EN

Suallar çətin deyil, yalnız fərqli düşüncə tələbi yaradıb – Ekspert

9 mart 2026-cı ildə keçirilən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından sonra sualların çətinliyi ilə bağlı şagirdlər və valideynlər arasında müzakirələr genişlənib. Səsləndirilən narazılıqlar fonunda imtahan suallarının məktəb proqramına uyğunluğu və çətinlik səviyyəsinin nə dərəcədə əsaslı olması diqqət mərkəzinə çevrilib.

Təhsil eksperti Şəmsi Qocayev QHT.az-a olan açıqlamasında 9 mart tarixində keçirilən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ətrafında yaranan müzakirələrə münasibət bildirib. O, bir pedaqoq və tarix müəllimi kimi məsələni yaxından izlədiyini qeyd edib.

Ş.Qocayevin sözlərinə görə, şagirdlər və valideynlər tərəfindən imtahanlarla bağlı narazılıqlar hər il müəyyən dərəcədə səslənsə də, bu dəfə reaksiyaların daha kütləvi xarakter alması məsələyə daha dərindən yanaşmağı zəruri edir.

Şəmsi Qocayev bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan suallar, adətən, mövcud məktəb proqramından kənara çıxmır və dərsliklərdə yer almayan mövzuları əhatə etmir. Onun fikrincə, əsas məsələ sualların məzmunundan çox, təqdimat forması ilə bağlıdır. Ekspert qeyd edib ki, şagirdlər dərsliklərdəki faktları daha çox əzbərləməyə və şablon suallara cavab verməyə öyrəşdikləri halda, imtahanda onlardan bilikləri analiz etmək, məntiqi nəticə çıxarmaq və tətbiq etmək tələb olunur.

Ekspert vurğulayıb ki, məhz bu metodoloji fərq bir çox şagird üçün çətinlik yaradır və sualların proqramdan kənar olduğu təəssüratını formalaşdırır. Onun sözlərinə görə, “buradakı əsas problem sualların məzmununda deyil, onların təqdimat formasındadır.”

Ş.Qocayev bildirib ki, valideynlərin narazılığını tamamilə əsassız saymaq da doğru olmazdı. O qeyd edib ki, xüsusilə dil fənləri üzrə mətn tapşırıqlarının həcmi, dilinin mürəkkəbliyi və onların həlli üçün ayrılan vaxt arasındakı disbalans şagirdlərdə ciddi stress yaradır. Ekspert əlavə edib ki, buraxılış imtahanının eyni zamanda ali məktəbə qəbul prosesinin mühüm mərhələsi olması bu gərginliyi daha da artırır.

Şəmsi Qocayevin sözlərinə görə, imtahanın məqsədi şagirdləri bilik səviyyəsinə görə fərqləndirmək olsa da, seçim meyarları müəyyən edilərkən orta məktəb proqramının reallıqları və şagirdlərin psixoloji hazırlığı nəzərə alınmalıdır.

Ekspert hesab edir ki, imtahan nəticələri statistik şəkildə analiz edildikdən sonra sualların həqiqətən çətin olub-olmaması daha aydın müəyyən edilə bilər. O bildirib ki, “im­tahan nəticələri statistik analiz edildikdən sonra sualların həqiqətənmi qəliz, yoxsa sadəcə fərqli təfəkkür tərzi tələb etdiyi daha aydın görünəcəkdir.”

Sonda ekspert vurğulayıb ki, əsas məqsəd gəncləri yalnız test imtahanlarına hazırlaşdırmaq deyil, eyni zamanda onların analitik düşünmə bacarıqlarını inkişaf etdirməkdir.

Fatimə Nəbiyeva

Chosen
68
qht.az

1Sources