EN

Mixay Popşoi: Azərbaycanlı investorlar Avropa bazarına çıxış üçün Moldovada istehsal qura bilərlər - MÜSAHİBƏ

Azərbaycanla Moldova arasında münasibətlər fəal şəkildə inkişaf edir və yeni səviyyəyə yüksəlir. Bu gün tərəflər təkcə siyasi əməkdaşlıq məsələlərinə deyil, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan şirkətlərinin Moldovadakı infrastruktur və enerji layihələrində iştirakına, eləcə də biznes və investisiya imkanlarının artırılmasına xüsusi diqqət yetirirlər. Ötən həftə Azərbaycana rəsmi səfər edən Moldova Baş nazirinin müavini - xarici işlər naziri Mixay Popşoi "Report"a müsahibəsində 2026-cı il üçün planlar və ikitərəfli tərəfdaşlığın perspektivləri barədə danışıb.

- Moldova ilə Azərbaycan arasında siyasi dialoqun hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? İkitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün 2026-cı ildə qarşıya hansı hədəflər qoyulub?

- İkitərəfli əməkdaşlığımız çox yüksək səviyyədədir. Ölkələrimiz - dövlət başçıları, hökumət rəhbərləri, parlamentlər, eləcə də xarici işlər nazirləri arasında sıx əlaqələr qurulub.

Bu gün (6 mart - red.) həmkarım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Xarici İşlər nazirlikləri arasında yaxın iki il üçün siyasi məsləhətləşmələr planı və gündəliyini imzaladıq. Bu, münasibətlərimizi daha texniki səviyyədə möhkəmləndirməyə və inkişaf etdirməyə imkan verəcək əsas mexanizmdir.

Bundan başqa, bu gün səhər həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də parlamentin sədri Sahibə Qafarova, həmkarım Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini, eləcə də SOCAR-ın vitse-prezidenti ilə çox məzmunlu müzakirələrimiz oldu.

Biz bu möhkəm ikitərəfli siyasi münasibətləri daha fəal iqtisadi əməkdaşlığa transformasiya etmək niyyətindəyik, çünki ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi potensialı var. Xüsusilə iqtisadi sahədə ikitərəfli münasibətlərimizin imkanlarından və potensialından tam istifadə etmək üçün fəal şəkildə çalışacağıq.

- Bu il iki ölkə arasında qurumlararası məsləhətləşmələr və yüksək səviyyəli səfərlər planlaşdırılırmı?

- Bəli, məsləhətləşmələr ikitərəfli münasibətlərin ayrılmaz hissəsidir. Artıq yüksək səviyyəli səfərlər həyata keçirilir və onların sayının daha çox olacağına ümid edirik. Xüsusilə indiki səfərimin məhsuldarlığını nəzərə alsaq, bu, ölkələrimiz arasındakı sıx əməkdaşlığı nümayiş etdirir.

Azərbaycanla Moldova arasında sıx münasibətləri nəzərə alaraq, bu dinamikanı davam etdirə biləcəyimizə əminik. Ölkələrimizin üzləşdiyi çağırışlara (Moldova Rusiya-Ukrayna müharibəsi, Azərbaycan isə İranın hücumları kontekstində) baxmayaraq, biz bu hücumları qətiyyətlə pisləyir və Azərbaycanı, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

Moldova həmişə etibarlı tərəfdaş olub və öz növbəsində, Azərbaycan Moldovanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib.

- İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının nə vaxt keçirilməsi planlaşdırılır?

- Məndə olan məlumata görə, tarix hələ təyin edilməyib, lakin iclas bu il keçiriləcək.

- Moldova mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək üçün rəsmi nümayəndə heyəti göndərməyi planlaşdırırmı? Əgər planlaşdırırsa, nümayəndə heyətinə kim başçılıq edəcək?

- Hələlik yekun qərar yoxdur, lakin Moldovaya qayıtdıqdan dərhal sonra Azərbaycanın ev sahibliyi edəcəyi bu mühüm beynəlxalq platformada ölkəmizin layiqincə təmsil olunmasını təmin etməyə çalışacağam.

- SOCAR ilə əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Azərbaycan qazının Moldovaya tədarükü sahəsində nə kimi perspektivlər var və ölkələrimiz yaxın illərdə enerji sektorunda hansı birgə layihələri reallaşdıra bilərlər?

- Şübhəsiz ki, texniki-iqtisadi qiymətləndirmənin nəticələrindən asılı olaraq qoşula biləcəyimiz bir neçə davam edən layihə var. Məsələn, hazırda üzərində iş aparılan və regionu Rumıniya və Bolqarıstanla birləşdirməli olan Qara dənizin dibindən keçən enerji kabeli layihəsi. Bu layihə bizim üçün maraqlıdır və ona qoşulma imkanlarını araşdıracağıq.

Bundan başqa, Avropa İttifaqının maliyyə dəstəyi ilə yaxın vaxtlarda Moldovada bir sıra iri infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır. Biz bərpa olunan enerji, yol tikintisi, neft terminallarının və ya strateji neft ehtiyatları anbarlarının yaradılması sahələrində irimiqyaslı layihələrin həyata keçirilməsində təcrübəsi olan Azərbaycan şirkətlərinin cəlb olunmasında çox maraqlıyıq.

