ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva, 10 mart, AZƏRTAC
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff rusiyalı həmkarları ilə daim əlaqə saxlayır ki, bu da onlara ən həssas məsələlər üzrə dialoq aparmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, bu rabitə kanalı tərəflərə ən həssas mövzularda bir-birinə siqnallar ötürməyə imkan verir.
Peskov onu da bildirib ki, Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlar formatı davam etməlidir. O əlavə edib ki, bütün iştirakçılar bu formatda maraqlıdır və Amerika tərəfi vasitəçilik səylərini davam etdirməyə hazırdır.
Lakin Kremlin sözçüsü növbəti danışıqlar raundunun konkret vaxtının və yerinin hələ müəyyən edilmədiyini diqqətə çatdırıb.
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığına münasibət bildirən Peskov qeyd edib ki, söhbət zamanı Amerika tərəfi Ukraynada hərtərəfli həll yolu əldə olunana qədər atəşkəs üçün şərtlər irəli sürməyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.