EN

Afrikada qalan Turan Manafov, 10 il sonra eyni stadionda qəza yaşayan “Qəbələ”...

“Qəbələ” ötən gün tarixinin ən böyükhesablı məğlubiyyətini yaşadı - “Sabah”a 1:7 uduzdu. 2016-cı il sentyabrın 10-da eyni stadionda “Neftçi”ni rüsvay edən (8:0) “qırmızı-qaralar” bu dəfə rəqibin 7-ci qolundan sonra özlərinin 1-ci, oyunun 8-ci qolunu vurdu.

“Qəbələ” bütün komponentlərdə rəqibə uduzdu. Matçın startından final fitinə qədər Kaxaber Sxadadzenin əl-qolu bağlandı. İlk hissədə hücumların çoxu, qolların hamısı “Qəbələ”nin sol cinahından gəldi. İkinci qoldan sonra gürcüstanlı mütəxəssis sağ cinahda oynayan Nicatı sola çəkdi, oyuna solda başlayan Turan Manafovu Eşqin Əhmədovla əvəzlədi. Turan karyerasının bəlkə də ən bərbad 25 dəqiqəsini yaşadı. Yəqin heç Cənubi Afrika Respublikasında da belə çətinliklə üzləşməmişdi. Amma oyunun axarı dəyişmədi. Hətta daha da pis oldu.

“Bayquşlar” ilk 24 dəqiqədə 2 qol vurmuşdusa, növbəti iki qolu 24 yox, 15 dəqiqəyə sığdırdılar. İkinci hissədə də eyni ssenari davam etdi. “Sabah”ın rəqibi əfv etmək fikri yox idi. Sanki “Qarabağ”ın iki gün əvvəl “Araz-Naxçıvan”ın qapısndan 6 top keçirməsindən acıqlıydılar, daha çox qol vurmaq bacarıqlarını göstərmək istəyirdilər.

Tarixə düşən qarşılaşma, “Qəbələ” üçün faciəvi gecə oldu. Kaxaber Sxadadzenin dediyi kimi: “Faciə bu hesabla uduzmaq yox, xarakter göstərmədən uduzmaqdı”.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
85
1
football-plus.az

2Sources