EN

40 min il əvvəl möhürlənmiş mağaraya daxil olan arxeoloqlar gördüklərindən heyrətə gəlib

Cəbəllütariqdə yerləşən Vanqard mağarasına daxil olan arxeoloqlar 40 min il əvvəl möhürlənmiş bir məkanı araşdıraraq burada Yer üzündə yaşamış son neandertallara aid izlər tapıblar...

Poliqon xəbər verir ki, Dailygalaxy.com saytının yazdığına görə, tədqiqata Cəbəllütariq Milli Muzeyinin direktoru professor Klayv Finlaysonun rəhbərlik etdiyi komanda rəhbərlik edib.

Onlar mağara sisteminin arxa hissəsində yerləşən və təxminən 13 metr dərinliyə malik bir kameranı aşkar ediblər. Tədqiqatçılar içəri daxil olduqda, təxminən 40 min il əvvəl – neandertallar dövründə baş vermiş qum sürüşməsi nəticəsində hermetik şəkildə bağlanmış bir məkanla qarşılaşıblar.

Kameranın döşəməsinin ilkin araşdırması zamanı heyvan qalıqları və yırtıcıların fəaliyyəti ilə bağlı izlər aşkarlanıb. Komanda vaşaq ayaq sümüyü, xallı hiyenaya aid fəqərələr və bir quş – qrif (qartalabənzər yırtıcı) qanadına aid sümük müəyyən edib.

Lakin ən mühüm tapıntılardan biri istifadə izləri olan iri bir qarınayaqlı molyusk qabığı olub. Bu dəniz molyusku həmin dövrün sahil xəttindən xeyli uzaqda tapıldığı üçün alimlər onun qəsdən mağaraya gətirildiyini ehtimal edirlər.

Tədqiqatçılar mağaranın divarlarında "dişvari izlər" - qədim su axınının və ya heyvan caynaqlarının yaratdığı fiziki izlər də aşkar ediblər. Bu izlərin yaxınlığında isə Muster texnologiyasına uyğun daş alətlər tapılıb. Bu texnologiya əsasən neandertalların son populyasiyalarına xas hesab olunur.

Kameranın girişinə yaxın ərazidə tapılan uşağa aid süd dişi isə mağaranın ailə qrupları tərəfindən istifadə edildiyini göstərir. Neandertalların fəaliyyətinə aid layda aşkarlanan bu diş, mağaranın sadəcə müvəqqəti ov düşərgəsi deyil, daimi yaşayış məkanı olduğunu ehtimal etməyə imkan verir.

Araşdırmanın nəticələri göstərir ki, neandertallar mürəkkəb sosial davranışa və resursları idarə etmə bacarığına malik olublar. Onlar Cəbəllütariq qayasını sahil düzənliklərində hərəkət edən heyvan sürülərini izləmək üçün strateji müşahidə nöqtəsi kimi istifadə ediblər.

Dənizə yaxınlıq isə molyusklar və dəniz məməliləri vasitəsilə onlar üçün etibarlı protein mənbəyi təmin edib.

Gorham mağara kompleksi Avropada neandertalların yaşayış yerlərinin ən sıx toplandığı ərazilərdən biri olduğu üçün UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.

Ətraf ərazilərdə aparılan tədqiqatlar göstərir ki, bu populyasiya Cəbəllütariqdə Avropanın digər bölgələrinə nisbətən daha uzun müddət yaşayıb.

Alimlər hesab edirlər ki, Cəbəllütariqdə iqlim sabit qaldığı halda, Avropanın qalan hissəsi kəskin soyuq dövrə daxil olmuşdu. Məhz bu sabitlik neandertallara şimaldakı qohumları artıq yoxa çıxdıqdan sonra da uzun müddət müxtəlif heyvanları ovlamağa və bitkilər toplamağa imkan verib.

Poliqon.info

Chosen
45
12
poliqon.info

10Sources