ABŞ Hərbi Dəniz Qüvvələri yaxın vaxtlarda əməliyyatlara başlayacaqlarına dair vədlərə baxmayaraq, demək olar ki, hər gün gəmiləri Hörmüz boğazından müşayiət etməkdən imtina edir.
Musavat.com xəbəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi demək olar ki, hər gün gəmiçilik sektorunun nümayəndələrindən müşayiət üçün müraciətlər alır.
Lakin hərbçilər hesab edirlər ki, mövcud şəraitdə belə əməliyyatlar çox təhlükəli ola bilər.
Bundan əvvəl ABŞ-ın energetika naziri Kris Rayt sosial şəbəkədə paylaşım edərək ABŞ Hərbi Dəniz Qüvvələrinin bir tankeri Hörmüz boğazından müşayiət etdiyini bildirib.
Daha sonra o, bu paylaşımı silib. Ardınca Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı bildirib ki, ABŞ hələlik neft tankerlərinin boğazdan müşayiəti ilə bağlı heç bir əməliyyat keçirməyib.
Xatırladaq ki, martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru İbrahim Cabbari bəyan edib ki, dünya üzrə neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatları səbəbindən bağlana bilər.
Martın 5-də İranın xarici işlər naziri Abbas Araqçi isə bildirib ki, boğaz bağlanmayıb, sadəcə gəmilər və tankerlər hər iki tərəfin zərbələrindən ehtiyat etdikləri üçün keçməyə cəhd etmirlər.
Martın 10-da isə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri açıqlayıb ki, Hörmüz boğazı ABŞ və İsraillə əlaqəli bütün gəmilər üçün bağlanıb.
Musavat.com