamanda, o zaman özəlləşdirmə prosesinin hansı formada həyata keçirilməsi, qanunauyğunluğu məsələsinə də aydınlıq gəlməlidir. Nazirlər Kabineti müvafiq komissiya yaradaraq bu araşdırmanı təşkil edə bilər. Çünki özəlləşdirmə prosesinin yarımçıq həyata keçirildiyi ilə bağlı fikirlər artıq cəmiyyətdə özünə bir hüquq qazanıb. Yəni, şəhadətnamə alıb ki, bu prosesdən daha çox oliqarxlar faydalanıblar. Bu, bəlli həqiqətdir və onlar daha çox əmlak ələ keçirməklə, çoxmilyonluq pay sahiblərinin haqqını mənimsəyiblər.

Məsələyə iqtisadi prizmadan baxmaq lazımdır Məlumdur ki, Azərbaycanda əksər dövlət müəssisələri artıq özəlləşdirilib. Yalnız iri və inhisarçı dövlət şirkətləri qalıb ki, onların özəlləşməyə çıxarılacağı gözlənilir. Dövlətin investisiyası ilə tam olmasa da, qismən bunu təmin etmək olar. Misal üçün, ödənişli avtomobil yollarının özəlləşməsində bu çeklər yararlı ola bilər. Qarabağın inşası prosesində də vauçerlərdən istifadə etmək mümkündür”.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov:

“Ölkə vətəndaşları zamanında bu çeklərə böyük ümidlərlə baxıblar və mövzunun aktuallığını itirməməsinin əsas səbəblərindən biri də budur. Bəzən belə iddialara rast gəlirik ki, payçıların onlara məxsus özəlləşdirmə çeklərini satışa çıxarmaq üçün imkanı olub. Hətta, bu məqsədlə bir neçə dəfə tədavül müddətinin artırılması da qeyd olunur. Lakin bunu söyləyənlər o məqamı unudurlar ki, insanlar bu çeklərə ümidlə baxırdılar və proses onların istəklərinə uyğun şəkildə təşkil edilməyib. Bu səbəbdən də xeyli sayda vətəndaş hələ də çeklərini qoruyur.

Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanında aydın şəkildə qeyd edilirdi ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin sahibi vətəndaşlar olmalıdır. Hər bir çekin əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib.

Özəlləşdirmə çeklərinin tədavül müddəti artırılmalıdır. Əgər bu proses fərmanda və qanunvericilikdə nəzərdə tutulduğu formada aparılsaydı, o zaman insanlarımız kifayət qədər əmlaka sahib olardılar. Bu gün onlar nəinki buna nail olmayıblar, yüzminlərlə vətəndaş hələ də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Oliqarxların dövlət müəssisələrini ələ keçirməsi vətəndaşın günahı deyil. Əslində onlar da bu prosesdə istismar olunublar və məhz buna görə də çekləri “qara bazar”da satmaqdan imtina ediblər. Bütün hallarda vətəndaşların hüquqları bərpa edilməli, dəyən zərər hökumət tərəfindən kompensasiya edilməlidir”.

Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim, professor Əli Əlirzayev:

“Ulu öndər Heydər Əliyevin bununla bağlı fərmanı dövlətin vətəndaşa yüksək dəyərinin ifadəsi olmaqla yanaşı, hərraca çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlar arasında paylanmasını hədəfləyirdi. Bu, çox vacib və zamanında verilmiş bir qərar idi.

2011-ci ildən çeklərin tədavül müddəti başa çatıb. Lakin bu gün də çekləri əllərində qalan vətəndaşlarımız var. Hesab edirəm ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılması vacibdir. Bu, həm vətəndaşların sosial rifah halını yüksəldəcək, həm mikro sahibkarlıqla məşğul olanların sayını çoxaldacaq, həm də ölkəmizə yerli və xarici sərmayədarların marağını artıracaq. Hökumət orqanları bununla bağlı araşdırma aparıb, müvafiq qərar verməlidir”.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli:

“Özəlləşdirmə prosesi bununla bağlı qanunvericiliyə müvafiq formada həyata keçirilməli və yekunlaşdırılmalı idi. Əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanması ilə əlaqədar fərman və bununla bağlı qanunvericilik mükəmməl idi. Qanunvericilikdə pay sahiblərinin hüquqlarının qorunmasını nəzərdə tutan xeyli mütərəqqi məqamlar mövcud idi. Bu sırada özəlləşdirməyə çıxarılan müəssisələrin 65 faizinin vətəndaşlara məxsus olması, inflyasiyadan qorunmaqla konkret məbləğin müəyyən edilməsi, investisiya qiymətli kağızı olaraq çeklərin qorunmasına yönəlik qanunvericilik bazası müsbət cəhətlər idi.

