EN

“Azərbaycansayağı” həllə son qoymaq üçün: Professor Türkiyə təcrübəsi təklif edir

Əlilliyi olan şəxslərin hüquqlarının daha effektiv qorunması, eləcə də səhiyyə və infrastruktur sahəsində mövcud problemlərin aradan qaldırılması məsələsi yenidən gündəmə gəlib. 

Parlamentin iclasında ombudsman Səbinə Əliyeva bildirib ki, bəzi hallarda həkim-məsləhət komissiyaları tərəfindən təqdim olunan göndərişlərin natamam hesab edilməsi əlilliyin qiymətləndirilməsi prosesində çətinliklər yaradır və təyinatın gecikməsinə səbəb olur. 

O, həmçinin infrastrukturun əlçatanlığı, ictimai nəqliyyatda müyəssərliyin təmin olunması və regionlarda tibbi xidmətlərin inkişafının vacibliyini vurğulayıb. 

Əlillik təyinatı prosesində şəffaflığı artırmaq üçün hansı dəyişikliklər edilməlidir? 

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu məsələdə beynəlxalq nümünlərə əsaslanmaq lazımdır: 

“Ümumiyyətlə, əmək qabiliyyətinin itirilmə dərəcəsini müəyyən etmək üçün beynəlxalq kriteriyalar mövcuddur. Burada müvəqqəti və daimi itirilmədən söhbət gedir. Tibbdə elə travmalar və elə xəstəliklər var ki, orada situasiya aydın olmalıdır. 

Məsələn, xəstənin ayağı amputasiya olunub və ya hansısa formada abtaim xəstəliyi var ki, bu xəstəlik müalicə olunmur. Hər bir situasiyaya uyğun əlillik dərəcələrinin təyin edilmə kriteriyaları var. Beynəlxalq kriteriyalar mövcuddur və reyestrdə hansı situasiyada hansı əlillik dərəcəsi təyin edildiyi göstərilir. 

Hesab edirəm ki, bununla bağlı qardaş ölkə Türkiyənin praktikasına müraciət etmək lazımdır. Yəni oradakı praktika səmərəli şəkildə tətbiq edilə bilər. Diaqnozu həkim qoyur, xəstəxana ona möhür vurur və epikriz kağızı elektron olaraq reyestrə daxil olur. 

Orada konkret olaraq hətta bunu süni intellekt vasitəsilə həyata keçirmək olar ki, həmin kağızdakı diaqnoza əsasən xəstəyə əlillik dərəcəsi təyin edilsin”. 

Həkim qeyd edib ki, bu halda  məsuliyyət həkim və xəstəxananın üzərində olur: 

“Hər bir xəstəliyin diaqnozun qoyulma kriteriyaları mövcuddur. Əgər həmin yerdə hansısa anlaşılmazlıq ortaya çıxarsa, o, başqa bir xəstəxanada anonim şəkildə yoxlanıla bilər. Yəni bunu normal həyata keçirmək iradəsi varsa, artıq hansısa neqativ işlərə yer qalmır. 

Düşünürəm ki, bu mexanizmi Türkiyədən götürməliyik və mütləq şəkildə həll etməliyik. Əgər bu müxtəlif təkliflərlə “Azərbaycansayağı” həll olunacaqsa, orada müxtəlif hallar həmişə yer tapacaq”. 

Chosen
20
1
cebheinfo.az

2Sources