EN

İcra hakimiyyətləri ləğv edilə bilər – Kütləvi ixtisarlardan sonra…

Son dövrlər Azərbaycanda rayon icra hakimiyyətlərində aparılan struktur dəyişiklikləri və kadr ixtisarları diqqət çəkir.

Göyçay Rayon İcra Hakimiyyətində həyata keçirilən son qərara əsasən, ümumilikdə 31 vəzifə ləğv edilib.

Rayon icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin vəzifələrdə çalışan əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına daxil ediliblər. Məlumata görə, vəzifəsi ləğv edilən şəxslərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə müavin və baş məsləhətçi–baş mühasib vəzifələrində çalışan əməkdaşlar olub. Digər şəxslər isə rayon icra hakimiyyətinin müxtəlif strukturlarında fəaliyyət göstərən əməkdaşlardır. Bildirilir ki, vəzifəsini itirən şəxslərdən 4 nəfər sonradan icra hakimiyyəti və onun tabeliyində olan qurumlarda başqa vəzifələrə təyin edilsə də, hazırda 27 nəfər faktiki olaraq işsiz qalıb.

Qeyd edək ki, bu, son dövrlərdə icra hakimiyyətlərində aparılan ilk ixtisar deyil.

Bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətində 14 əməkdaş, Tovuz Rayon İcra Hakimiyyətində 43 əməkdaş, Cəlilabad Rayon İcra Hakimiyyətində 38 əməkdaş, Quba Rayon İcra Hakimiyyətində isə 36 əməkdaş vəzifəsindən azad edilib.

Bu ardıcıl qərarlar cəmiyyətdə suallar doğurur: rayon icra hakimiyyətlərinin maliyyə vəziyyəti çətinləşib, yoxsa ölkədə idarəetmə sistemində daha genişmiqyaslı islahatlar həyata keçirilir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Cavanşir Abbaslı bildirib ki, son illər Azərbaycanda dövlət idarəetmə sisteminin optimallaşdırılması istiqamətində müəyyən addımlar atılır və rayon icra hakimiyyətlərində baş verən kadr ixtisarları da bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Cavanşir Abbaslı

Onun sözlərinə görə, dövlət strukturlarında paralel və ya funksional baxımdan artıq hesab edilən vəzifələrin ləğv edilməsi həm idarəetmənin səmərəliliyini artırmaq, həm də büdcə xərclərini optimallaşdırmaq məqsədi daşıyır:

“Xüsusilə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə müavin və digər köməkçi vəzifələrin ixtisara düşməsi uzun müddətdir müzakirə olunan idarəetmə modelinin sadələşdirilməsi istiqamətində atılan addımlar kimi görünür. Texnologiyaların inkişafı, elektron xidmətlərin genişlənməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin güclənməsi bir sıra vəzifələrin əvvəlki qədər zəruri olmamasına gətirib çıxarıb”.

Cavanşir Abbaslı hesab edir ki, bu proses yalnız maliyyə çətinliyi ilə izah oluna bilməz. Onun sözlərinə görə, dövlət büdcəsinin icra hakimiyyətlərinin fəaliyyətini təmin etmək üçün kifayət qədər resursu var:

“Lakin idarəetmə sistemində daha çevik modelə keçid məqsədilə struktur optimallaşdırılması aparılır. Son illərdə müxtəlif dövlət qurumlarında da analoji islahatların həyata keçirilməsi bu istiqamətdə vahid strategiyanın mövcud olduğunu göstərir. Bu dəyişikliklər bəzən rayon icra hakimiyyətlərinin gələcəkdə tamamilə ləğv ediləcəyi barədə müzakirələri də gündəmə gətirir. Hazırkı mərhələdə icra hakimiyyətlərinin birdən-birə ləğv ediləcəyini demək çətindir. Lakin idarəetmə modelində müəyyən dəyişikliklərin baş verməsi mümkündür. Gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi və yerli özünüidarəetmə institutlarının gücləndirilməsi kimi addımlar atıla bilər”.

Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkəsində yerli idarəetmə bələdiyyələr və seçkili strukturlar vasitəsilə həyata keçirilir və mərkəzi hakimiyyət daha çox koordinasiya və nəzarət funksiyasını yerinə yetirir:

“Azərbaycanda da zamanla bu istiqamətdə müəyyən dəyişikliklərin aparılması mümkündür, lakin bu, mərhələli şəkildə və hüquqi baza formalaşdırıldıqdan sonra həyata keçirilə bilər.

Hazırda baş verən ixtisarlar daha çox idarəetmə aparatının yığcamlaşdırılması və funksiyaların optimallaşdırılması ilə bağlıdır. Dövlət strukturlarının daha effektiv işləməsi üçün paralel vəzifələrin aradan qaldırılması, qərarvermə mexanizmlərinin sadələşdirilməsi və elektron idarəetmənin genişləndirilməsi kimi addımlar qaçılmazdır”.

Tunar 

NOCOMMENT.az 

Chosen
22
nocomment.az

1Sources