Böyük potensiala malik bir sıra layihələr var və bu gün biz onları da ətraflı müzakirə etdik. Bu məsələlər bu yaxınlarda Azərbaycanda səfərdə olan həmkarım, energetika naziri Dorin Junqietu tərəfindən də qaldırılmışdı. Beləliklə, çoxsaylı təklif və təşəbbüslər üzrə son dərəcə fəal dialoq aparılır.

- Moldova Qara dənizin dibindən keçən enerji kabeli layihəsində özünün mümkün iştirak perspektivlərini necə qiymətləndirir?

- Biz bu layihəyə böyük maraq göstəririk. Onun texniki-iqtisadi qiymətləndirməsi aparıldıqdan sonra imkanlarımızın layihənin yaratdığı perspektivlərə uyğun olub-olmadığını anlaya biləcəyik.

Biz həmçinin Azərbaycan işgüzar dairələrinin Moldovadakı fəaliyyətinin genişləndirilməsində çox maraqlıyıq. Çünki ölkəmizdə xüsusilə istehsal sahəsində yeni imkanlar təkcə Azərbaycanı deyil, bütövlükdə Avropa İttifaqı bazarını hədəfləyən ixrac potensialı üçün əlverişli şərait yaradır.

Bu gün biz müxtəlif sektorlarda Avropa bazarına getdikcə daha geniş çıxış əldə edirik. Söhbət təkcə bizim üçün ənənəvi olan meyvə-tərəvəz məhsullarından deyil, həm də quşçuluq, toyuq əti, yumurta və süd məhsulları istehsalı kimi yeni istiqamətlərdən gedir.

Biz bu imkanları genişləndirməyə çalışırıq ki, Azərbaycandan olan potensial investorlar Moldovada istehsal müəssisələri qura bilsinlər. Bu, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verməklə yanaşı, həm də yüksək alıcılıq qabiliyyətinə malik olan çox böyük Avropa bazarına məhsul ixracı hesabına gəlirli biznesə çevrilə bilər.

- Moldova şirkətləri Qarabağ və Şərqi Zəngəzurda layihələr həyata keçirməyə maraq göstərirmi? Hansı sahələr daha çox maraq doğurur?

- Bu sualı Moldovanın özəl sektoruna ünvanlamaq daha yaxşı olardı. Mən özəl şirkətlər adından danışa bilmərəm. Lakin nəqliyyat, logistika və ya xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı sahəsində imkanların olduğu yerlərdə Moldova çox yüksək keyfiyyətli məhsullar təklif edə bilər. Buna görə də əgər biznes imkanları yaranarsa, Moldova biznes icması, şübhəsiz ki, onları araşdıraraq faydalana biləcək.

- Moldovanın Avropa İttifaqına üzvlük prosesinin cari vəziyyətini necə qiymətləndirirsiniz? Bu il qeyd olunan istiqamətdə hansı təşəbbüslər planlaşdırılır?

- Moldova irəliyə doğru hərəkət edir və Avropa İttifaqına üzvlük üçün müraciət etdiyi son dörd ildə əhəmiyyətli irəliləyiş əldə edib. Ötən il Avropa Komissiyasının hesabatında Moldova bütün namizəd dövlətlər arasında ən böyük irəliləyiş nümayiş etdirən ölkə kimi qeyd olunub. Bu, bizi çox qürurlandırır, eyni zamanda bu tempi qorumağımızı tələb edir.

Son nailiyyətlər arasında onu qeyd etmək olar ki, Moldova vətəndaşları Avropa İttifaqı ölkələrinə səfər edərkən rouminq xidmətinə görə ödəniş etmədikləri "Roam Like at Home" proqramından istifadə edirlər.

Bundan başqa, biz "Vahid Avro Ödəniş Zonası"na (SEPA) qoşulmuşuq, bunun nəticəsində bank köçürmələri üzrə komissiyalar əhəmiyyətli dərəcədə azalıb. Bu, ciddi stimul yaradır və işgüzar əlaqələrin inkişafını asanlaşdırır.

Həmçinin Moldova infrastrukturunun inkişafına və iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına yönəldilən 1,9 milyard avro məbləğində inkişaf və dayanıqlığa dəstək paketini də qeyd etmək lazımdır. Bu kontekstdə Azərbaycan şirkətlərinin də iştirak edə biləcəyi irimiqyaslı layihələr həyata keçiriləcək.

Biz Avropa İttifaqı ilə Moldovanın müdafiəsinin və təhlükəsizliyinin gücləndirilməsi üzərində fəal işləyirik - bu, mövcud çağırışlar fonunda əsas prioritetdir.

Beləliklə, Aİ-yə üzvlük istəklərimiz kontekstində əhəmiyyətli irəliləyiş əldə etdiyimiz bir sıra siyasi istiqamətlər mövcuddur. Bu o deməkdir ki, Moldovada getdikcə daha çox imkan yaranır və biz bu imkanları dostlarımızla bölüşməkdən məmnunuq. Məhz buna görə də biz bu təklifi Azərbaycandan olan potensial investorlara təqdim edirik.

Bununla yanaşı, biz Azərbaycandan gələn turistləri salamlamaqdan çox məmnun olarıq. Öz növbəmizdə, Moldova vətəndaşlarını Azərbaycanın gözəlliyini - onun zəngin mədəniyyətini, ənənələrini, tarixini və mətbəxini kəşf etməyə təşviq edəcəyik. Biz bu cür mübadilələri inkişaf etdirməyi böyük maraqla gözləyirik.

Chosen
23
far.az

1Sources