EN

Çin enerji böhranında: Hörmüz boğazı gərginliyi Pekinə zərbə vurur

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları neft və qazın qiymətlərini rekord səviyyəyə qaldırıb və bu prosesin hələ başlanğıc olduğu bildirilir. Bu gərginlikdən ən çox əziyyət çəkən ölkələrdən biri Çindir.

Çin iqtisadiyyatı enerji resurslarının sabit və davamlı idxalından asılı olduğundan, yaranmış vəziyyət ölkənin strateji maraqlarını ciddi şəkildə təhdid edir. Ölkə əvvəllər Venesueladan və İrandan ucuz neft alırdı, lakin indiki şəraitdə bu mümkün deyil. İranın Hörmüz boğazını gərgin vəziyyətdə saxlaması Çin üçün ərəb ölkələrindən enerji tədarükünü də çətinləşdirib. Məlumata görə, Hörmüz boğazından keçən neftin 38%-i Çin tərəfindən alınırdı.

NOCOMMENT.az-a məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Pekin müharibənin başlanmasından bəri tərəflərə bir neçə dəfə ciddi mesajlar göndərib.

Elxan Şahinoğlu

“Birinci dəfə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək, Hörmüz boğazı və ona bitişik suların malların və enerji daşıyıcılarının nəqli üçün vacib beynəlxalq ticarət yolu olduğunu vurğuladı. Çin tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasını tələb etdi və Yaxın Şərqdə sülhün qorunması, müharibələrin qarşısının alınması və problemin dialoq yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduqlarını bildirdi. Lakin bu çağırış cavabsız qaldı.

Daha sonra Çin birbaşa Tehrana müraciət edərək Hörmüz boğazının açıq saxlanmasını və neft-qaz nəqliyyatına qarşı hər hansı hücumlardan çəkinilməsini tələb etdi. Pekin Qətərdən və Körfəz ölkələrindən gələn enerji tədarükünə böyük dərəcədə asılı olduğundan, Tehranın gərginliyi artırmamasını istədi. Lakin İran bu çağırışa da reaksiya vermədi.

Çin İranın strateji tərəfdaşı olsa da, Tehran hazırda öz neftini sata bilmədiyi üçün Körfəz ölkələrinin də enerji tədarükünü əngəlləmək siyasətinə üstünlük verir”, – deyə ekspert yekunlaşdırıb.

Ekspertin fikrincə, Hörmüz boğazında yaranan gərginlik və ABŞ-İsrail-İran qarşıdurması qlobal enerji bazarına ciddi təzyiq göstərir:

“Neft və qaz qiymətləri daha da artacaq və Çin bazarı kəskin təzyiq altında qalacaq”.

Tunar
NOCOMMENT.az

Chosen
45
nocomment.az

1Sources