EN

Yaxın Şərqdəki hərbi münaqişə fonunda Azərbaycan və Türkiyənin bölgədə artan rolu - ŞƏRH

Bakı, 12 mart, AZƏRTAC

Yaxın Şərqdə son dövrlərdə baş verən hərbi-siyasi gərginliklər regionda təhlükəsizlik mühitini və geosiyasi balansı ciddi şəkildə dəyişdirməkdədir. Bölgədə müxtəlif güclər arasında artan rəqabət həm enerji təhlükəsizliyi, həm də nəqliyyat marşrutlarının gələcəyi baxımından yeni reallıqlar formalaşdırır.

Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.

Onun sözlərinə görə, Yaxın Şərq tarixən böyük güclərin maraq dairəsində olan strateji bölgələrdən biridir. Lakin son illərdə enerji resursları, beynəlxalq ticarət yolları və təhlükəsizlik məsələləri ətrafında yaranan yeni geosiyasi reallıqlar bu regionun əhəmiyyətini daha da artırıb.

“Bu baxımdan Türkiyə və Azərbaycanın regiondakı rolu getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Türkiyə həm coğrafi mövqeyi, həm də siyasi və hərbi potensialı ilə Yaxın Şərqdə əsas aktorlardan biri hesab olunur. NATO üzvü olan Türkiyə, eyni zamanda, region ölkələri ilə tarixi, mədəni və iqtisadi əlaqələrə malikdir. Ankara son illərdə apardığı çoxşaxəli xarici siyasət sayəsində həm diplomatik platformalarda, həm də regional təhlükəsizlik məsələlərində mühüm rol oynayır. Türkiyənin müdafiə sənayesində əldə etdiyi texnoloji nailiyyətlər və artan hərbi potensialı onun regional təsir imkanlarını daha da gücləndirib.

Azərbaycan da son illərdə regionda strateji əhəmiyyətə malik dövlətlərdən birinə çevrilib. “Cənubi Qafqazın əsas siyasi və iqtisadi aktorlarından biri olan Azərbaycan enerji və nəqliyyat layihələri vasitəsilə Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır. Xüsusilə enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəmdə ön plana çıxdığı bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənib. Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələri Avropa bazarlarının şaxələndirilməsində mühüm rol oynayır. Eyni zamanda ölkənin tranzit imkanları və logistika potensialı regionun iqtisadi inteqrasiyasına ciddi töhfə verir. Bu baxımdan Bakı yalnız enerji ixrac edən ölkə deyil, həm də Avrasiya məkanında mühüm nəqliyyat qovşağı kimi çıxış edir”, - deyə o vurğulayıb.

Bilal Dündar bildirib ki, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi məsələsi Yaxın Şərqdəki münaqişələr fonunda daha da aktuallaşıb. Bu baxımdan Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyəti Avropa ilə Asiya arasında alternativ və təhlükəsiz ticarət yollarının formalaşmasına mühüm töhfə verir. Regionda yaranan yeni geosiyasi şərait Bakı və Ankaranın bu sahədəki rolunu daha da artırır: “Bu kontekstdə Azərbaycanın enerji siyasəti və Türkiyənin tranzit imkanları Avropa və digər regionlar üçün strateji əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycanın ortaq siyasi iradəsi regionda sabitliyin qorunmasına yönəlmiş balanslı və praqmatik siyasətin formalaşmasına imkan yaradır. Bu yanaşma yalnız siyasi və təhlükəsizlik məsələlərində deyil, həm də iqtisadi əməkdaşlıq və regional inkişaf baxımından mühüm nəticələr doğurur”.

Bilal Dündar qeyd edib ki, qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi indiki mərhələdə Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynamağa davam edəcək. Onun sözlərinə görə, iki qardaş ölkənin birgə fəaliyyəti yalnız region üçün deyil, bütövlükdə Avrasiya məkanında yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşmasına da mühüm töhfə verir.

Chosen
25
1
azertag.az

2Sources