İran Fars körfəzi regionunda bir neçə ölkəyə qarşı yeni hücumlar həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, martın 10-da İran Fars körfəzinin ərəb dövlətlərinə qarşı yeni zərbələr endirib. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə raket hücumu ilə bağlı xəbərdarlıqlar elan olunub. Səudiyyə Ərəbistanı neftlə zəngin şərq bölgələrində iki pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb, Küveyt Milli Qvardiyası isə altı dronun zərərsizləşdirildiyini bildirib.
Bildirilib ki, fevralın 28-də ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələrindən sonra İraqdakı İranpərəst silahlı qruplar ölkədə yerləşən ABŞ hərbi bazalarına hücumlar təşkil etməyə başlayıblar. Martın 10-da səhər həmin qruplardan biri İraqın Kərkük şəhərinə hava hücumu etdiyini açıqlayıb. Nəticədə ən azı beş nəfərin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilib. Hücumların arxasında kimin dayandığı isə hələ də məlum deyil.
Eyni zamanda, İsrail ordusu İranın dəstəklədiyi Livanın Hizbullah hərəkatına qarşı zərbələr endirib. İsrail hərbçiləri Cənubi Livanın sakinlərini təxliyə etməyə çağırıb və bölgədə Hizbullaha qarşı genişmiqyaslı əməliyyat planlarını elan edib.
Məlumata görə, ABŞ və İsrailin hücumlarından sonra İran yalnız ABŞ-nin regiondakı hərbi bazalarını deyil, həm də enerji infrastrukturunu hədəfə almağa başlayıb və dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını bağlayıb.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, əgər Hörmüz boğazından neft tədarükü pozularsa, ABŞ-nin İrana qarşı hücumları indiyədək həyata keçirilən zərbələrdən 20 dəfə daha güclü olacaq.
O, həmçinin İranla müharibənin tezliklə başa çata biləcəyini qeyd edib. Trampın bu açıqlamasından sonra dünya bazarında neft qiymətlərində müəyyən eniş müşahidə olunub.
Aminə ŞAHSUVARQIZI