EN

Duanı yanlış oxumaq orucu pozur?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ramazan ayında iftar və imsak dualarının düzgün oxunması ilə bağlı məsələlər tez-tez müzakirə olunur və bu mövzu bir çox insan üçün maraq doğurur. Xüsusilə duaların mətnini tam və ya düzgün şəkildə oxumamağın orucun qəbuluna təsir edib-etmədiyi sual yaradır. Din alimləri bildirirlər ki, bu məsələdə niyyətin rolu və ibadətin mahiyyəti əsas meyar kimi qəbul olunur. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, orucu pozan əməllər sırasında hansısa duanı yanlış oxumaq və ya ümumiyyətlə oxumamaq kimi bir şərt yoxdur. "Dualar vacib deyil, müstəhəb xarakter daşıyır. İftar və ya imsak duasını oxumaq savab sayılır, lakin onu unudaraq və ya bilərəkdən oxumamaq oruca xələl gətirmir. İftar duasının mətni Hz. Məhəmməd Peyğəmbərdən nəql edilsə də, gündəlik istifadə olunan bir çox şablon dua mətnləri sonrakı dövrlərdə dini ənənələrə əlavə olunub. Əslində dua səmimi olmalıdır və hər kəs öz dilində, ürəyindən gəldiyi kimi dua edə bilər. Hətta uyğun olan da məhz budur. Mənasını anlamadan yalnız ərəbcə və ya farsca bəzi dua mətnlərini oxumaq dinin səmimiyyət ruhuna tam uyğun sayılmır".İlahiyyatçı bildirib ki, bununla yanaşı, oruc tutarkən bu ibadətin sırf Allah rizası üçün tutulduğunu niyyət etmək vacibdir. "Əks halda, bu ibadət sadəcə pəhriz kimi qiymətləndirilə bilər. Orucu pozan əsas əməllər isə yemək və içmək, intim əlaqə, siqaret çəkmək kimi hallardır. Bundan başqa, yalan danışmaq, böhtan atmaq, qeybət etmək və söyüş söymək kimi davranışlar da orucun mənəvi mahiyyətinə zidd sayılır. Lakin duanı yanlış oxumaq və ya başqa bir ibadəti qəzaya vermək orucu pozan hallar sırasında deyil".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
demokrat.az

1Sources