EN

Düyünün qiyməti arta bilər

İranda nəqliyyat yollarının bağlanması səbəbindən Hindistan düyüsünün idxalı dayanaraq qiymətlər 30% bahalaşıb, əhali stok yığmağa başlayıb. Bu fonda Azərbaycan Prezidentinin tapşırığı ilə bu gün İrana 6 ton düyü göndərilib. Bəs bu hadisələr Azərbaycanda düyü qiymətlərinə təsir edə bilər?İqtisadçı ekspert Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizə ümumilikdə il ərzində təxminən 60 min tona yaxın düyü idxal olunur. Bu düyünün böyük hissəsi Hindistandan gətirilir, digər hissəsi isə Pakistan, Vyetnam, Çin və Tayland kimi ölkələrin payına düşür. Digər tərəfdən, ölkədaxili istehsal da mövcuddur, lakin bu həcmlər böyük deyil: “Hesab edirəm ki, qeyd etdiyiniz məsələ bazara ciddi təsir göstərməyəcək. Hazırda ölkədə düyünün qiyməti 3–6 manat arasında dəyişir. Hindistandan düyü bizə yalnız İran vasitəsilə deyil, digər logistika və nəqliyyat imkanları vasitəsilə də idxal olunur. Düzdür, hazırda bayram dövrü olduğu üçün bəzi hallarda süni qiymət artımı müşahidə oluna bilər. Çünki bayram münasibətilə tələbat artır. Lakin hesab edirəm ki, bu istiqamətdə alternativlər də var və biz düyünü digər ölkələrdən də idxal edə bilərik. Məsələn, keçmiş MDB ölkələrindən, eləcə də Qazaxıstan, Vyetnam və Özbəkistandan da düyü idxal olunur”.E.Kərimli düyünün qiymətində artım olacağını istisna etməsə də, bunun qısamüddətli xarakter daşıyacağı qənaətindədir. “Ölkəmizdən İrana düyünün humanitar yardım kimi göndərilməsinə gəldikdə isə, bu çox cüzi həcmdə, təxminən 6 ton təşkil edir və bunun ölkədə düyü çatışmazlığına və ya qiymətlərin ciddi artımına səbəb olması gözlənilmir”, - deyə ekspert qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
3
25
metbuat.az

10Sources