Lakin sonradan proses yarımçıq saxlanıldı. Fərman və qanun mükəmməl idi, icrası isə bərbad. Əhalinin maariflənmə səviyyəsi yüksək deyildi, müvafiq qurumlar bu istiqamətdə fəal iş aparmadı. Nəticədə yüzminlərlə vətəndaş bu gün çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir.

Rəsmi dairələr müvafiq addımlar atmalı və özələşdirmə çekləri əlində qalan payçıların taleyinə aydınlıq gətirməlidir. Qarşıda böyük zavod və fabriklər özəlləşdirməyə çıxarılacaq. Bu, tarixi bir fürsətdir. Növbəti özəlləşdirmə prosesi zamanı çeki əlində qalan payçıların bu prosesdə iştirakına şərait yaradılmalıdır”.

İqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov:

“1990-cı illərdə özəlləşdirmə sahəsində problemlər yaşandı. Bu, təkcə Azərbaycana aid məsələ deyil, bütövlükdə bölgədə, qonşu ölkələrdə də problemlər yarandı. Azərbaycanda da özəlləşdirmə ilə bağlı qərar verildi və çeklər dövriyyəyə buraxıldı. Amma o çeklərdən özəlləşdirmədə effektiv şəkildə istifadə edilməsinin şahidi olmadıq. İllər keçdi, çeklərdən istifadə prosesi yarı-yarımçıq edildi. 2011-ci ildə çeklərin tədavül müddəti bitdi və bu qiymətli kağızlar yararsız kağız parçasına çevrildi. İndi onun yenidən dövriyyəyə buraxılması, özəlləşdirmə prosesində istifadəsi mürəkkəbləşib. Lakin hesab edirəm ki, bu problemi həll etməyin mexanizmi var.

Əllərdə qalan vauçerlərin qiymətli kağızlar olduğunu unutmamaq lazımdır. Həm də dövlət tərəfindən tanınan qiymətli kağızlardır. Emissiya prosesində çeklərdən istifadə edilməlidir. Emissiya mütərəqqi sistemlərdə belə baş verir: hansısa qiymətli kağızların alınmasına dövlət pul ayırır və bunun hesabına iqtisadiyyata pul kanalları cəlb edir. Düşünürəm ki, məhz bu qiymətli kağızlardan belə formada istifadə edə bilərik. Müvafiq proqram hazırlanmalı, qiymətli kağızlar investisiya axınlarına cəlb edilməlidir. Proqram hazırlanmalıdır ki, iqtisadiyyata, real sektora investisiyalar gəlsin və o qiymətli kağızlar emissiyanın istiqaməti olsun. Çünki emissiya məqsədli olmalıdır, pulu iqtisadiyyata elə-belə atmaq olmaz.

Mütərəqqi iqtisadi sistemin əsas mexanizmlərindən biri odur ki, o emissiya iqtisadiyyata yönləndirilsin, real sektora getsin. Bu baxımdan, çeklərin effektiv şəkildə dövriyyəyə qayıtması olduqca müsbət nəticə verə bilər. Hesab edirəm ki, əllərdə qalan çeklərin tədavülə qayıtması vacib amillərdəndir. Lazım olarsa, mən bu sistemin formalaşdırılması, hazırlanması və tətbiqində iştirak etməyə, dəstək verməyə hazıram.

İşğaldan azad olunmuş ərazilərdəki əmlakın özəlləşdirilməsində də vauçerlərdən istifadə oluna bilər. Əgər biz çeklərin effektiv dövriyyəsini təmin edə bilsək, sözsüz ki, azad ərazilərdəki əmlakın özəlləşdirilməsində effektiv istifadə mümkündür. Hesablamalara görə, azad edilmiş ərazilərdə on milyardlarla manatlıq investisiya portfelinə ehtiyacımız var. Sözsüz ki, xarici investisiyalar bizə lazım olacaq. Amma daxili investisiya resurslarını da unutmamaq lazımdır. Burada özəlləşdirmə çeklərinə, qiymətli kağızlara ehtiyacımız olacaq”.

İctimai-siyasi xadim, professor Məhərrəm Zülfüqarlı:

“Dövlət müstəqilliyinin bərpası vaxtı hamıya özəlləşdirmə çekləri verildi ki, vətəndaşların sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, onlar dövlət əmlakının özəlləşdirilməsində iştirak etsinlər, pay sahibi olsunlar. Yəni ki, çeklər bu məqsədlə paylanmışdı. Amma həmin vaxt işbazlar bundan yararlana bilsələr də, sadə vətəndaşların böyük hissəsi qazanclı çıxmadı. Sonra dəyər-dəyməzinə çeklər bazara çıxarıldı, dövlətin qiymətli kağızları qiymətdən düşdü.

