EN

Zirvələrdə adrenalin və istirahətin ünvanı – Tufandağ FOTO

Qəbələ, 12 mart, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi.

Qəbələ Azərbaycanın turistlər tərəfindən ən çox ziyarət edilən rayonlarından biridir. Bura gələn yerli və xarici qonaqların əsas maraq göstərdiyi məkan isə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksidir. Kompleksin əsas üstünlüyü müasir xizək infrastrukturu və kanat xətləri üzərində qurulmuş geniş istirahət imkanlarıdır.

Böyük Qafqaz dağlarının ətəyində, Qəbələ şəhərindən təxminən 4 kilometr məsafədə yerləşən “Tufandağ” 2014-cü ildən bəri turistləri qarşılayır. Qışda ağ örpəyə bürünən, yayda isə yaşıl don geyinən yamaclar bu məkanı ilin bütün fəsillərində cazibədar edir.

Kompleks ərazisində fəaliyyət göstərən otellər qonaqlara yüksək komfort təqdim edir.

“Tufandağ”ın ən böyük cazibəsi onun xizək və kanat imkanlarıdır. Möhtəşəm mənzərə fonunda, uca dağların və sıx meşələrin qoynundan keçən kanat yolları qonaqları sanki buludlara doğru aparır. Sərt eniş-yoxuşlu və döngələrlə zəngin xizək zolaqları həm peşəkar idmançılara, həm də bu idmana yeni başlayan həvəskarlara eyni həyəcanı və zövqü yaşamaq imkanı verir.

Qış mövsümündə yamaclarda xizək və snoubord sürmək mümkündür. Tübinq, kirşə və digər qar əyləncələri ailəvi istirahəti daha da rəngarəng edir. Ümumi uzunluğu 12 kilometrdən çox olan xizək zolaqları müasir qaldırıcılarla bir-birinə bağlanır və bütün yamaclar süni qar sistemi ilə təmin olunur.

Kompleksdə ölkədə yeganə olan gecə xizəyi xidməti də var. Həftəsonları işıqlandırılan yamaclar qaranlıq düşəndən sonra belə insanlara adrenalin yaşadır.

Yay aylarında isə “Tufandağ” tamam başqa ovqat qazanır. Kanatla dağ səyahəti, kvadrosikl turları, haykinq (piyada dağ yürüşü) marşrutları və dağ yelləncəyi turistlərə Böyük Qafqazın füsunkar təbiətini yaxından hiss etdirir.

Gündəlik 3000 nəfərə xidmət etmək potensialına malik “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi bu gün Azərbaycanın ən populyar dağ turizmi ünvanlarından biri kimi mövqeyini möhkəmləndirib. Yaradılan şəraitin və göstərilən yüksək xidmətin nəticəsidir ki, hər il yerli turistlərlə yanaşı, dünyanın dörd bir yanından gələn qonaqlar bu ecazkar təbiəti, qədim Qəbələni və hündür zirvələrdə yaşanan adrenalini hiss etmək üçün məhz bu məkana üz tuturlar.

Müxbir - Rəşad Türkoğlu

Chosen
80
2
azertag.az

3Sources