Pxenyan ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyərək Tehran rəhbərliyində baş verən dəyişikliklərə dəstək ifadə edib...
Poliqon xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb. Məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb. Bəyanatda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar kəskin şəkildə tənqid edilir və regionda sabitliyə ciddi zərbə vurduğu bildirilir.
KXDR XİN-in açıqlamasında qeyd olunur ki, ABŞ və onun müttəfiqlərinin hərəkətləri Yaxın Şərq regionunda sülh və təhlükəsizlik üçün əsasları sarsıdır və beynəlxalq miqyasda qeyri-sabitliyi daha da dərinləşdirir. Sənəddə vurğulanır ki, bu cür addımlar regionda gərginliyin artmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn və dövlətlərin suverenliyinin pozulmasına gətirib çıxarır.
Pxenyan həmçinin İranda siyasi rejimi dəyişmək cəhdlərini və ölkənin ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətləri qətiyyətlə pisləyib. KXDR diplomatik dairələri beynəlxalq ictimaiyyəti ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlara qarşı açıq mövqe nümayiş etdirməyə və regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün səyləri gücləndirməyə çağırıb.
Eyni bəyanatda İranın yeni ali dini liderinin seçilməsi məsələsinə də toxunulub. Bildirilir ki, İranın Ekspertlər Şurası ölkənin yeni ali lideri kimi Möctəba Xameneinin seçildiyini rəsmi şəkildə elan edib. Möctəba Xamenei bundan əvvəl öldürülmüş ayətullah Əli Xameneinin oğludur və onun seçilməsi İranın siyasi rəhbərliyində mühüm dəyişiklik kimi qiymətləndirilir.
KXDR Xarici İşlər Nazirliyi bu qərarı dəstəklədiyini bəyan edib və İranın daxili siyasi proseslərinə müdaxilə cəhdlərini qəbuledilməz adlandırıb. Eyni zamanda Pxenyan ABŞ prezidenti Donald Trampın Möctəba Xameneinin ali lider seçilməsini “böyük səhv” adlandıran bəyanatını da tənqid edib və bu cür açıqlamaların başqa dövlətlərin daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyini bildirib.
Poliqon.info