Məsələ burasındadır ki, həmişə ilkin kapital oğurluğu olub. Fırıldaq yolla pul qazananlar, işbazlar camaatın savadsızlığından istifadə etdilər, ucuz qiymətə çekləri topladılar və müəyyən dövlət əmlakının özəlləşməsində iştirak edə bildilər. Həmin vaxt çeklərini satmayan, dövlətin qiymətli kağızının belə qiymətsiz ola bilməyəcəyini düşünən vətəndaşlar isə vauçerlərini saxladılar. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılsa da, çek sahibləri qiymətli kağızını cüzi pula dəyişmək istəmədilər. Həm də onlar hesab edirdilər ki, üzərində müddət göstərilməyən qiymətli kağızların tadavül müddəti yenə artırılacaq, amma 2011-ci ildən sonra müddət artırılmadı.

Çeklərindən istifadə edə bilməyən vətəndaşlar indi dövlətin onlara istifadə etmək üçün şərait yaratmasını tələb edirlər. Qanunla haqlıdırlar, çünki dövlətin qiymətli kağızlarından faktiki olaraq yararlana bilməyiblər. Bu baxımdan, hesab edirəm ki, məsələyə birdəfəlik son qoyulması üçün hökumət addım ata bilər. Həm insanların haqlarının bərpası baxımdan, həm də problemin həlli baxımından bu, təqdirəlayiq olardı. Hansısa formada məsələni yoluna qoymaq zəruridir. Hökumət ya əllərdə qalan çeklərin özəlləşdirmədə iştirakına şərait yarada bilər, ya da çeklər qiymətləndirilə, vətəndaşlara kompensasiya ödənilə bilər. Bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr vasitəsilə uyğun qərarın verilməsi təqdirəlayiq olar”.

Riyaziyyatçı alim, akademik Fikrət Əliyev:

“Burada söhbət yüzminlərlə insanın taleyindən gedir. Bəlkə də, onların sayı milyondan çoxdur. Düzdür, iddia edilə bilər ki, tədavül müddəti bir neçə dəfə artırılıb, bu mənada vətəndaşların imkanı olub ki, həmin çekləri mübadilə etsinlər. Lakin bir məqam var ki, faktiki olaraq vətəndaşlar bu prosesdə fəal iştirak etməyiblər. Maariflənmə səviyyəsi çox aşağı olub. Təbliğat işi yüksək səviyyədə təşkil olunmayıb. Bunlar obyektiv amillərdir. Çünki o dövrdə biz keçid mərhələsindəydik. İndiki mərhələdə, heç olmasa, çekləri əllərində qalan vətəndaşların mənafeyi naminə tədavül müddətinin yenidən artırılmasına ehtiyac var.

Ulu Öndər Heydər Əliyevin 90-cı illərdə imzaladığı fərman vətəndaşların qarşısında böyük imkanlar açırdı. Bilirsiniz ki, Ümumilli Lider həmin dövrdə ölkəmizin güclənməsi, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində mühüm fərmanlar imzalayıb. Onlardan biri də Sovetdən qalmış dövlət müəssisələrinin özəlləşməsində vətəndaşların fəal iştirakını təmin etməklə bağlı idi. Nəzərdə tutulurdu ki, özəlləşməyə çıxarılacaq müəssisələrin əsas payçıları məhz vətəndaşlar olacaq. Hesab edirəm ki, bu tarixi qərarın iştirakçıları olan və bu gün də vauçerləri əlində qalan soydaşlarımızın hüquqları qorunmalı, tədavül müddətinin artırılması ilə bağlı yeni proqram sənədi qəbul edilməlidir”.

YAP-ın tanınmış üzvlərindən, professor Şahlar Əsgərov:

“Vətəndaşların probleminin həll edilməsi lazımdır. Bizə məxsus özəlləşdirmə çeklərini saxlamamışıq, o zaman satdıq onları. Üzərindən 25 ilə yaxın zaman keçib. Arada fikirləşirəm ki, kaş satmazdım. Amma biz keçmişə yox, gələcəyə baxmalıyıq. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir ki, bu islahatların yeganə məqsədi əhalinin rifah halını yüksəltməkdir. Təbii ki, qanunun imkan verdiyi formada bu məsələ öz həllini tapmalıdır. İnanıram ki, tapacaq da”.

QEYD

Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il  1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət  Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün  AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
ayna.az

1Sources