EN

“Xəzər dənizinin ekoloji vəziyyəti çox ağırdır” – Sadiq Həsənov

"Xəzər dənizinin ekoloji vəziyyəti həqiqətən də çox ağırdır. Çirklənmə səviyyəsi olduqca yüksəkdir. Bu istiqamətdə Qazaxıstan və Rusiya alimlərinin apardıqları tədqiqatlar göstərir ki, son 100 ildə neft-qaz sektorunun inkişafı nəticəsində Xəzər dənizi ciddi şəkildə çirklənib. Xüsusilə son 30 il ərzində çirklənmə səviyyəsi daha da artıb. Qazaxıstanda və Rusiyada neft-qaz hasilatının genişlənməsi, həmçinin Azərbaycanda aparılan işlər dənizin çirklənmə səviyyəsinin yüksəlməsinə təsir göstərib. Əsas problemlərdən biri hasilat zamanı baş verən sızmalardır. Xüsusilə neft və karbohidrogen sızmaları, lay sularının dənizə qarışması, həmçinin daşınma prosesində baş verən qəzalar Xəzərin çirklənməsinə ciddi təsir edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Xatırladaq ki, Xəzər dənizinin ekoloji vəziyyəti son illər region ölkələri üçün ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Mütəxəssislər dənizin səviyyəsinin tədricən enməsi, sahil zonalarında baş verən dəyişikliklər və çirklənmə risklərinin artması ilə bağlı xəbərdarlıqlar edir. İqlim dəyişiklikləri, sənaye fəaliyyəti və antropogen təsirlər Xəzər ekosisteminin gələcəyi ilə bağlı narahatlıqları daha da artırır. Digər tərəfdən, dənizdə biomüxtəlifliyin qorunması, balıq ehtiyatlarının azalması və sahilyanı ərazilərin ekoloji tarazlığının pozulması kimi məsələlər də gündəmdədir. Mövcud vəziyyət Xəzərin qorunması istiqamətində region ölkələri arasında əməkdaşlığın və ekoloji nəzarətin gücləndirilməsini zəruri edir.

Ekoloq həmçinin vurğulayıb ki, gəmiçilik fəaliyyəti də Xəzər dənizində çirklənməni artıran mühüm amillərdən biridir.

"Bir çox hallarda gəmilərdə istifadə olunan yanacaq və digər tullantılar dənizin dərin hissələrinə axıdılır və bu prosesə nəzarət zəifdir. Digər mühüm problem isə Xəzərə axıdılan məişət və sənaye çirkab sularıdır. Bu suların tərkibində azot və fosforun miqdarı çox yüksəkdir. Nəticədə sahil ərazilərində eutrofikasiya – yəni yosunların həddindən artıq çoxalması prosesi baş verir. Bu zaman su “yaşıllaşır”, oksigen sərfiyyatı artır və nəticədə dənizdəki canlı aləm ciddi zərər görür. Belə hallarda balıqlar və digər canlılar məhv olur, hətta bəzi ərazilərdə “ölü zonalar” yaranır. Bu problem xüsusilə Abşeron yarımadası ətrafında daha çox müşahidə olunur. Qazaxıstan sahillərində də çirkab sularının təsiri nəticəsində oxşar vəziyyət yaranıb. Xəzər dənizinin çirklənməsi balıq ehtiyatlarının azalmasına da ciddi təsir göstərib. Məsələn, təxminən 50 il əvvəl akademik Məmməd Salmanov “Ekologiya və biz” əsərində yazırdı ki, bir dəfə balıq ovu zamanı tutulmuş balığın miqdarı o qədər çox olub ki, onu bir neçə vaqona yerləşdirmək mümkün olmayıb. Bu fakt həmin dövrdə balıq ehtiyatlarının zəngin olduğunu göstərir. Hazırda isə vəziyyət tamamilə fərqlidir. Balıq resursları kəskin şəkildə azalıb və bu azalma artıq gözlə görünəcək səviyyədədir. Bu tendensiyanın davam etməsi ciddi narahatlıq doğurur. Çünki Xəzər dənizi regiondakı beş sahilyanı ölkənin ekoloji mühitinə birbaşa təsir göstərir. Dənizin çirklənməsi, su səviyyəsinin aşağı düşməsi və bu proseslərin davam etməsi ətraf mühitə və sahilyanı ölkələrə ciddi ekoloji və iqtisadi təsirlər yarada bilər. Buna görə də Xəzəryanı dövlətlərin birgə fəaliyyət göstərməsi vacibdir. 1996-cı ildə imzalanmış konvensiya da məhz bu əməkdaşlığı nəzərdə tutur. Lakin təəssüf ki, Xəzərin su ehtiyatlarının qorunması, səviyyəsinin idarə olunması və digər ekoloji problemlərin həlli ilə bağlı ölkələr arasında effektiv əməkdaşlıq hələ də zəifdir. Mövcud vəziyyətdə bu məsələdə əsas maraqlı tərəflər Azərbaycan və Qazaxıstan hesab olunur. Rusiya və İran isə bu istiqamətdə kifayət qədər fəal mövqe nümayiş etdirmir. Nəticədə digər ölkələrin iştirakı olmadan problemin həlli istiqamətində ciddi addımlar atmaq çətinləşir".

Chosen
36
1
aznews.az

2Sources