EN

Neft bahalaşır: Azərbaycanda qiymətlər artacaq?

Dünya bazarında neft qiymətlərinin kəskin artması Azərbaycanda da qiymətlərə dolayısı ilə təsir göstərir. Ölkə neft ixracatçısı olduğu üçün bahalaşma büdcə gəlirlərinə müsbət təsir etsə də, idxaldan asılı olan sahələrdə qiymət təzyiqi yarana bilir. Belə vəziyyətdə Azərbaycanda daha çox hansı məhsul və xidmətlər bahalaşır? Bu proses ilk növbədə yanacaq, nəqliyyat xidmətləri, ərzaq məhsulları və tikinti materiallarına necə təsir edir?İqtisadçı ekspert Emin Qəribli Metbuat.az-a açıqlamasında bildirib ki, neftin qiymətinin artması uzunmüddətli olarsa, bizdə də bahalaşmaya gətirib çıxara bilər: “Ən azı 6-7 ay, bəzi hallarda isə bir il ərzində yüksək qiymətlər qalarsa, yanacağın qiyməti vasitəsilə digər qiymətlərə də təsir edə bilər. Amma çox vaxt biz bunu dalğavari şəkildə müşahidə edirik, yəni qiymətlər ya kəskin artır, ya da kəskin azalır. Bu isə ümumi qiymət artımına ciddi təsir göstərmir. Hətta təsir göstərdiyi hallarda belə, bu ilk növbədə sənaye məhsullarına aid olur. Əgər idxal edirik­sə, təbii ki, müəyyən mənada kənd təsərrüfatına da təsir edə bilər, lakin təsir əsasən sənaye məhsullarında daha çox hiss olunur”.E.Qəriblinin sözlərinə görə, son illərə baxsaq, neftin qiyməti elə də yüksək olmayıb və hətta azalmaq təhlükəsi də var idi:“Məhz buna görə də OPEC+ tərəfindən atılan addımlar daha çox ixracın azaldılmasına yönəlmişdi. Son altı ay isə müəyyən istisna təşkil edir. Bu dövrdə müxtəlif səbəblərdən - müharibə və bəzi ölkələrin bazarlarda mövqelərini gücləndirməsi ilə bağlı gözləntilər fonunda müəyyən artım müşahidə olunurdu. Əgər müharibə altı ay, bir il davam edərsə, təbii ki, vəziyyət fərqli ola bilər. O zaman bu proses zəncirvari şəkildə bütün sahələrə təsir göstərə bilər. Çünki elə bir məhsul demək olar ki, yoxdur ki, enerji ilə bağlı olmasın və ya enerji istifadəsi olmasın”.İqtisadçı qeyd edib ki, təsir ilk növbədə sənaye məhsullarında daha çox hiss olunur, daha sonra isə kənd təsərrüfatına keçir. Bu proses dərhal baş vermir, müəyyən vaxt tələb edir və nəticədə qiymət artımına gətirib çıxara bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
73
metbuat.az

1Sources